|
Yol polisləri sürücülərin hesabına varlanacaq
Fazil Mustafa bunun düzgün olmadığını, Fəzail Ağamalı və Aydın Mirzəzadə isə əksini düşünür
Prezident İlham Əliyev fevralın 14-də yol polisi əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və onların qulluq vəzifələrinin icrasına nəzarəti artırmaqla bağlı sərəncam verib.
Sərəncamda qeyd edilir ki, bundan sonra yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrin 25 faizi yol polisi əməkdaşlarına veriləcək. Bu məbləğ yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.
Həmin sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, bir ay müddətində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələrin yalnız bank və ya plastik kart vasitəsilə ödənilməsini təmin etmək üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərini prezidentə təqdim etsin.
Prezidentin sərəncamında yol polisi ilə bağlı qaydalar yeni olduğundan birmənalı qarşılanmır. Cərimələrin 25 faizinin yol polisinin aylıq maaşına əlavə edilməsi müəyyən söz-söhbətlərə yol açır. Bildirilir ki, onsuz da yol polisinin məvacibi yüksəkdir. Cərimələrin 25 faizinin onların maaşlarına əlavə olunması məvaciblərini 3-4 dəfə artıra bilər ki, bu da 2-3 min manat arasında dəyişir. Həmçinin yol polisində prezidentin sərəncamından sui-istifadə hallarına yol verilə bilər. Məsələn, bundan sonra yol polisi sürücülərin tez-tez və yüksək həddə cəzalandırılmasında maraqlı ola bilər. Qanunsuz cərimələrin sayının da çoxalması ehtimalı var. Sürücülər isə cərimənin qanunsuz olduğunu sübut etməkdə həmişə olduğu kimi, çətinlik çəkəcəklər. Həmçinin digər dövlət qurumlarının işçiləri də məsələ qaldıra bilərlər ki, həmin qurumun gəlirlərinin 25 faizi işçilər arasında bölüşdürülsün. Bura Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat Nazirliyi hətta Dövlət Neft Şirkətini də əlavə etmək olar.
Deputatlarının yol polisi ilə bağlı yeniliyə münasibəti də birmənalı deyil.
“Narahatlığımı parlamentdə səsləndirəcəm”
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa hesab edir ki, sərəncam sui-istifadə hallarını artıracaq: «Bundan sonra yol polisi əsas diqqəti sürücülərin cərimələnməsinə yönəldəcək. Müstəqil məhkəmə olmadığı üçün cərimələrin ədalətsiz olduğunu da sübut etmək mümkün olmayacaq». F.Mustafa bildirir ki, o, bununla bağlı narahatlığını parlamentdə səsləndirəcək. “Bundan sonra yol polisi hər hansı qanun pozuntusuna göz yummayacaq”
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə fərqli düşünür. O, hesab edir ki, bu sərəncamdan sonra yol polisində sui-istifadə halları aradan qaldırılacaq: «Bundan sonra yol polisi hər hansı qanun pozuntusuna göz yummayacaq. Cərimələr isə banklar vasitəsilə ödəniləcək. İndi deyirlirlər ki, yol polisi sərəncamdan sui-istifadə edib, yeri gəldi-gəlmədi sürücüləri saxlayıb, qanunsuz cərimələyəcəklər. Boş söhbətdir. Eyni ittihamlar daha öncələr də var idi».
“Yol polisi əvvəlki kimi öz fəaliyyətini davam etdirəcək”
Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçisi Aydın Mirzəzadə hesab edir ki, sürücülər öz hüquqlarını kifayət qədər bilir: «Yol polisi əvvəlki kimi öz fəaliyyətini davam etdirəcək. Yol hərəkət qaydalarının nizamlanması, təhlükəsizliyin təmin edilməsi bundan sonra da onların əsas vəzifəsi olacaq». A.Mirzəzadənin fikrincə, ödənilən cərimələrin 25 faizinin yol polislərinin aylıq maaşlarına əlavə olunması sui-istifadələrə yol açmayacaq: «Əksinə, yol polisi öz işində daha diqqətli olacaq və cərimələrin qeydə alınmasında həssaslıq nümayiş etdirəcək. Sərəncamda həmçinin nəzərdə tutulub ki, cərimələr yalnız bank və ya plastik kart vasitəsilə ödənilsin. Bu cür qaydalar dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunur. Müəyyən müddət keçəndən sonra bu sistemin effektivliyi yoxlanılacaq. Əgər müsbət dəyişikliklər olsa, saxlanılacaq və ya genişləndiriləcək».
Ruslan
15 Fevral, 2011 20:41 ⁄ Baxılıb: 2021 ⁄ Çap
Bu bölmədə
|
|
|