Arif Hacılı partiyanın Nərimanov və Naxçıvan təşkilatlarını fəaliyyətsiz qurumlar sayır
Müsavat Partiyasında növbəti istefaların olacağı gözlənilir. Partiya Ali Məclisinin sədri Sülhəddin Əkbər və başqan müavini İbrahim İbrahimlinin məlum istefalarından sonra, digər funkisonerlər Adil Qeybulla və Qabil Hüseynlinin də Müsavatdan uzaqlaşmaları bu prosesin davamlı olacağı barədə ilkin proqnozları doğrultdu. Bir müddət öncə partiyanın Sumqayıt şəhər təşkilatının üzvləri Müsavatdan istefa verdiklərini bəyan etdilər. İstefa verənlər qərarlarının səbəbi kimi Müsavat Partiyasının siyasi kursundakı dəyişikliyi göstərsələr də, əslində bu istefaların arxasında Sülhəddin Əkbər faktorunun durduğu çoxlarına məlumdur. Məlumatlara görə, yaxın günlərdə Müsavatın Nərimanov və Naxçıvan təşkilatlarının üzvləri də istefalarını bəyan edəcəklər. Müsavat Partiyası Nərimanov rayon təşkilatının rəhbəri Sülhəddin Əkbərin qardaşı Səlahəddin Əkbərdir. Müsavatın Naxçıvan təşkilatının rəhbəri isə Sülhəddin bəyin yaxın tərəfdaşı Meydan Babayevdir. Odur ki, hər iki şəxsin, hətta rəhbəri olduqları təşkilatlarla birlikdə partiyanı tərk edəcəkləri gözlənilir. Maraqlıdır ki, artıq Müsavat Partiyaısının rəhbərliyi də hər iki təşkilat istefa səslərinin nə vaxt çıxarılacağını «səbirsizliklə» gözləyir. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı «Simsar.az»a açıqlamasında bildirdi ki, Nərimanov və Naxçıvan təşkilatlarında təmsil olunanların istefa vermələri gözlənilir: «Hər iki təşkilat onsuz da fəaliyyətsizdir. Fəliyyət göstərməyənlərin istefa vermələri asan məsələdir».
RUSLAN