|
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu baş redaktorların müzakirəsində
Fondun mətbuata maliyyə dəstəyindən sonraki inkişafı nə yerdədi?
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) KİV-in maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması məqsədiylə mətbuata maliyyə yardımları göstərməkdədir.
Fondun “kivdf.gov.az” saytından oxuyuruq:
-Fond redaksiyalar tərəfindən təqdim edilən layihələrin bu layihələri gerçəkləşdirmək üçün tələb edilən maliyyə vəsaitinə uyğunluğunu araşdıraraq müvafiq təkliflər verir. Layihələrin maliyyələşdirilməsi meyarları qəzetin dövriliyi, tirajı, yayım faizi üzrə müəyyənləşdirilir. Bu şərtlərə uyğun olaraq dövriliyi həftədə beş dəfədən az olmayan, tirajı üç min nüsxə və yuxarı olan, gündəlik yayımı min beş yüz nüsxədən çox olan qəzetlərə ən yüksək maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Digər qəzetlərə isə yuxarıdakı meyarlar nəzərə alınmaqla müvafiq miqdarda maliyyə vəsaitinin ayrılması haqda qərar qəbul edilib.
Fond bu istiqamətdə 3 dəfə müsabiqə elan edib.
KİV-lərin 2010-cu il yanvar ayı üçün maliyyələşdirilməsi ilə bağlı birinci müsabiqəyə 454 min manat pul ayrılıb.
2010-cu il avqust ayı üçün ikinci müsabiqəyə 277 min manat, 2011-ci il üçün maliyyələşdirilməsi ilə bağlı hələ də davam edən müsabiqəyə təqdim edilən layihəyə fond tərəfindən ümumilikdə 596 min manat məbləğində pul ayrılıb.
Simsar.az saytı olaraq Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yarandığı gündən, onun mətbuata verdiyi maliyyə dəstəyinin hansı inkişafa səbəb olduğunu bir neçə qəzet redaktorlarından soruşduq.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid hesab edir ki, bu dəstək köklü dəyişikliyə səbəb eyil:
Qənimət Zahid: “Dəstək müəyyən qədər köməkdi”
Bizim qəzet fondun hər üç layihəsində iştirak edib. Birinci layihəni xatırlamıram,ikinci layihədə isə qəzetə 25 min manat məbləğində pul ayrılıb. 6 ay davam edəcək axırıncı layihədə isə qəzetə 30 min manat məbləğində maliyyə ayrılıb. Düşünürəm ki, bu dəstək köklü dəyişikliyə səbəb deyil, sadacə müəyyən qədər köməkdi. Yaxşı olardı ki, ölkədə reklam bazarı yaradılsın və stimullaşdırılsın. Bu KİV-ə əsl dəstək olardı.
Sevinc Seyidova: “Qəzetin maddi və texniki bazası güclənib”
“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova fondun bu addımını müsbət qiymətləndirir:
- KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun artıq 3-cü layihəsidir ki “Həftə içi” qəzeti iştirak edir. Biz əsasən “İnsan hüquq və azadlıqları” mövzusunda silsilə yazılar təqdim edirik. Birinci layihəmiz 4 ay davam etdi, 8 min manat ayrılmışdı. İkinci layihə də 4 ay davam etdi və 20 min manat ayrıldı. Hazırda fondun üçüncü layihəsidir ki, qəzetimiz iştirak edir. 30 min manat ayrılıb, 6 ay ərzində, hər ay 5 min manat ödəniləcək. Bu mətbuata və qəzetlərə çox böyük dəstəkdi. Bu yardım əlavədir, bunun sayəsində biz jurnalistləri rayonlara ezamiyyətə göndərə bilirik. Həm də qəzetin texniki və maddi bazası güclənib.
Bahəddin Həziyev: “Elə etmək lazımdır ki, mətbuat özü özünə kömək edə bilsin”
“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev hesab edir ki, mətbuata dəstək başqa formalarda aparılmalıdır :
- KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi bir müsabiqədə “Bizim Yol” qəzeti iştirak edib. “Regionların iqdisadi inkişafı”na dair jurnalist araşdırması təqdim etmişik. Buna görə də 7 min manat məbləğində pul ayrılıb. Bu pulun bizə köməyi o oldu ki, jurnalistlərimizi araşdırma yazı üçün rayonlara ezamiyyətə göndərə bildik. Fransada dövlət qəzetlərə abunə olan gənclərin pulunu özü ödəyir. Hesab edirəm ki, bizdə də mətbuata dəstək daha başqa formalarda aparılmalıdır. Elə etmək lazımdır ki, mətbuat özü özünə kömək edə bilsin.Bunun üçün də ilk növbədə reklam bazarını inkişaf etdirmək lazımdır.
Vüqar Rəhimzadə: “Layihələr həm jurnalistlərin peşəkarlığını artırır, həm də onların sosial durumunu yaxşılaşdırır”
“İki sahi” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə rəhbəri olduğu qəzetin dövlət qurumu tərəfindən təsis olunduğu üçün müsabiqədə iştirak etmək icazəsi olmadığını deyir:
- Hər hansı mətbu orqan dövlət qurumu tərəfindən maliyyələşirsə, Prezidentin yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun layihələr üçün ayırdığı maliyyə yardımından kənarda qalır. Ancaq qəzetimizin işçilərindən fərdi şəkildə müsabiqəyə yazı təqdim edənlər var və müxtəlif pul mükafatı ilə qiymətləndiriliblər. Fondun bu dəstəyini yüksək dəyərləndirirəm. Bu layihələr həm jurnalistlərin peşəkarlığını artırır, həm də onların sosial durumunu yaxşılaşdırır.
Elçin Mirzəbəyli: “Qəzetimizin avadanlıq sistemi yenilənib”
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli fondun bu dəstəyini mətbuata verilən yüksək qiymət kimi dəyərləndirir:
- Biz Fondun elan etdiyi hər üç müsabiqədə iştirak etmişik. Birinci müsabiqədə qəzetimiz “Ermənistanın işğalına dəstək siyasətinin ifşası” mövzusunda çıxış etdi. Müsabiqə 4 ay davam etdi, 14 min manat pul ayrılmışdı. İkinci müsabiqə 4 ay davam etdi və 25 min manat civarında maliyyə ayrılmışdı. Qəzet müsabiqədə “Azərbaycan xalqının milli vətənpərvərlik və qəhrəmanlıq ənənələrinin təbliği” mövzusunda çıxış etdi. Üçüncü və sonunca müsabiqə 6 ay davam edəcək və 30 min manat pul ayrılıb. Qəzet bu dəfə “Milli və dini tolerantlıq” mövzusunda yazılar hazırlayır. Mən bu addımı müsbət qiymətləndirirəm. Həm qəzetimizin, həm də qəzetdə fəaliyət göstərən jurnalistlərimizin sosial vəziyyəti yaxşılaşıb. Bundan əlavə qəzetimizin avadanlıq sistemi yenilənib.
Aynurə Həsənova
5 Fevral, 2011 00:45 ⁄ Baxılıb: 2258 ⁄ Çap
Bu bölmədə
|
|
|