Sülhəddin Əkbər deyir ki, qonşu dövlətlər onlara narkomaniyaya qarşı mübarizə aparmamağı məsləhət görüb
“Qonşu dövlətlər bizə mübarizəni bu dərəcədə sərtləşdirməməyi tövsiyə edirdi. Amma biz buna məhəl qoymurduq”.
Bunu «Azadlıq» qəzetinə açıqlamasında milli təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbər bildirib. Onun sözlərinə görə, SSRI dağıldıqdan dərhal sonra narkotranzit termini Azərbaycan üçün də aktuallığa çevrilməyə başladı. Bu zaman Elçibəy hökumətinin narkotranzitə qarşı mübarizədə sərt mövqe seçdiyini deyən S.Əkbər vurğulayıb ki, bu ticarətin arxasında böyük güclər dayandığından yeni iqtidar mübarizəni sona qədər apara bilmədi və devrildi.
Qeyd edək ki, WikiLeaks saytı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Enn Dersiyə istinadən məlumat verir ki, səfir Azərbaycan hakimiyyətinin narkotranzitə qarşı effektli mübarizə aparmadığını bildirib. E.Dersinin ABŞ Dövlət Departamentinə, Narkotiklərə qarşı Federal Agentliyə, Mərkəzi Kəşfiyyat İdarəsinə və digər aidiyyəti qurumlara göndərdiyi teleqramda deyilir ki, İran və ya ən azından onun İnqilab Keşikçiləri Korpusu son bir neçə ildə dünyanın ən böyük narkodilerinə çevrilib.
Diplomat yazır ki, İran əfqan mənşəli heroini öz ərazisində qurduğu laboratoriyalarda emal edir və onu əsasən, Azərbaycan üzərindən Avropaya ötürür. Teleqramlara dair yazılar Almaniyanın “Die Welt” qəzetində və ona istinadən çoxsaylı Avropa nəşrlərində yer alıb.
2009-cu il, iyunun 12-də göndərilən teleqramda yerli agentlərə və BMT-nin Narkotiklərlə Mübarizə Agentliyinə istinadən deyilir ki, İranın Azərbaycan üzərindən daşıdığı narkotiklərin həcmi “başgicəlləndirici ölçülərdə” artıb. Teleqrama görə, ələ keçirilən narkotiklərin kütləsi də bunu təsdiq edir. Belə ki, 2006-cı ildə Azərbaycan sərhədlərində cəmi 20 kiloqram İran mənşəli narkotik tutulub. 2008-ci ilin birinci kvartalında bu rəqəm 15 ton, 2009-cu ildə isə 59 ton təşkil edib.
Bakıdan 2008-ci ilin 26 sentyabrında göndərilən, “Məxfidir. Xaricilərə açıla bilməz” (“Secret/Noforn”) qrifli teleqramda deyilir ki, əfqan mənşəli heroinin beşdə biri Azərbaycan üzərindən keçir. Hesablamalara görə, Avropaya hər il 15 milyard avroluq heroin daxil olur. Bu isə o deməkdir ki, iranlı narkotacirlər bundan milyardlarla avro qazanır. Bəs niyə İran narkotikləri əsasən Azərbaycan üzərindən ötürür? E.Dersi yazır ki, Türkiyənin kürdlər yaşayan bölgələrində 2008-ci ildə təhlükəsizlik qüvvələrinin PKK-ya qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı bu bölgədən keçən marşrut riskli olub. Digər səbəb isə rus narkomafiyasının Azərbaycanla əlaqələridir. BMT-nin narkotiklərə qarşı mübarizə agentliyi UNODC bildirir ki, İranda, əsasən Təbriz şəhərində heroin emalı laboratoriyaları var.
Diplomat teleqramın sonunda öz şərhini yazıb və bildirir ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi narkotik qaçaqmalçılığına qarşı mübarizədə “böyük uğurlar” əldə edir: “Lakin eyni sözləri Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti barədə demək olmaz. ”Gömrük orqanları xüsusi təyinatlı “K-9" birliklərinə malik olsa da onlar narkodilerlərə qarşı tətbiq olunmur. Amerikanın narkotiklərə qarşı mübarizə üzrə xüsusi agentləri isə bir neçə dəfə şahidi olublar ki, İranla sərhəddə Azərbaycan gömrükçüləri nəqliyyat vasitələrini effektiv şəkildə yoxlaya bilməyiblər, yaxud bunu istəməyiblər”.
RAMİL