Zemfira Budaqova: “Dənizdən baxanda yumru, hündür, alçaq və rəngli binalar estetik zövqə xələl gətirir”
İlqar Əliyev: “Zövqsüz binalardan ev alanların zövqlərində də problem var”
Hündür mərtəbəli binalar ilk dəfə ABŞ-da tikilib. Bu ölkənin iri şəhərlərində torpağın qiyməti baha, əhalinin sayı isə çox olduğundan göydələnlərin inşaası geniş vüsət almışdı. Sonralar bu binalar eyni səbəbdən Çində, Yaponiyada və Asiyanın digər ölkələrində də tikilməyə başladı. Neftlə zəngin Asiya ölkələrində "göydələnlərin" tikintisi ehtiyacdan irəli gəlmirdi. Sadəcə, Asiya "monarxları" ABŞ-la bərabərləşmək yarışına girişmişdilər.
ABŞ və Çində ehtiyac üzündən başlamış, Asiya ölkələrində isə neft gəlirləri hesabına "ədabazlıq" nümayişi üçün vüsət alan "göydələn" tikintisi avropalıları o qədər də cəlb etmədi. Bunun səbəbi var idi. Elə də dərin tarixi olmayan ABŞ-dan və tarixinə bizlər kimi biganə olan asiyalılardan fərqli olaraq avropalılar öz şəhərlərinin tarixi gözəlliyini itirmək istəmirdilər. Düzdür, sonradan həm Parisdə, həm Londonda, həm də digər Avropa paytaxtlarında bir sıra göydələn ucaldıldı. Lakin onlar maksimum çalışdılar ki, öz şəhərlərinin tarixi görkəminə xələl yetirməsinlər.
Şimal qonşumuz olan Rusiyada, daha dəqiq desək, Sankt-Peterburq şəhərində "Qazprom"un ucaltmaq istədiyi göydələnə qarşı bütün dünya ayağa qalxmışdı. Sonradan Londonda da göydələnlərə qarşı müharibə elan edilib. Ölkənin hökuməti bu sahədə liberalizmə yol verdiyini etiraf etmiş və London şəhərinin mərkəzində göydələnlərin tikintisinə qarşı mövqelərini sərtləşdirib. Əfsus ki, bizdə vəziyyət tamam başqa cürdür.
Bakıda ucaldılan göydələnlər şəhərin görkəmini dəyişməklə yanaşı, həm də ciddi problemlər yaradıb. Paytaxtda elə bir eyvan tapmaq çətindir ki, oradan baxanda yeni göydələnlər görsənməsin. Paytaxt Bakı indi döyüş meydançasını xatırladır. Hara baxsan toz-torpaq, tikintidə çalışan fəhlələrin, maşınların səsi, şəhərin hər yerində, günün istənilən vaxtı şütüyən betonqarışdıran maşınlar, daha nələr-nələr... Azadlıq meydanı isə indi döyüş meydanından çox örüş meydanını xatırladır.
Nə isə... qayıdaq mövzumuza. Sovetlər dağılandan sonra müstəqilliyini qazanan Azərbaycan öz iqtisadiyyatını neftə kökləsə də, son illər Bakıya gələn hər bir insanın gözünə ilk sataşan neft buruqlarından qabaq, məhz uca binalardır. İndi Bakımız uca, zövqsüz rənglərlərlə “bəzədilmiş” yolkaya bənzəyir. Bəlkə də bu mənzərəni izləyən hər hansı əcnəbi vətəndaş elə düşünə bilər ki, ölkədə mənzillə bağlı heç bir problem yoxdur. Əslində isə son 10 ildə Azərbaycanda qurulmuş minlərlə ailənin yarıdan çoxunun mənzilə ehtiyacı var. İndi Bakıda bir qədər ucuz evlər paytaxtın kəndlərində və şəhərin kənarlarındadır. Xülasə, görməmişcəsinə tikilən bu qədər hündür mərtəbəli binalar mərkəzi hissənin həddən artıq yüklənməsinə, infrastrukturun dağılmasına səbəb olur. Ekspertlər isə uzun illərdir ki, həyacan təbili çalır. Onlar paytaxtın mərkəzində çoxmərtəbəli binaların tikintisinin ciddi fəsadlar törədə biləcəyini bildirirlər. Lakin deyəsən, buna heç məhəl qoyan da yoxdu axı. Bununla bağlı ölkə prezidentinin sərancamı da var. Paytaxtın mərkəzi hissəsində yeni, hündürmərtəbəli binaların tikintisinə icazə verilməsi 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyevin keçirdiyi müşavirələrin birində verdiyi müvafiq göstərişdən sonra dayandırılıb.
