Naxçıvan korpus komandirini bu posta təyin etməyi Türkiyə komandanlığı məsləhət görüb
Fevralın 20-də Şəmkir Korpusuna aid hərbi hissədə 7 nəfərin ölümü ilə nəticələnən qanlı olay korpus komandiri, general-mayor Çingiz Şəfiyevin cəzalandırılması ilə nəticələndi.
Bunun ardından Simsar.az saytı informasiya yayıb ki, Ç.Şəfiyev müdafiə naziri Səfər Əbiyevin yaxın qohumudur.
Əldə etdiyimiz daha bir məlumata görə, korpus komandirinin vurulması müdafiə nazirinin istefaya göndərilməsinə hazırlıqdır. Simsar.az -a daxil olan məlumatda müdafiə naziri olacaq şəxsin adı da çəkilib.
Bu, Naxçıvan Hərbi Korpusunun komandiri, general-leytenant Kərəm Mustafayevdir.
Araşdırmamız nəticəsində onu da öyrəndik ki, bir neçə gün öncə Türkiyə silahlı qüvvələrinin yüksək rütbəli zabit heyəti Bakıda olub və ölkə rəhbərliyi ilə apardıqları gizli məsləhətləşmələrdə K.Mustafayevin nazir postuna gətirilməsini təklif ediblər. Türkiyəli zabitlər Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılmasında Naxçıvan Korpus komandirindən daha layiqlisini görmədiklərini ölkə rəhbərliyinin diqqətinə çatdırıblar.
Yaxın on gündə Türkiyə Baş Qərargah rəisi İşıq Kaşanerin Azərbaycana səfəri gözlənilir.
Naxçıvan Hərbi Korpusunun Türkiyə ordu komandanlığı ilə sıx əlaqələrinin olduğu məlumdur. Korpusun rəhbərliyi mütəmadi olaraq qardaş ölkədə təlimlərdə, seminarlarda iştirak edir. Bu mənada K.Mustafayev NATO-ya meylli kadr kimi tanınır. Onun nazir postuna təyin olunması həm də Azərbaycanın avroatlantik məkana inteqrasiyası kimi qəbul oluna bilər.
Simsar.az