Tanınmış fotoqraf Əjdər deyir: «...beləsini görməmişəm»
“Çempionlar o qədər bəslənirlər ki, hətta özlərini Milli Qəhrəman səviyyəsində görür və özləri haqqında ciddi fikirləşməyə başlayırlar. Buna görə də yalnız bircə dəfə qalib gəlirlər. Amerikada isə bir çempion yeddi dəfə olimpiya uğurunu təkrar edir”.
Bunu bir müddət öncə, Milli Məclisin (MM) iclasında YAP-çı deputat Siyavuş Novruzov bildirib.
Cənab Novruzovun fikirlərində kifayət qədər əsaslar var. Həqiqətən də bu gün elə idmançılar var ki, nəinki özlərini əvəzolunmaz sayırlar, hətta ətrafdakılara üstənaşağı baxırlar. Söhbətin təxminən kimlərdən getdiyi artıq sizlərə bəllidir. İlk onluqda çox təəssüf ki, dünya və olimpiya çempionu Elnur Məmmədlinin də adı var.
Biz başa düşürük ki, E.Məmmədli güclü idmançıdır, Azərbaycanın bayrağını müxtəlif yarışlarda ucaldır, rəqiblərini yıxıb medallar qazanır.
Bütün sahələrdə olduğu kimi, idmanda da uğurdan, qələbədən özünəvurğunluq xəstəliyinə yoluxmaq ağır fəsadlara gətirib çıxarır. Arzu etməzdik ki, E.Məmmədli də belələrindən olsun.
Amma onun media nümayəndələrinə qarşı bunca saymazyana münasibəti bizi məcbur etdi ki, idmançılarımızın özlərini bəzi məmurlar kimi aparması haqqında yazaq.
Belə ki, «Simsar» jurnalı müsahibə götürmək üçün E.Məmmədliyə müraciət edib. Düzdür, idmançıdan müsahibə götürdük. Amma onun şəkilini çəkmək jurnalın əməkdaşları üçün ciddi problemə çevrilib. Çempion ölkənin tanınmış qocaman fotoqorafı Əjdər müəllimə «bu gün-sabah» deyə-deyə, get-gələ salıb. Bir həftə ərzində E.Məmmədlinin şəkilini çəkmək mümkün olmayıb.
Fotomüxbir Əjdər heç vaxt belə stiuasiya ilə rastlaşmadığını deyir: «20 ildən artıqdın ki, fotomüxbir kimi çalışıram. Mən bu sənətə başlayanda Elnur balaca uşaq olardı. Ölkənin ən tanınmış şəkillərini çəkmişəm. Amma Elnur Məmmədli kimisini görməmişəm. Mən yaşda adamı bu cavan oğlan neçə gündür get-gələ salıb. Ya birdəfəlik de ki, şəkilimi çəkmə, ya da ki, şərait yarat şəkilini çəkək».
Jurnalımızın növbəti çapı da məhz E.Məmmədlinin ucbatından yubanır. Dəfələrlə şəkilini çəkmək üçün əməkdaşlarımız E.Məmmədliyə telefon açsalar da, vaxt təyin olunsa da istəyimiz baş tutmayıb. Bu proses uzun müddət çəkdiyindən düşünürük ki, dünyaca məşhur idmançımızın ippon fəndindən fərqli olaraq, bu hərəkəti qəbul edilən deyil.
Ümid edirik ki, E.Məmmədli bundan sonra jurnalistlərə meydandakı rəqibi kimi baxmayacaq, çünki idmançımızın məşhurlaşmasında öz əməyi ilə yanaşı, həm də mətbuatın rolu böyük və danılmazdır.
E.Məmmədliyə idman kariyerasında növbəti uğurlara imza atmağı arzulayırıq.
RAMİL