“Simsar.az”-ın göydələnlərlə bağlı təklifi var
Bakıda tikilən 2000-ə yaxın “göydələnin” böyük hissəsi məhz şəhərin mərkəzində yerləşir. Üstəlik hərəsi bir rəngdə. İndi paytaxtımızı küləklər yox, rəngli göydələnlər şəhəri də adlandırmaq olar. Bu göydələnlərdən kənarda nə varsa, cılız görünür. Estetik cəhətdən zövqümüzə mənfi təsir göstərən bu binaların yüksək səviyyədə fasadlanması paytaxt Bakımızı Avropanın möhtəşəm və göz oxşayan şəhərlərinə bir addım da olsa yaxın edər! Bəs memarlar bu barədə nə düşünür?
Azərbaycan Memarlar Assosasiyasının prezidenti Zemfira Budaqova bu sahədə sui-istifadə hallarının çoxluğundan şikayətləndi: ” Bakının özünün harmoniyası və landşaftı var idi. Yüksəklikdən baxanda amfiteatra oxşayırdı. Binalar elə tikilirdi ki, onların hündürlüyü sahildən uzaqlaşdıqca ucalırdı. Amma indi çoxmərtəbəli binalar bu harmoniyanı pozur. Əksinə indi dənizdən baxanda yumru, hündür, alçaq və rəngli binalar estetik zövqə xələl gətirir. Ona görə də, dənizə yaxın ərzilərdə çoxmərtəbəli binaların tikintisinə yenə də qadağa qoyulmalıdır. Bakı şəhəri gil təbəqəsinin üzərində yerləşir. Həm də hündür binalar tikilərkən, gərək torpağın dözümlüyünə də diqqət yetirilsin. Əgər düzgün konstruksiya ilə tikilməyibsə, sabah zəlzələ olsa, böyük fəalkətlər yaradar bilər”. Digər memar Ilqar Əliyevin fikrincə hündürmərtəbəli binaların sürətlə tikilməsi şəhərin ümumi görünüşünə ziyan vurur və paytaxtın yüklənməsinə səbəb olur: “ Xarici ölkələrdə insanların yaxşı yaşaması onların varlı olması ilə ölçülmür. Orada yaxşı yaşayış deyəndə şəhərdə əlillərz münasibət və onların sərbəst gəzə bilməsi nəzərdə tutulur. Ancaq Bakıda tikilən yeni göydələnlərin demək olar ki, hamısında əlilllər üçün giriş, çıxışlar tikilməyib. Bu isə onların ev şəraitinə daha da qapanmasına gətirib çıxarıb. Həmçinin yaşayış binalarının alt mərtəbələrində və ya zirzəmilərində ofis və dükanların mövcudluğu da şəhərdə sıxlığın və bir qədər də narahatçılığın yaranmasına səbəb olur”. Təmir-bərpa işləri görülərkən, ümumi prinsiplərə riayət olunmadığı kimi, binaların divarlarına vurulan rənglərin zövqsüzlüyündən danışan İlqar Əliyev bu cür binalarda ev alıb, yaşayanları da bir növ zövqsüz adlandırdı.
AYNURƏ Həsənova