Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

Sürücülər nə üçün şizofrenik, impotent və qatil olurlar?

Sükan arxasında oturub saatlarla maşın idarə etmək daha hansı xəstəliklər yaradır?

Bakını «sürücü xəstəliyi» bürüyüb

Bakı şəhərində sürücülərin, xüsusilə də ictimai nəqliyyatda sükan arxasında əyləşənlərin davranışlarından hər zaman giley-güzar edilib. Marşrutların harada gəldi saxlanılması,  gecikməsi, bəzi yerlərdə yolların kələ-kötürlüyü bir yana, sürücülərin insanlarla kobud rəftarı, aqressiv tonda danışmaları, primitiv musiqi zövqləri, üstəlik, küçə mahnlılarına yüksək səs verib sərnişinləri də ona qulaq asmağa məcbur etmələri daha dözülməzdir. Sənin Üzeyirdən, Vüsal Əliyevdən, Namiq Mənadan, Qaraçuxurludan xoşun gəlirsə qulaqcıq taxıb 24 saat dinləyə bilərsən. Bunun heç kəsə isti-soyuğu olmaz. Amma başqalarını zorla özünün xoşladığın musiqilərə qulaq asdırmağa ixtiyarın yoxdur. Söhbət ictimai nəqliyyatdan gedirsə, sürücünün təbii olaraq bəzi hüquq və azadlıqları məhdudlaşır.

«Sən də qaqaş, mən də qaqaş». Necədi?

Deyək ki, sürücülərin əksəriyyətinin zövqləri fərqlidir. Palatka mahnıları, «sən də qaqaş, mən də qaqaş» meyxanası onların ürəyincədir. Bunu sakit tonda da dinləmək olar. Daha səsi pikə qaldırmağa nə ehtiyac var? Etiraz edəndə də hər zaman tutuquşu kimi eyni sözləri deyirlər. «Xoşun gəlmir minmə».

Ümumiyyətlə, marşrutlardan "pleyer"ləri çıxarıb tullamaq lazımdır. Hamının mobil telefonu, maqnitofonu, DVD, CD player-i, İPOD, Flash kartı və s. var. Ürəyi istəyən öz sevdiyi mahnılara, yaxud istədiyi müsiqili radio kanallarına qulaq asa bilər.
Şükürlər olsun ki, Bakı şəhərində yavaş-yavaş qazellərin axırına çıxılır. Bel-altı il öncəyə qədər kartof-soğan üçün nəzərdə tutulan bu yük maşınları minik vasitəsi kimi istifadə edilirdi. Xüsusilə də şəhərdən nisbətən kənar kənd və qəsəbələrin marşrutlarında... Amma getdikcə sayları azalır, bu, yaxşı haldır. Baxmayaraq ki, qazellərin sayəsində sərnişinlər o qədər mehribanlaşırdılar ki, bəzən bu mehribançılıq qohumluqla nəticələnirdi. Qazellər «bizi birləşdirən dəyər»ə çevrilmişdilər. Nəyi pis idi ki? «Onun yarısı», «bunun parası» tapılırdı qazellərdə. Daha tanışlıq saytlarına, evlilik verilişlərinə ehtiyac qalmırdı. Qazelləri Bakı şəhərindən yığışdıranlara qəhrəmanlıq adı düşür.
İndi Bakıda iri avtobuslar hərəkət edir. Onları sürücülərimiz dar küçələrdən, döngələrdən elə məharətlə döndərirlər ki, cəmi bir neçə balaca maşın zədələnir. Ölüm-itim olmur. Uzunluğu on metri vurub keçən avtobuslar taksiləri ötmək qabiliyyətinə də malikdir. Hər şey dəyişir, inkişaf edir. Tərpənməyən təkcə yekəqarın sürücülərin kobud xasiyyətləridir. Bircə o qalıb ki, «gediş haqqı: 20 qəpik və bir şillə» yazıb yapışdırsınlar. Pulumuzu almaları, 15 dəqiqəlik yolu 30 dəqiqəyə qət etmələri, zövqümüzə təcavüzləri, yol boyu bizi qatıq kimi çalxalayıb soğan kimi əzmələri az deyil, hələ bir üstümüzə də qışqırırlar. İnsaf xatirinə deyim ki, bu məsələdə heç bir ayrıseçkilik qoymurlar, onlar hər kəslə acı danışırlar. Yol polislərilə, nəqliyyat müfəttişlərilə, marşrut həmkarları ilə, yol boyu avtomobil sürücülərilə, konduktorla, sərnişinlərlə, bir sözlə, hər kəslə.

Axı niyə sürücülər bu qədər əsəbi olurlar?

Elə bu sualı çəkinib eləmədən 332 nömrəli marşrutun sürücüsünə ünvanladım.  Elə bircə sual verməyim kifayət etdi ki, əmi sandığı açıb pambığı töksün.
- Bala sübh tezdən bu zəhirmara qalmış rulun arxasında oturub bir də gecə saat 12-də düşürəm. Gecə yatanda da yuxuda avtobus sürürəm. Sutkada 5-6 saat yuxu yatıram. Sürücülərin hamısı mənim kimi şizofireniyadan əziyyət çəkir. Bunların hamısı on manat artıq pul qazanmaqdan ötrüdür.

Apardığımız müşahidələr, söhbətlər də göstərdi ki, sürücülər əslində normal rejimdə işləmirlər. Marşrut xətlərinin icarədaqları  sürücülərlə əmək müqaviləsi bağlamır. Sahibkarlar sürücülərdən gün ərzində elə məbləğ tələb edirlər ki, həmin pulu 8 saat ərzində qazanmaq mümkün deyil. Mümkün olsa belə, onda da sürücü qazancsız qalır. Ona görə də sürücülər gün ərzində 8 saat sahibkar, ən azı 8 saat isə özləri üçün işləyirlər.

Çox maşın sürməyin fəsadları

Ekspertlərə görə, sürücülərin gərgin iş qrafiki qəzaların sayının artmasına gətirib çıxarır. Yuxusuz sürücü sükan arxasında mürgüləyir. Yuxusuzluq ürək ağrılarını, infarkt hallarını artırır. Yuxusuzluq əsəbləri korlayır, sinir sisteminin normal işləməsinə mane olur. Yuxusuzluq insanı xarici qıcıqlara qarşı daha dözümsüz edir və s. Bütün bunlar sürücülərin qəza törətməsinə, həmçinin özlərinin səhhətinə birbaşa mənfi təsir göstərir. Son günlərdə sürücülərin yolda mübahisə zamanı ürək tutması, infarkt keçirməsi hallarını da tez-tez mediada oxuyuruq.

Əsəb pozğunluğu və stress, ürək xəstəliyi yaratmaqla bahəm, saatlarla sükan arxasında əyləşmək əzələləri də zəiflədir. Bədəndə elastikliyi məhv edir. Babasil xəstəliyi yaradır, prostat vəzini sıradan çıxarır və cinsi aktivliyi aşağı salır.

Yuxarıda deyilənləri nəzərə alaraq ictimai nəqliyyatla bağlı xüsusi qaydalar hazırlamasına və burada sürücülərin də maraqlarının nəzərə alınmasına ehtiyac duyulduğu ortaya çıxır. Nə qədər kobud olsalar da, hər nə qədər "yüksək zövq mücəssiməsi" sayılsalar da, onlar bizimdir, bizdən biridir və onların da rahat, sağlam yaşamaq haqları var...






27 Dekabr, 2010  19:21 Baxılıb: 2711 Çap

Bu bölmədə

27 Noyabr, 2024
Sabah leysan yağacaq
18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16