Çeçen mücahidlərinin lideri Doku Umarovun müdhiş bəyanatının qarşılığında Rusiya susur
Çeçen mücahidlərinin lideri Doku Umarovun yeni videomüraciəti yayımlanıb. Umarov videomüraciətində Rusiyada dinc insanları öldürməyin də icazəli olduğunu deyib. Rusiya tərəfi Doku Umarovun bu dəfəki bəyanatına hələ ki, şərh verməyib.
Bir neçə islamçı saytda yayımlanan videomüraciətdə çeçen silahlılarının lideri Doku Umarov bütün Rusiya müsəlmanlarını müqəddəs müharibə -cihada dəvət edib.
"Cihad İslamın ən böyük əməllərindən biridir və hazırkı şəraitdə bu hər bir müsəlman üçün vacibdir. Bu gün artıq yaz fəsli daxil olub, mən sizdən cihada başlamağı xahiş edirəm. Rusiya Şimali Qafqazda hərbi əməliyyatlara birinci başlayıb. Mən sizi elə onların ərazilərində, əliniz çatan hər yerdə, cəbhə yaratmağa çağırıram. Bu mənada dinc insanların da öldürülməsi qəbulediləndir".
Qeyd edək ki, 8 dəqiqəlik videomüraciət meşələrin birində edilib və Umarovun yanında iki silahlı da var. Xatırladaq ki, onun sonuncu videomüraciəti Domodedovo hava limanında törədilmiş terror aktından iki həftə sonra yayılıb. Həmin videomüraciətində Umarov terror aktını "xüsusi əməliyyat" adlandıraraq analoji aksiyaların gələcəkdə də davam edəcəyinə söz verib.