O, Azərbacanın ilk özəl informasiya agentliyinin təsisçisidir. Uşaqlıq vaxtlarında tarixçi, hüquqçu olmaq istəyib. Musiqiyə, hərbiyə maraq göstərib. Əvvəllər jurnalist olmaq fikrinin olmadığını desə də, bugün bir çox jurnalistə nümunə olacaq xüsusiyyətlərə sahibdir. "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Jurnalistin ömrü” rubrukasında həyat yolundan danışır...
“Məktəbdə də hər gün gözləyirdilər ki, mən yeni nə isə gətirəcəm”
1957-ci ildə oktyabrın 26-da anadan olmuşam. Uşaqlıqda bağçaya gedirdim. Balaca şortik, panamka, günəş – həmişə bunlar gözümün qarşısındadır. Böyük avtobuslarda parka, dənizə gedərdik. Sürücü “dyadya” Visya qonşumuz idi. Uşaqları bağçadan götürüb dənizə aparardı. Ən sevimli vaxtlar idi dənizdə çimmək. Yadımdadır, uşaqlıqda ən çox nadı – balıq piyini sevməzdim.
Məktəbə gedəndə hələ səkkiz yaşım tamam olmamışdı. Stalin vaxtında tikilən 234 saylı məktəbdə rus dilində dərs alırdım. Məktəbdə müəllimlərimiz yaxşı idi. Leninqraddan blokada vaxtı Azərbaycana köçürülən müəllimlər bizə dərs deyirdi.
Ən çox tarix fənnini sevirdim. Dərsdən əlavə tarixə aid başqa kitablar da tapıb oxuyurdum. Ədəbiyyatı da xoşlayırdım. Məktəbdə dördüncü sinifdən başlayaraq şeirlər, poemalar yazırdım. Demək olar ki, səkkizinci sinfə qədər hər gün yazdıqlarımı sinifdə oxuyurdum. Məktəbdə də hər gün gözləyirdilər ki, mən yeni nə isə gətirəcəm.
Amma riyaziyyatdan xoşum gəlməzdi. Ümumiyyətlə, məndə humanitar fənnlərə sevgi var idi. Məktəb vaxtlarında tarixçi, arxeoloq olmaq istəmişəm. Qədim dövrlər, otra əsrlər məni çox maraqlandırırdı. O dövrü daha çox öyrənmək həvəsindəydim. O dövrlərdə müəyyən təmizlik, şərəf və ləyaqət kodeksləri görürdüm, bunlar da mənə xoş gəlirdi. Uşaqlıqdan bu məsələlərə belə yanaşmışam.
“Atam axşamlar işlədiyimi biləndə mənə bir sillə vurdu”
Səkizinci sinifdə məktəbdən getmək qərarına gəldim. Artıq məktəb mənim üçün o qədər də maraqlı deyildi. Fikirləşirdim ki, şəhər peşə məktəbinə gedim.
Musiqi məktəbində təhsil almasam da həmin vaxtlar musiqiylə də fəal məşqul olmağa başladım. Yaratdığım ansamblda rəhbərlik edirdim. Sonra başqa bir musiqi qrupuna da dəvət etdilər. Beləliklə, eyni vaxtda iki ansambla rəhbərlik ediridim. Çıxış etdiyimiz konsert proqramlarında öz bəstələrimizi, mahnılarımızı ifa edirdik. Mən bas qitarada çalırdım, başqa alətlərdə də ifa etməyi bacarırdım.
1975-ci ildə Moskva Satira Teatrının aktrisası Zoya Zelinskaya, Bakıya, bizim məşq etdiyimiz sanatoriayaya gəlmişdi və orda dostlaşdıq. Bizimlə çox adam dost olmaq istəyirdi, çünki şən uşaqlar idik. Bizim məşqlərimizə baxdı. Əri də “Kultura” qəzetinin beynəlxalq şöbəsinin müdiri idi, şəkillərimizi çəkdi. Çıxışımızı çox bəyəndilər, əsərləri onların gözlərinin qarşısında yaradırdıq və görürdülər ki, biz notsuz necə çalırıq.
Uşaqlıqda atam həmişə deyərdi ki, sən oxumalısan, buna savadın çatır. O deyərdi: “Lap süpürgəçi ol, amma mütəxəssis ol. Bunu yadda saxlasan bu dünyada hörmətin olacaq”. Ona görə hara gedirdim çalışırdım ki, o işi mükəmməl görüm.
