«Bizim telekanal hər zaman öz dəsti-xəttini qoruyur»
Azad Azarbaycan Televiziyası (ATV) ətrafında dolaşan xəbərlər səngimək bilmir. Məlumatlardan biri də ATV-də yayımlanan şou proqramların əsas istehsalçısı olan “SOY Production”ın bundan sonra başqa telekanallarla əməkdaşlıq etməsi ilə bağlıdır.
Hətta qeyd olunur ki, “SOY Production”a artıq “SPACE” telekanalı ilə əməkdaşlıq barədə təkliflər verilib.
Kompaniyanın prezidenti Oqtay Əliyev simsar.az-a açıqlamasında bildirmişdi ki, onlara həqiqətən də başqa telekanallardan təkliflər gəlib: «Azərbaycandakı bəzi telekanallar “SOY Production”a əməkdaşlıq təklifi ediblər. Hələlik şərtlər müzakirə olunur. Şərtlər ürəyimizcə olsa niyə də əməkdaşlıq etməyək?».
Simsar.az-a daxil olan məlumata görə, telekanallar , xüsusilə də SPACE .TV “SOY Production”la əməkdaşlıq etmək niyyətində deyil. Bildirilir ki, əməkdaşlıqla bağlı kompaniya TV-nin prezidenti Vaqif Mustafayevə müraciət edib, amma «yox» cavabı alıb.
Məsələyə aydınlıq gətirmək üçün əməkdaşımız V.Mustafayevlə əlaqə yaratmağa cəhd edib. Zəngimizə cavabı V.Mustafayevin köməkçisi verib. Köməkçi bildirib ki, SPACE .TV “SOY Production”la əməkdaşlıq etməyəcək: «Bilirsiniz ki, SPACE .TV hər zaman öz dəsti-xəttini qoruyur. Vaqif müəllim heç vaxt ucuz şouya yer verməyib. Yəqin ki, bundan sonra da verməyəcək. Elə buna görə də, biz digər telekanallardakı şou proqramların istehsalçıları ilə əməkdaşlıq etməyəcəyik. Özümüzün kifayət qədər imkanlarımız var ki, əyləncəli verilişlər hazırlayaq».
RAMİL