BDU-nun «vurulan» müəllimləri «aydan arı, sudan duru» olduqlarını deyirlər
Kamil Səlimov: «Mənə verilən xəbərdarlıq hansısa korrupsiya faktı ilə bağlı deyil»
Firudin Səməndərov: «Mənə yaraşmaz ki, qalxam unuversitetin üstündən özümü atam öldürəm»
Bakı Dövlət Universitetində (BDU) cəzalandırılan rəhbər şəxslərin rektorun qərarına açıq və kəskin etiraz edəcəklərini bildirmişdik.
Vəzifələrindən azad edilən hüquq fakültəsinin dekanı professor Firudin Səməndərov, kadrlar şöbəsinin rəisi Rüstəm Əhmədov, Beynəlxalq xüsusi və Avropa hüququ kafedrasının müdiri Sədiyar Zeynalov, Mülki hüquq kafedrasının müdiri Rəisə Dünyamalıyeva,
Kriminalistika kafedrasının müdiri, professor Kamil Səlimov
hər il yüzlərlə tələbəyə hüquq təhsili verir, neçə-neçə hüquqşünas
cəzalandırılan bu müəllimlərdən dərs alıb.
Onların cəzalandırılması mətbuatın diqqətinə həm də bu səbəbdən cəlb edib.
K.Səlimov Simsar.az-a açıqlamasında cəzalandırılmasına belə münasibət bildirib: «Mənə verilən xəbərdarlıq hansısa korrupsiya faktı ilə bağlı deyil. Bu sırf texniki məsələdir. İndi olur da, işə 5 dəqiqə gecikirsən, davamiyyəti pozursan... Rektor da bunları nəzərə alıb, sonuncu dəfə mənə xəbərdarlıq etdi. Çalışacam davamiyyətə riayət edim, özümü doğruldum».
Hüquq fakültəsinin dekanı professor Firudin Səməndərov
isə Azadlıq radiosuna açıqlamasında bildirib ki, universitet rəhbərliyinin onunla bağlı qərarı barəsində rəy bildirmək istəmir: «Mən universitetin müəllimiyəm, amma mətbuatın bunu korrupsiya ilə əlaqələndirməsi ilə də qətiyyən razı deyiləm. Heç kəs deyə bilməz ki, ona qarşı təmənnalı yanaşmışam. Mən adını təmiz qoruyub saxlayan yeganə adamlardanam və bununla fəxr edirəm. Məlumatı mətbuata bu şəkildə ötürənlər məni istəməyənlərdir».
F.Səməndərov qeyd edib ki, onu korrupsiyada ittiham etmək mümkün deyil: «Bir az əvvəl auditoriyada idim. Dərsin başa çatmasına az qalmış tələbələrdən biri ayağa qalxıb dedi ki, Firudin müəllim, biz mətbuatda gedən söz-söhbətlərə inanmırıq. Siz müqəddəs adamsınız və biz sizi sevirik». Məni auditoriyadan gurultulu alqışlarla yola saldılar.
Axı kimə nə etmişəm ki? Ömrüm boyu müqəddəs pedaqoq olmuşam. Tərbiyyəçi pedaqoq olmuşam. Rüşvətxor olmamışam. Heç vaxt mənim boğazımdan rüşvət keçməyib. Nəinki boğazımdan, heç xəyalımdan keçməyib. Üzr istəyirəm, mən pul yığan olsaydım, belə dilənçi vəziyyətində yaşamazdım. Nə isə... Mənəvi cəhətdən çox ağrılı bir şeydir. Mənə yaraşmaz ki, qalxam unuversitetin üstündən özümü atam öldürəm. Çox xətrimə dəyildi. Universitetin rəhbərliyi də xətrimə dəydi. Axı məni tanıyırlar. Nə isə..
Fakültə dekanı islahat qurbanı olması faktını qəbul etmək istəmir: «Üzr istəyirəm, islahat bir qədər dərindən başlamalıdır. Bu qara camaat elə həmişə döyüləndi də. Rüşvətdən. korrupsiyadan söhbət gedirsə, bu, ancaq yuxarıda oturan vəzifəli şəxsllərlə bağlı masələdir. Hər şeyi qara camaata bağlamaq düzgün deyil»
RUSLAN