Mən uşqlıqda hərbiçi olmaq istəmişəm. Valideynlərimsə, hər dəfə məni aldadırdılar ki, bu il olmaz gələn il və beləcə illər gedirdi.
Məktəbdən ayrılıb peşə məktəbinə gedəndə məni “voenkomata” çağırdılar. “Voenkom” rus dilində olan kitabı uzadıb oxumağımı istədi. Mən də rahatca oxudum. Dedilər ki, biz istəyirik səni Naxçıvanski adına hərbi məktəbinə göndərək. Bu zamanda ki mən musiqiylə məşğul olmağa başalamışdım, artıq peşə seçimində hərbiçi olmaqdan imtina etdim.
Buzovnada peşə məktəbində oxudum. 16 yaşında qaz-aparat zavoduna işə düzəldim, axşamlar orda işləməyə başaldım. Çox çətin iş idi. Atam axşamlar işlədiyimi biləndə mənə bir sillə vurdu, halbuki, məni heç vaxt vurmamışdı. Mən özüm bu çətinliyi seçmişdim. Özümü həyata daha tez hazırlamağa çalışırdım. Daha çox təcrübə qazanmaq, həyatı öyrənmək və müstəqil olmaq istəyirdim...
“Çəpərdən keçidim, çünki qapıdan çıxsaydım tutacaqdılar”
1976-ci ildə əsgər getdim. İki il artileriyada xidmət etdim. Gürcüstanda Tibilisi serjant-çavuşlar məktəbini bitirdim. Bir dəfə artileriya qoşunları komandirinin müavini yoxlanışa gəlmişdi. Bütün diviziyaları düzdü, atışma gedirdi. O qədər gözəl atdıq ki, ömründə heç vaxt belə atışma nümayişi görmədiyini bildirdi. O, öz papağını çıxartdı və bütün hərbi hissələrə komanda verdi ki, mənə baş əysinlər.
O zaman 7 noyabr bayramında heç kim evə buraxılmırdı. Komandir və noçalnik çağırıb dedi ki, sən bayramı evdə keçirəcəksən. 4 noyabrda mənə hərbi bilet verdilər. Amma tapşırdılar ki, çəpərdən keçim, çünki qapıdan çıxsaydım tutacaqdılar. Mən də səhər saat 5-də çəpərdən tullanıb evə getdim.
Əsgərlikdən qayıdandan sonra zavodda işləmişəm. Hərbi texnika istehsal edirdik. İşlədiyim iki ayda yeni texnologiyalar, alətlər tədbiq etdim. Yaxşı maaş alırdım, amma bu iş də mənə darısqal, sıxıcı gəlirdi. 1982-ci ildə bu işdən də getdim.
“Məni Moskvaya, jurnalistika fakültəsinə oxumağa göndərdilər”
Universitetdə hüquq fakültəsində oxumağı qərarlaşdırdım. İmtahandan keçdim, amma gördüm ki, adım siyahıda yoxdur. Dekanın yanına məsələni aydınlaşdırmağa gedəndə dedi ki, anan dükanda işləyir (anam ərzaq dükanında şöbə müdiri idi), əmr var ki, hüquq fakültəsinə olmaz. Mən deyəndə ki, şikayət edəcəm onlar biraz çəkindilər. Filologiya fakültəsində oxumağı təklif etdilər. Dekan, bir ildən sonra hüquq fakültəsinə keçəcəyimə söz verdi. Bir ildən sonra gəldim, dedilər ki, əmr olunub, fakültəni dəyişmək olmaz.
Filologiyada təhsilimə davam etdirdim. O vaxtlar artıq musiqi ansamblımız dağılmışdı. Yayda xilasedici işləyirdim, qışda isə qarolçu.
Üçüncü kursu bitirəndə artıq universitet də mənə maraqlı deyildi. Keçilənləri kifayət qədər yaxşı bilirdim. Fikirləşirdim ki, dördüncü kursu bitirib nə edəcəyəm? Müəllim işləməkmi? Yox, məndən müəllim olmaz. Təklif gəldi ki, KQB-də işləyim. Maraqlı iş idi. Həm onların işini izləyirdim, həm də analitik düşünmək, təhlil etmək mənə maraqlı gəlirdi. Ora işə düzələndən sonra, məni KQB-nin ali məktəbinə yollayacaqdılar. Onu da bitirəndən sonra zabit olacaqdım.
