Elçin Behbudov Süleyman Nemətovun məsuliyyətə cəlb olunmasını vacib sayır
20 Yanvar günündə Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Bölücülük salmayın, insanları bölməyin”, çağırışına cavab olaraq “Mənə barmaq silkələmə, barmağını qıraram”,- deyən polisin ismi bəlli olub. Həmin şəxsin Nəsimi Rayon Polis İdarəsinin şəxsi heyət üzrə rəis müavini, mayor Süleyman Nemətov olduğu bildirilir.
DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, müvafiq araşdırma üçün vətəndaş rəsmi müraciət etməlidir: “Tutduğu vəzifəsindən və dini baxışlarından asılı olmayaraq istənilən vətəndaş haqqının pozulduğunu, hədələndiyini, həyatı üçün təhlükə yarandığını və yaxud da yarana biləcəyini hesab edirsə, bu barədə daxili işlər orqanlarına rəsmi müraciət edə bilər. Bundan sonra araşdırma aparılaraq qanunauyğun olaraq tədbirlər həyata keçirilir”.
«Yeni Müsavat»ın bildirir ki, qəddarlığına görə polis yoldaşları ona “Çakır” ləqəbi qoyublar.
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov polisin cəzalandırılmasını vacib sayır. Onun sözlərinə görə, buk imi fikirlərilə polis mayoru cəmiyyətdə polisə qarşı münasibəti daha da sərtləşdirir: «Yəqin ki, həmin mayorun adı bəllidir. Məgər polis barmaqqıran vəzifəsində işləyir? Bu nə deməkdir? Bir tərəfdən deyillər ki, bizdə işgəncə yoxdur, digər tərəfdən isə kimin-kimin - İsa Qəmbərin, prezident səlahiyyətlərini icra etmiş bir adamın barmağını qırmaqla hədələyirlər. Cənab Ramil Usubov yəqin ki, bununla bağlı bir tədbir görəcək».
RAMİN