Yumurtanın qiyməti 30 qəpikdən 15 qəpiyə endirildi
Ölkə daxilində istehsal olunan məhsulların qiyməti bəzi hallarda əsassız və süni şəkildə artırılır”
Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə yumurtanın qiymətinin kəskin artmasına diqqət çəkib: “Mən göstəriş verdim ki, araşdırsınlar. Biz özümüzü yumurta ilə təmin edirik. Yumurta Azərbaycanda istehsal edilir, demək olar ki, idxal olunmur. Onda nə üçün qısa müddət ərzində yumurtanın qiyməti bir neçə dəfə qalxdı? İndi iyirmi qəpikdən artıqdır. Bunu kim edir? Araşdırırıq bu məsələni. Burada sırf inhisarçılıq, istehsal sahəsində inhisarçılıq var. Buna dünyada “Kartel sövdələşməsi” deyirlər. Bu, sırf “Kartel sövdələşməsi”nin təzahürüdür. Mən dərhal göstəriş verdim ki, yumurtanın qiymətini süni şəkildə şişirdənlər məsuliyyətə, cinayət məsuliyyətinə cəlb olunsunlar. Cinayət işi açılıb və bunu edənlər cəzasını alacaqlar”.
Prezidentin göstərişindən dərhal sonra İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ərzaq məhsullarının qiymətlərinin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə keçirdiyi monitorinqlərin nəticəsini açıqlayıb.
Yerli müəssisələr tərəfindən istehsal olunan qənnadı və kolbasa məmulatlarının qiymətlərində 5%-dək, toyuq ətinin qiymətində 15%-dək, toyuq yumurtasının qiymətində isə 30%-dək ucuzlaşma qeydə alınıb.
Simsar.az saytının əməkdaşı Yasamal rayonu ərazisində yerləşən bəzi marketlərdə yumurtanın hazırki qiymətini öyrənib. Məlum olub ki, dünən 30 qəpiyə satılan kənd yumurtası 20 qəpiyə, broyler yumurtası isə 25 qəpikdən 15 qəpiyə endirilib.
Vasif