İslahat yalnız korrupsiyaya qarşı mübarizədi?
BMT-nin yaydığı məlumatlara görə dünyada trilyonlarla dollar korrupsiya pulu fırlanmaqdadır
Beynəlxalq aləmdə dövlətin imicinə ciddi zərbə vuran və vətəndaş hüquqlarının tapdanması ilə nəticələnən neqativ hallara qarşı son günlər aparılan mübarizə birmənalı qarşılanmır.
Hakimiyyətin müxtəlif qollarında qanun pozuntularının tapılmasına start verilib. Proses “İslahatlar” adlansa da, görünən odur ki, yalnız bir istiqmətdə gedilir -
Korrupsiyanın aradan qaldırılmasına start verilib.
Sual yaranır:korrupsiyaya qarşı mübarizə, yoxsa köklü islahatların aparılması daha effektiv nəticələr verə bilər?
Aydınlıq gətirilməsi üçün hakim partiyanı təmsil edən və mətbuatda hakimiyyətyönlü deputat kimi təqdim olunan Milli Məclis üzvlərinə müraciət etdik?
Aydın Mirzəzadə:
- İş burasındadır ki, Azərbaycanda köklü islahatlar artıq aparılır. Korrupsiyayaya qarşı mübarizə də bu günün mövzusu deyil. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən mövcuddur. O dövrdə daxili ictimai-siyasi vəziyyətin ağırlığına baxmayaraq, Avropa standartlarına cavab verən 1995-ci il Konstitusiyası qəbul olundu. 1996-cı ildə daxili iqtisadi islahatlara başlandı və torpaq kəndliyə verildi. 1998-ci ildə ölüm hökmü ləğv olundu. Avropa Şurasına qəbul olunmaq üçün 2000-ci ilə qədər bir çox islahatlar həyata keçirildi. Bütün bunların hamısı Azərbaycanda həm effektli dövlət quruluşu, həm də korrupsiyaya qarşı mübarizəyə yönəlmişdi. Korrupsiyaya qarşı mübarizə elə bir atmosferdir ki, o, korrupsiyanı, rüşvəti yox edir. Bu gün aparılan mübarizə yeni bir mərhələ, sistemin daha da təkmilləşdirilməsidir.
Əlbəttə ki, islahatlar həmişə aparılmalıdır. Bu olmasa cəmiyyətdə bir böhran, durğunluq dövrü yaşanar. Əslində bu gün ərəb dünyasında baş verən inqilablar islahatların olmaması ilə bağlıdır. Eyni bir mədəni, iqtisadi, siyasi dünyada yaşayırıq və ölkələr də bir-birilə əlaqəlidir. Hesab edirəm ki, Azərbaycan açıq, demokratik cəmiyyət olduğuna görə yeni fikirlərə, ideyalara həmişə də hazırdır.
Vahid Əhmədov:
- Bu da islahatların bir formasıdır. Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizə davamlı olmalı, müvəqqəti xarakter daşımamalıdır. Korrupsiya Azərbaycan iqtitsadiyyatına ciddi zərbə vuran amillərdəndir. Bu işi davamlı etmək lazımdır. Bununla əlaqədar bir sıra tədbirlər həyata keçirilməlidir. Qanunlara dəyişikliklər edilməlidir. Yeni bir neçə qanun qəbul olunmalıdır ki, korrupsiyaya qarşı mübarizə aparılsın, müəyyən dərəcədə onun qarşısını almaq mümkün olsun.
Mübariz Qurbanlı:
- Korrupsiyaya qarşı mübarizə ümumdünya xarakteri daşıyır. BMT-nin yaydığı məlumatlara görə dünyada trilyonlarla dollar korrupsiya pulu fırlanmaqdadır. Korrupsiyaya qarşı mübarizə üçün BMT-də xüsusi komissiya da yaradılıb. Korrrupsiyaya qarşı mübarizənin ən optimal yolu iqtisadi yoldur. İqtisadi yolla islahatlar mülkiyyətin sahibinin olması, xüsusi kapitalın inkişafı və digər amillər əsasdır. Şübhəsiz, islahatlar korrupsiyaya qarşı mübarizə üçün ən vacib amildir.
Bəxtiyar Əliyev:
- Korrupsiyaya qarşı mübarizə ilk növbədə islahatları nəzərdə tutur. Çünki islahatlar aparılmadan korrupsiyaya qarşı köklü mübarizə aparmaq mümkün deyil. Ona görə də qanunvericilikdə dəyişikliklər olunur. Geniş sosial, iqtisadi islahatlar həyata keçirilir. Şübhəsiz ki, bütün bunların hamısı qanun əsasında olmalıdır. Bu qanunlar, islahatlar da şəffaflığın təmin olunmasına xidmət edir. Digər tərəfdən, korrupsiya bağlı olan digər hallar var. Məsələn, rüşvətxorluğa qarşı nə qədər islahat aparılsa da, yenə neqativ hallar ola bilər. Həmin insanlar aşkarlanıb cəzalandırılmalıdır. Onların aşkar olunması üçün də gərək ictimaiyyətin özü fəal olsun və bu işə nəzarət etsin, dövlət qurumları ilə birgə ona qarşı mübarizə aparsın. Çünki belə halların aşkar olunmasının ən asan yolu kimlərdən ki, rüşvət tələb edilir və yaxud kimlər ki, rüşvət təklif edir onlar özləri müvafiq qurumlara müraciət etməsindən asılıdır. Əgər belə xəbərdarlıqlar olunmursa, şübhəsiz onu aşkar edib, sübuta yetirmək olduqca çətin olur. Ona görə də hesab edirəm ki, dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, geniş ictimaiyyət, xüsusilə də media bu işdə fəal olmalıdır. Həmçinin də QHT-lər, iş adamlarının özləri bu işdə maraqlı olmalıdır. Əgər onların işinə süni maneələr törədənlər varsa, onlarla bağlıı dövlət qurumlarına vaxtında məlumat versinlər. Onda biz korrupsiyaya qarşı səmərəli mübarizəni təmin edə bilərik.
Gülarə