SƏFİRLƏR MUXTAR RESPUBLİKA RƏHBƏRLİYİNİN MÜNASİBƏTİNDƏN RAZI QALIB, ORADA TƏZYİQLƏRƏ MƏRUZ QALANLAR İSƏ ŞÜBHƏ EDİR
Zaman – zaman Naxçıvan Muxtar Respublikasına səfər edən həm yerli, həm də beynəlxalq təşkilat nümayəndələrinə bu diyarda informasiya almaqla bağlı problemlər yaradılırdı. Muxtar Respublikaya səfər edən jurnalistlərə və QHT rəhbərlərinə təzyiqlər olurdu, beynəlxalq təşkilat nümayəndələrinin Naxçıvana səfərinə isə çox az halarda icazə verilirdi.
Avropa Birliyinə üzv ola ölkələrin səfirlərinin Naxçıvana səfəri və orada keçirdikləri görüşlərdən aldıqları təssüratlar belə fikir formlaşdırır ki, vəziyyət müsbətə doğru dəyişir.
Avropa Birliyinə üzv ölkələrin səfirləri Naxçıvan səfərindən razıdırlar
Fevralın 21-22-də Avstriya, Belçika, Bolqarıstan, Çex Respublikası, Almaniya, Fransa, İtaliya, Latviya, Litva, Hollandiya və Avropa İttifaqı Nümayəndəliyinin səfir və nümayəndələri Naxçıvan Muxtar Respublikasına rəsmi səfər ediblər. Səfər zamanı AB-ya üzv ölkələrin səfirləri Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, daxili işlər naziri, ədliyyə naziri, iqtisadi inkişaf naziri, xarici işlər nazirliyinin nümayəndələri, ombudsman, eləcə də müxtəlif sahələrdən olan Qeyri-Hökumət Təşkilatları və siyasi partiyalarla görüş keçiriblər.
Naxçıvanla olan əlaqələrin bütün aspektlərini müzakirə etmək, Şərq Tərəfdaşlığı kontekstində gələcək əməkdaşlıq sahələrini qiymətləndirmək və daha yaxşı qarşılıqlı anlaşmaya töhfə etmək fürsəti yaranıb.
24 saatdan artıq davam edən səfər müddətində yüksək hakimiyyət dairələri Avropa Birliyini əmin ediblər ki, AB-ya üzv ölkələrin əməkdaşlarının Naxçıvana gəlişlərində hər zaman səmimiyyətlə qarşılanacaqlar.
Doğrudanmı Naxçıvanda yerli və xarici nümayəndələrə qarşı münasibətdə yumşalma prosesi başlayıb? “Ekstrimal Jurnalistika Məktəbi”nin sədri, “Ayna” qəzetinin müxbiri İdrak Abbasov, hüquqşünas Rəsul Cəfərov Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğluyla bu məqama aydınlıq gətirməyə çalışdıq. Hər üç şəxs Naxşıvan MR-ə səfərlərində təzyiq və təqiblərlə üzləşiblər.
İdrak Abbasov: “Orada fəaliyyət göstərən jurnalistlərə bu gün də təzyiqlər var, həmin jurnalistlərin qohumları, yaxınları qorxularından onları danışdırmır”
- Avropa Birliyinə üzv ölkələrin səfirlərinə belə deyilməsi və onların bu cür qarşılanması iki səbəbdən ola bilər. Birincisi, bu, diplomatik jestdi, ikincisi isə yəqin Vasif Talıbovun özünə bununla bağlı göstəriş verilib. Ərəb ölkələrində baş verən hadisələrin təsirindən də ola bilər. Amma acınacaqlısı odur ki, Naxçıvana səfər etmiş bir çox yerli jurnalistlərə təzyiq edənlər hələ də iş başındadılar. Əməldə yenə də əvvəlki kimidir, bundan sonra da belə olacaq. Seçki dövründə seçkinin izləyən və müşahidə aparan yerli jurnalistlərə təzyiqlər olmuşdu, hətta içərisində dırnağı kəlbətinlə əzilənlər də olub. Orada fəaliyyət göstərən jurnalistlərə bu gün də təzyiqlər var, həmin jurnalistlərin qohumları, yaxınları onları qorxularından danışdırmır, xeyirə, şərə dəvət etmirlər. Səfirərin açıqlamaları ilə həqiqət üst-üstə düşmür.
Rəsul Cəfərov: “AB-ya üzv ölkə səfirliklərinə gələcək səfərləri zamanı səmimiyyətlə qarşılanacaqlarını deyirlərsə, hüquq müdafiəçisi ilə birgə Naxçıvana səfərimizdə bunu yoxlayarıq”
- Avropa Birliyinə üzv ölkə səfirləri Naxçıvana səfərlərini daha öncədən həyata keçirməli idilər. Mən də bir hüquq müdafiəçisi kimi Naxçıvana səfərim zamanı neqativ hallarla üzləşmişəm. Hətta yerli jurnalistlər də Naxçıvanda təzyiqlərə məruz qalıb. Bənənyar hadisələri zamanı hətta beynəlxalq səfirlik nümayəndələrinə də təzyiqlər olmuşdu. Əgər AB-ya üzv ölkə səfirliklərinə gələcək səfərləri zamanı səmimiyyətlə qarşılanacaqlarını deyirlərsə və bu reallığa söykənən açıqlamadırsa, buna ancaq sevinmək olar. Yaxın zamanlarda bir neçə hüquq müdafiəçisi ilə birgə Naxçıvana səfərimiz nəzərdə tutulub. Onda bunun nə dərəcədə real olub-olmadığını görəcəyik.
Novella Cəfəroğlu: “Yaxşı olardı ki, nəinki beynəlxalq təşkilat nümayəndələri, həmçinin QHT rəhbərləri və yerli jurnalistlər də orada səmimiyyətlə qarşılansın”
- Çox gözəl haldır ki, Naxçıvana AB-ya üzv ölkə səfirlikləri səfər ediblər. Amma biz vaxtilə Naxçıvanda resurs mərkəzi açmışdıq, öyrədilmiş qadınlar tərəfindən təzyiqə məruz qalmışdıq. Hətta bizi müdafiə edən polis də sonradan cəzalandırıldı. Yaxşı olardı ki, nəinki beynəlxalq təşkilat nümayəndələri, həmçinin QHT rəhbərləri və yerli jurnalistlər də orada səmimiyyətlə qarşılansın və heç bir təqzyiqlə üzləşməsinlər.
Aynurə Həsənova