Əli Əliyev susdu, Sərdar Cəlaloğlu isə nikbin danışdı
Fevralın 10-da axşam saatlarında Azərbaycanın altı müxalifət partiyasının sədrləri mətbuatdan xəbərsiz görüş keçirib.
Simsar.az-a verilən məlumata görə, paytaxtın tanınmış məkanlarından birində baş tutan görüşdə Qarabağ və Respublika Uğrunda Hərəkatı bərpa edən Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, LiberaL Partiyanın sədri Əvəz Temirxan, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, bundan başqa, hərəkata qoşulacaqları gözlənilən Müsavat Partiyasının başqanı İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli iştirak ediblər.
Partiya liderləri müxalifətin vahid birliyinin yaradılması ilə bağlı müzakirə aparıblar. Görüşdə mübahisə doğuran epizodlar da olub. Mənbənin məlumatına görə, partiya sədrlərinin biri mübahisə nəticəsində görüşü yarımçıq tərk etmək istəsə də, sonradan ara sakitləşib. VİP sədri Əli Əliyev simsar.az-a açıqlamasında görüş və qalmaqal barədəheç bir məlumat vermək istəmədiyini dedi. ADP sədri Sərdar Cəlaloğlu isə saytımiza açıqlamasında altı müxalifət partiya sədrlərinin görüşünün keçirildiyini təsdiqlədi: "Bəli, belə bir görüş olub. Çox pozitiv görüş idi. Görüşdə hansısa qalmaqalların olması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil. Görüşün önəmliliyi bu oldu ki, bu günə qədər qarşı durma mövqeyində olan partiyalar ölkədəki mövcud problemlərin həlli üçün birgə mübarizənin zəruriliyini etiraf etdilər. Bu kimi görüşlərin davam etdirilməsinin vacibliyi də vurğulandı. Amma görüş barədə ictimaiyyətə geniş məlumat verilməməsi qərarlaşdırılıb"
Simsar.az