«Cəmiyyətdə elə bil gözlənti var ki, Azərbaycanda da baş verən inqilabi prosesləri televiziyadan seyr edəcəklər”
Müsavat Partiyasının başqanı İsa Qəmbər «Yeni Müsavat» qəzetinə ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı müsahibə verib.
Başqan Azərbaycanda siyasi dəyişikliklərin olmamasının səbəbini hakimiyyətlə, xalqın üzərinə atıb.
O deyib ki, ölkədəki avtoritar rejim islahatlara meyilli deyil. Xalq isə hələ gözləmə mövqeyindədir.
“Cəmiyyətdə elə bil gözlənti var ki, Tunisdə, Misirdə baş verənləri televiziyadan seyr etdiyi kimi, Azərbaycanda da baş verən inqilabi prosesləri televiziyadan seyr edəcəklər” deyə, İ.Qəmbər bildirib.
Başqana görə, xalq nədənsə dəyişikliklər üçün küçəyə çıxmaq istəmir, hər şeyi kənardan izləməyə üstünlük verir.
«Niyə belədir» sualına isə başqanın cavabı maraqlı olub: «Bunun sirri hələ tapılmayıb. Yəni hələlik izahı yoxdur ki, niyə bəzən cəmiyyət on illərlə susur, amma bir günün içində ayağa qalxıb öz gücünü göstərir. Görürsən ki, dəhşətli hadisələr baş verir, cəmiyyətdən reaksiya gəlmir, amma sonra kiçik görünən bir hadisəyə görə xalq etiraza qalxır. Bu sualın cavabını hələlik nə siyasətçilər tapıb, nə alimlər, nə də sosioloqlar. Ona görə də bunun üzərində baş sındırmağın anlamı da yoxdur».
İ.Qəmbərin fikirlərindən belə başa düşülür ki, xalqın nə vaxt küçələrə çıxıb etiraz edəcəyini səbrlə gözləməkdən başqa çıxış yolu yoxdur. Gözləmə müddəti isə bilinmir. Yəni bunu 1, 5, 10, 100 il də gözləmək mümkündür.
Müsavat başqanı «müxalifət nə üçün mitinq keçirmir» sualına da nəzəri-fəlsəfi cavab verib: « Məsələ müzakirə olunur... Burada iki məqam var; bir tərəfdən gecikmək olmaz, kütləvi tədbirlər zamanında başlamalıdır. Ancaq o biri tərəfdən bir beynəlxalq termin var, fal-start, yəni startdan əvvəl başlamaq, startın korlanması. Bunu da nəzərə almaq lazımdır. Ona görə də aksiyalarla bağlı müzakirələr aparılacaq və uyğun qərar veriləcək, çox gözləmək lazım gəlməyəcək».
Müsavat başqanı start gününün vaxtını söyləməyib.
FƏRİD