Əliməmməd Nuriyev: “Dərmanların bahalığının əsas səbəbləri monopoliya və nazirliyin ekspertizasındakı korrupsiyadır”
“Ölkədə dərmanların bahalığının əsas səbəbləri kimi dərman idxalı üçün lisenziyaların verilməsində, həmçinin ölkəyə gətirilən dərmanların Səhiyyə Nazirliyinin müvafiq qurumunda ekspertizadan keçirilməsində ciddi korrupsiyalaşmanın olmasıdır”.
Bu sözləri Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi və “Ekspert” iqtisad jurnalının “Azərbaycanda virus hepatitlərinin aşkarlanması, diaqnostikası, profilaktikası və peyvəndi sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi” ilə bağlı bu gün keçirilən dəyirmi masada
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
O bildirib ki, rəhbərlik etdiyi antikorrupsiya şəbəkəsinin qaynar xəttinə bu faktlarla bağlı çoxlu şikayətlər daxil olub. Ekspertin sözlərinə görə, daha bir problem kadr çatışmazlığıdır ki, bunun da kökündə Tibb Universitetindəki rüşvət halları dayanır: “Hepatitlər cəzaçəkmə müəssisələrində cəza çəkən məhbuslar arasında da yayılıb. Minlərlə narkotik istifadəçisi olmuş məhbuslar var. Onların da yoxlanılması zəruridir. Hesab edirəm ki, diaqnostika sahəsindəki nöqsanları aradan qaldırmaq üçün Azərbaycanda “Pasiyent hüquqları haqqında” qanunun qəbulu sürətləndirilməlidir.”
“Ekspert” jurnalının redaktoru Dünya Sakit isə bildirib ki, rəsmi statitika HBV və HCV-yə yoluxanların sayının elə də çox olmadığını göstərir: “Səhiyyə Nazirliyinin məlumatına görə, 2009-cu ildə 465 nəfər HBV, 339 nəfər HCV-yə yoluxma faktı qeydə alınıb. 2010-cu ilin 11 ayında isə bu rəqəmlər müvafiq olaraq 333 və 199 nəfər təşkil edib. Lakin “Azərbaycan təbabətinin müasir nailiyyətləri” adlı jurnalda verilən məlumata əsasən, 2000-ci ildən etibarən Bakı və Naxçıvanda bu və ya digər xəstəliklərə görə qanları analiz olunan 18-60 yaş qrupuna daxil olan 50 min nəfərdən çox şəxsin orta hesabla 3,5 faizinin HBV, 4 faizinin isə HCV-yə yoluxduğu aşkarlanıb. Bu, haradasa 400 min nəfər deməkdir. Bu yaş qrupu ölkə əhalisinin 2/3-ni təşkil etdiyinə görə bu rəqəmin daha yüksək olduğunu söyləmək mümkündür. Bəzi təşkilatlar Azərbaycanda 750 min nəfərin HBV və HCV-yə yoluzduğunu qeyd edirlər. Mütəxəssislər bu insanların böyük bir hissəsinin təcili müalicəyə ehtiyacının olduğu fikrindədirlər.”
RAMİN