«Mən onun dediklərinə cavab vermək belə həvəsində deyiləm»
«Bizimlə birgə o parlamentdə müsavatşılar da olub. Pənah Hüseynin yerindən danışmasını da, əlini stola çırpmasını da görmüşük. Bir nümunə göstərə bilərsinizmi ki, Pənah Hüseynin o çılğınlıqlarından sonra Parlament hansısa qərarında dəyişiklik edib? Bunun heç bir xeyri yoxdursa, bunu deməyin də əhəmiyyəti yoxdur. Parlament o zaman "dişli" olur ki, hansısa naziri çağırır, hansısa komitədə dinləmə keçirir. İndiki şəraitdə isə MM naziri nədir, heç komitə sədrini də çağıra bilməz. Pənah olanda da belə idi, indi də belədir, 95-ci ildə də belə idi».
Bunu mətbuata müsahibəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib.
Parlamentdə səsləndirdiyi tənqidləri sadalayan Q.Həsənquliyev daha sərt açıqlamalar verib: «Bundan artıq hansı formada deyilməlidir ki?! Gərək duram Neft Şirkətinin rəhbərliyinin nəslini-nəcabətini söyəm?! Yoxsa bu işə məsul olan başqa şəxsləri söyməliyəm?! Sözümü deyirəm, bunu eşitmirlərsə, nə edim?!»
Məlumatlarla görə, bu fikirlərindən sonra Q.Həsənquliyev yuxarı dairələr tərəfindən sıxışdırılıb.
BAXCP sədrinin keçmiş həmkarı barədə səsləndirdiyi fikirlərə münasibət öyrənmək üçün Pənah Hüseynə müraciət etdib.
Pənah bəy Qüdrət Həsənquliyevin müsahibəsini oxumadığını və onun səsləndirdiyi fikirlərə münasibət bildirmək istəmədiyini qeyd etdi: «Mən onun fikirlərinə münasibət bildirmək istəmirəm».
RAMİL