Qiyabi şöbəyə keçmək üçün ərizə yazmaq istəyəndə, dekan dedi ki, səni Moskvaya jurnalistika fakültəsinə oxumağa göndəririk. Təəccübləndim, getmək istəmirdim, axı, mənim belə planlarım yox idi. Hər dəfə soruşurdu ki, ərizəni yazdın ya yox. Valideynlərim də Moskavaya oxumağa getməyimi məsləhət gördülər. Beləcə, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə oxumağa getdim. Jurnalist fəaliyyətim də tam təsadüfü bir halda burdan başladı.
İlk qanararımı – 8 rubl, tələbə vaxtı “Bakinski raboçi” qəzetində işləyəndə almışam.
Hər il Almaniyaya, Ploşaya, Macarıstana getmək təklifləri olurdu. Mənsə hər dəfə Bakını seçirdim. Çünki, təhsilimi bitirəndən sonra burada işləmək fikrim vardı. Buranın mühitini öyrənməyə çalışırdım.
Orda da yaxşı oxuyurdum. Universiteti bitirəndə məni aspiranturada saxlamaq istədilər. O zaman Azərbaycanda yenidənqurma başlamışdı və mən Vətənimə xidmət etmək istəyirdim. Demokratik dövlətimiz olacağı ümidiylə Bakıya gəldim.
“Bir aydan sonra "Molodyoj Azerbaycana" qəzetinin tam ştatlı jurnalisti oldum”
Bildim ki, işləyə biləcəyim yeganə kollektiv Nəcəf Nəcəfzadənin "Molodyoj Azerbaycana" qəzetinin redaksiyasıdır. N.Nəcəfzadə jurnalistləri işə qəbul etməzdən əvvəl araşdırırdı. Dedi ki, bir yazı gətirim. Mənim də yazıçı Çingiz Hüseynovla müsahibəm vardı, onu verdim baxmağa. Üç gündən sonra yanına çağırdı, yazımı bəyəndiyini bildirdi və məni ştatdan kənar işə götürdü. Bir aydan sonra "Molodyoj Azerbaycana" qəzetinin tam ştatlı jurnalisti oldum.
Mənə həmişə şikayətləri, qəliz məsələləri araşdırmaq tapşırılırdı. Redaktor bilirdi ki, düzgün, obyektiv təhqiqat aparacam.
1989-cu ildə Nəcəf bəy qəzetdən ayrılandan sonra mən də ordan çıxdım. Publisitik yazılar yazırdım, informasiya üslübunu tam qavramaq üçün "Azərinform" Dövlət Agentliyində işə düzəldim. Orada da prablemli məsələlər üzrə müxbir oldum.
20 yanvar hadisələrində bizi işdən kənarlaşdırıdılar. Redaksiyada TASS-ın və KQB-nin nümüyəndələri işləyirdilər. Mən ərizə yazıb işdən çıxdım.
"Xazar" jurnalının redaktoru Arif Əliyev məni məsul katib işləməyə dəvət etdi. Hələ tələbə vaxtı hər gün dərsdən gələndə qaralamada “İzvestiya”, “Pravda” qəzetlərinin maketini məşq üçün yenidən hazırlayırdım. Bu məşqlərin sayəsində maket hazırlama işini yaxşı öyrənmişdim. "Xazar" jurnalı da qısa müddətdə buraxılışa iki ay əvvəldən hazır olurdu.
“Getmirəm, çünki “Turan”a ehtiyac var”
"Turan" İnformasiya Agentliyi 1990-cı ildə mayın 5-də fəaliyyətə başaladı. Artıq sentyabrın 1-dən “Azadlıq” qəzetində “Turan” olaraq informasiayalarımız dərc olunurdu.
Yerli qəzetlərin hər biri eksklüziv – yalnız onlara məlumat ötürməyimizi istəyirdilər. Agentliyin ilk işçiləri Rövşən Əliyev, Qəbahətdin Qəzi iki aydan sonra “Azadlıq” qəzetinə keçdilər. Bundan sonra xarici informasiya agentlikləri ilə işləməyə başladıq. Büroları Moskvada yerləşən informasiya agentlikləri ilə əlaqə yaratdıq. Onlara özüm zəng edib ən mühim siyasi xəbərləri verirdim. “Azərinform”da Rayski adlı mühəndis varıdı, ona xahiş emişdim, bizə üç köhnə teliksdən bir teliks yığmışdı.
