“Kriminal hadisələrinin çoxalmasının dedektiv əsərlərlə bağlılığı yoxdur”
Yanvarın 29-dan Simsar.az saytı kriminal xarakterli xəbərlər yaymağa məhdudiyyət qoyub. Saytımız yaydığı xəbərdə bunu belə əsaslandırıb:
-Hər gün müxtəlif səpkili, xeyli sayda kriminal xarakterli informasiyalar oxuyuruq. Və bu tendensiya artan xətlə davam edir. Nəticədə intihar edənlərin, qatar altında qalanların, qəzaya düşənlərin, qətl hadisəsi törədənlərin sayı azalmır, əksinə, artır. İntihar hallarından o qədər yazılır ki, bu dəhşətli hadisə artıq ictimaiyyətdə adiləşir. Heç kim qarantiya verə bilməz ki, bu cür xəbərlərin çoxalması kriminal hadisələrin artmasına səbəb deyil. Buna görə də bizim sayt oxucularını qanlı olaylarla üz-üzə qoymaqdan imtina edir.
“Kitablarım intihar etmək istəyən bir neçə insanı bu fikirdən daşındırıb”
Oxucuların siyasi dedektiv janrında romanlar yazan müəllif kimi tanıdığı Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev simsar.az saytına ekskluziv müsahibəsində kriminal xarakterli əsərlərinin insanlara təsirindən danışıb. Yazıçı son illər kriminal hadisələrin çoxalmasını, bu barədə yazılan yazıların çoxluğu ilə bağlı olmadığını düşünür:
-Hər kəsin öz ağlı var. Əgər sən bir az Allaha inanırsansa, bilməlisən ki, hər şeyi Allah yaradıb. Sual oluna bilər, nəyə görə Allah iblisi yaradıb? Allah qəsdən iblisi yaradıb ki, sən ikisindən birini seçə biləsən. Sonunda özün qərar verəcəksən, kimi qəbul edirsən.
İblisi qəbul etmək lazım deyil, insan pis nə varsa onu götürməməlidir. Bəzi insanlar var ki, bu əsərlərdən yalnız pis hadisələri nümunə götürürlər, problem budur. Əsərlərimdə oxucunu cinayətkarlara, rüşvətxorlara, vicdansızlara qarşı mübarizəyə səsləyirəm. Allah və həqiqət tərəfində vuruşmaq lazımdır. Kriminaldan yazsaq, yazmasaq fərq etməz, belə hadisələr hər zaman olub, bundan sonra da olacaq. Baxır nə məqsədlə kriminal yazırsan. Əgər insanlara mənfi təsir edirsə, təbii ki, pisdir. Əgər insanların maariflənməsi üçün bu yazılar yazılırsa, yaxşıdır. Dostayevski “Cinayət və cəza” əsərində yalnız görsətmirdi ki, insanları baltayla necə vurmaq olar. Həmin əsərin əsas məqsədi o idi ki, cinayət törədən zaman insan hansı hisslər keçirir. “Cinayət və cəza” milyonlarla insanı tərbiyə edib. Şəxsən bir neçə insan tanıyıram ki kitablarım onları intihar əməlindən çəkindirib.
Aynurə Həsənova