Sakinlər gümanla danışır, rəsmilər isə yox deyir
Bakı şəhərinin mərkəz yerlərindən biri, Nərimanov rayonunun Montin qəsəbəsində yerləşən həyət evlərinin köçürülməsi gözlənilir. Bu rəsmi məlumat olmasa da, qəsəbə sakinləri bildirirlər ki, təxminən bir ilə kimi Montində yerləşən evlər Əzizbəyov metrostansiyası ətrafında tikilən binalara köçürüləcək. Sakinlərlə söhbət zamanı məlum oldu ki, artıq onlar evlərinə veriləcək kompensasiyanın miqdarını müzakirə edirlər. Bəziləri Əzizbəyov metrosu yaxınlığındakı binalara köçməyi istəsə də, bəziləri bununla razılaşmır. Montində Şahin Mustafayev küçəsinin sakini Sevinc Bağırova bildirir ki, o bina evinə köç etməyə razıdır: «Düzdü bir aydan çoxdur ki, bizim evlərin köçürüləcəyini, Əzizbəyov metrosu yaxınlığındakı bina evlərindən bizə mənzil veriləcəyini deyirlər. Öz aramızda da bununla bağlı söhbətlər edirik. Amma dəqiq olmadığına görə içərimizdə şübhələr var. Köçürülsəydi təbii ki yaxşı olardı. Artıq bezmişik bu həyət evlərində yaşamaqdan. Buradakı evlər heç həyət ev idə deyil. Sovetlər vaxtında alman stili ilə tikilmiş evlərdir ki, bura da iç-içədir. Evə bir qonaq gələndə darısqallıq olur. Əzizbəyov metrosu yanı Montin olmasa da, hər halda pis deyil. Yəni o mənada ki, Montin şəhərin mərkəzidir». Nurbala kişi isə əgər Əzizbəyov metrosu tərəflərdə ev verilərsə, ora getməyəcəyini deyir: «Evlərimizin plana düşməsinə, sökülməsinə, bizlərin köçürülməsinə qarşı deyiləm. Amma bu gün mənim 3 otağa düzəltdiyim həyət evimi əlimdən alıb, bir otaqlı bina evi verərlərsə, bu artıq ədalətsizlik olardı. Yəxşı olar ki, keçmiş Basin küçəsindəki kimi mənzillərin yerləşdiyi hər kvadratmetrə 1500-2000 manat verilsin, biz də istədiyimiz yerdən ev ala bilək. Mənim, yoldaşımın işi, övladlarımın məktəbi Nərimanovla, Montinlə bağlıdır. Evimizi sökəcəklərsə, kompensasiyanı pula etsinlər, mən də gedim Montindəki bina evindən ev alım. Bu daha ədalətli olardı».
Qeyd edək ki, Montin qəsəbəsində bina evləri ilə yanaşı həyət evlərinin də sayı kifayət qədərdir. Sovetlər dönəmində bu həyət evlərində əsasən ruslar, ermənilər məskunlaşıblar. Və hər zaman tələbələrin kirayə qaldığı məkanlardan biri olub. Qarabağ müharibəsi zamanı isə ermənilərin çıxıb getdiyi evlərdə, indi əsasən Qərbi Azərbaycandan köç edənlər məskunlaşıblar. Düzü sakinlər qəsəbənin köçürüləcəyi ilə bağlı danışırlar, amma rəsmi hansısa məlumat yoxdur. Məsələ ilə bağlı Nərimanov rayonun İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon İcra Hakimiyyətindən dəstəyi götürən şəxs sualımıza kankret cavab verdi: «Hələlik qurumda bununla bağlı heç bir müzakirə aparılmayıb və ümumiyyətlə Montinin köçürülməsi gündəmdə deyil. Mən bunu sizdən eşidirəm». Qəsəbə sakinləri isə evlərin köçürülməsi söz-söhbətinin əvvəllər də olduğunu, amma indilərdə daha intensiv şəkildə getdiyini bildirirlər.
Onu da bildirək ki, bir müddət bundan öncə Bakı şəhərinin baş planı ilə bağlı aidiyyatı qurumun açıqlaması var idi və müəyyən qəsəbələrin adları qeyd olunmuşdu ki, buradakı həyət evləri şəhərin planına uyğun gəlməyəcəksə söküləcək, sakinlər kompensasiya ilə təmin olunacaqlar. Amma bu adlar sırasında Montin qəsəbəsinin isminə rast gəlinməyib.
Anar