“Associated Press”, “Reuters”, “Frans Press” və başqa informasiya agentliklərinə məlumat ötürürdük. Rus tekstlərini latın qrafikası ilə oxumaq çətinlik yaratdığından, biz faks aparatı ilə məlumatları ötürməyə başaladıq. Moskvadakı işçimizə komputer aldıqdan sonra məlumatları elektron poçtla kompyuterə yollayırdıq. O da faks modemlə yerli informasiya bölmələrinə ötürürdü.
1991-ci ildə agentliyin maddi vəziyyəti yaxşı deyildi, artıq bağlanma ərəfəsindəydi. Moskvadan maddi yardım gəldi və “Turan” yenidən fəaliyyətə başladı.
Biz heç bir maddi dəstəyimiz olmadan “Turan”ı özümüz təsis etdik. İndiyə qədər bizə qarşı həmişə ədalətsiz rəqabət olub. Birinci gündən çox çətinlik çəkmişik. Mən o vaxtlar özümə söz vermişdim ki, “Turan” 10 il bu bazarda qalsa, mən öz missiyamı yerinə yetirmiş hesab edəcəm və mediyadan gedəcəm. 20 ildir “Turan” fəaliyyət göstərir. Azərbaycanda sözünü deyə bilən az sayda müstəqil media var. Getmirəm, çünki görürəm ki, “Turan”a ehtiyac var.
“Turan” həmişə sıxıntıda olub. Biz pulumuzu yalnız abunədən qazanırıq, qrantlar alırıq. Başqa gəlir mənbəyimiz yoxdur. Agentlik xüsusi xəbərlərə işləyir. Bizdə maliyyə xəbərləri, enerji məsələləri, telekommunikasiya sahəsi üzrə çalışan jurnalsistlərimiz var. Bizim həmişə ictimaiyyətə çıxmaq probemimiz olub, çünki bunu etməyə pulumuz yoxdur.
“Qızımla səmimiyəm”
Yoldaşım evdar xanımdır. Qızımın 13 yaşı var. 7-ci sinifdə oxuyur. Dəcəldi bir az, bir qədər oğlan hərəkətləri də var. Qızımı çox istəyirəm. Çalışıram hər bazar günü onunla bir yerdə harasa gəzməyə çıxaq. Dostuq, qızımla səmimiyəm.
“Jurnalist üçün hər şeydən öndə həqiqət dayanır”
Gündəlik medianı az oxuyuram. Çünki orda yazılanlar əksərən dedi-qodudur. Mənim üçün bunlar, o qədər də maraqlı deyil. Bundan əlavə yazıların üslubu bir-birinə bənzəyir. İndiki qəzetlərdə janr rəngarəngliyi yoxdur. Daha çox informasiyalar, korrespondensiyalar dərc olunur. Həcmi böyük, lakin hansı tip yazı olduğu anlaşılamayan məqalələr çoxluq təşkil edir. Reportajlar bizdə, demək olar ki, yox dərəcəsindədir, xülasələr çox zəifdir, müsahibə janrının növləri işlənmir.
Sovet dövründə biz xəbərləri sətirarası oxuyurduq, yəni ideoloji pərdəni bir kənara atıb təhlil edəndə maraqlı prosesləri izləmək olurdu. Xarici mətbuatda dərc olunan xəbərlərin tərcümələrini oxuyub görürdüm ki, onların üslubuları başqadı. Mən həmişə sətirarxası həqiqəti axtarmışam.
Jurnalist birinci növbədə haqqa xidmət etməli, insanlara həqiqəti çatdırmalıdır. Jurnalist üçün hər şeydən öndə həqiqət dayanır. Bu məsələyə çox həssas yanaşıram.
Jurnalistika iqtisadi baxımdan heç kimdən aslılı olmamalıdır. BBC, CNN standartlarına çata bilmək üçün peşəkar olmaq lazımdır. Real rəqabət olmazsa, jurnalistlərin fəaliyyəti məhdudlaşdırılarsa professional olmaq da çətinləşər.
Arifə Mikayılova