"Təkərlər sürüşdü və qarşıdakı avtomobili vurdum"
Musiqili Komediya Teatrının aktyoru və rejissoru, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Xalq artisti, Prezident təqaüdçüsü, "İlham" miniatür teatrının direktoru və bədii rəhbəri İlham Namiq Kamalın (Əhmədov İlham Namiq Kamal oğlu) Milli.Az xəbər portalına müsahibəsi
- Bu gün hansısa türk komediyasının başlama saatını səbirsizliklə gözləyən orta statistik azərbaycanlı niyə sizlərin yaratdığı milli komediyalara maraq göstərmir?
- Söhbət teatrdan gedirsə, bunun bir əsas səbəbi var. Teatra maraq hələ erkən yaşlarından başlayır. Vaxtilə bizdə dram dərnəkləri, xalq teatrları vardı ki, valideynlər və müəllimlər tez-tez azyaşlı uşaqları bu dərnəklərə aparardılar. Yaxud aktyorlarla məktəblilərin görüşləri, disputları keçirilərdi. Bunun nəticəsində də uşaqlarda teatr anlayışı və sevgisi yaranırdı. Amma bu gün belə dərnəklər və xalq teatrları yoxdur. Bu boşluq davam etdikcə cəmiyyətdə aşağıdan yuxarı teatra olan məhəbbət itdi. Təsəvvür edin ki, Təhsil Nazirliyi məktəblərdə teatr biletlərinin satışını qadağan edib. Lazımsız uduş biletləri, lotereyalar, nə bilim daha nələr olar, amma teatr biletləri olmaz. Təbii ki, bu cür vəziyyətdə teatra maraq qalmayacaq. Bu qayda ilə gedərək, 5-10 ildən sonra Azərbaycanda teatr və aktyorluq sənəti tamamilə silindiyinə şahid olacaqsınız. Bizim nəsil də tükənəcək, amma ondan sonra peşmançılıq başlayacaq və hər şeyi təkrar sıfırdan başlamaq istəyəcəklər. Onda da gec olacaq.
- Sizlərin televiziya tamaşalarınız da var. Cəmiyyət onlara da biganədir axı. Bəlkə siz zamanla ayaqlaşa bilmirsiniz artıq?
- Mən belə düşünməzdim. Şəxsən mənim çəkildiyim “Evləri köndələn yar”, “Bəylik dərsi”, “Mehmanxana sahibəsi” və digər komediyalar uzun illər sevilə-sevilə izlənib, bu gün də izlənir. Söhbət ondan gedir ki, bu gün yeni tamaşalar hazırlanmır, özəl televiziyaların heç biri yeni tamaşa hazırlamaq iqtidarında deyil, maliyyə yoxdur. Hətta, bəzən özəl telekanallar aktyoru çağırıb, pulsuz çalışdırmaq istəyir. Bu şərtlərdə hansı yaşlı, yaxud gənc aktyor çalışar? Yaxud universiteti bitirən gənc aktyora teatr 100 manat əməkhaqqı verir. Kim bu gəlirə ailə qurub, dolana bilər? Lakin o dövrdə 100-150 teatrdan alanda bir o qədər də radiodan, televiziyadan, dublyajdan alırdım. Üst-üstə aylıq min manata qədər məvacib edirdi. Belə olanda aktyor da rahat şəkildə ailəsini dolandırar, öz sənətini davam etdirər, toylara tamada gedib, özünü alçaltmaz.
- Şəxsən özünüz telekanallarımızdakı hansı verilişi daimi izləyirsiniz?
- Konkret olaraq heç birini. Köhnə filmlərimizə, tamaşalarımıza baxıram. Ümumiyyətlə, bu gün efirdə ya şoudur, ya da kriminal. Ciddi sənəti, teatrları kriminal hadisələr və şoular, evləndirmə məsələləri əvəz edib. Halbuki teatr, tamaşalar insanlarda ülvi hisslər formalaşdırır. Əksinə, biz getdikcə cəmiyyətdəki kobudlaşmış hissləri bir az da abırsız şəkildə təqdim edirik. Təsəvvür edin ki, qardaş qardaşı, yaxud oğul atanı öldürür və biz həmin biabırçı olayı bəh-bəhlə efirdən cəmiyyətə təqdim edirik. Mənim tələbəm, balam televiziyadan bu cür kriminalları izlədikcə, onda cəmiyyətə qarşı ikrah hissi yaranır.
- Sizin nəsil böyük aktyorlar ordusu kimi tanınır. Bu ordunun sıralarından kimi özünüzə rəqib görmüsünüz?
- Bizim nəslin aktyorlarının hamısı böyük müəllimlərin əlindən keçib. İstər mən, istər Yaşar, istər Səməndər, istər Fuad, istər Amalya Pənahova, istərsə də digər aktyor dostlarımız bir-bir seçilib, bu sənətə yönləndirilmişik. Burada avanqard rejissorumuz Tofiq Kazımovun xidmətini xüsusi qeyd etmək lazımdır. Bununla belə, kimisə özümə rəqib saymaq, yaxud saymamaq haqda düşünməmişəm. Zənnimcə, “rəqib” ifadəsinin özü doğru deyil. Bizdə rəqib yox, tərəf müqabili var. Səhnədə bir-birimizdən zövq almışıq.
- Qardaşınız Cəfər Namiq Kamalla tərəf müqabili olmusunuz?
- Bəli. “Mənim ərim dəlidir” və “Hərənin öz payı” tamaşalarında tərəf müqabili olmuşuq. Az olub, amma uğurlu olub.
- Hansı Namiq Kamalı daha istedadlı aktyor hesab edirsiniz?
- Zövqlər müxtəlifdir. Kiminsə zövqünə Cəfər yata bilər, kiminsə zövqünə mən. Hər aktyorun da öz sənət xırdalıqları, beyin çevikliyi var. Aktyor idmançı deyil ki, yarışdırıb, hansının güclü olduğunu görəsən. Mənə qalsa, mən bütün istedadlı insanları özümdən istedadlı hesab edirəm.
- Ailə daxilində sənət üstündə qardaşınızla mübahisəniz düşür?
- Açığı, mən evdə, ailədə sənət haqda, teatr haqda danışmıram. Evin öz mövzuları var. Ümumiyyətlə, mən həyatda çox danışan insan deyiləm, mənimki pərdə açılandan sonra başlayır. Pərdə bağlanandan sonra da papağımı götürüb, gedirəm.
- Hansısa məcburiyyət üzündən sənətdən çəkilməli olsanız və buna bağlı gəlir yerlərindən məhrum olsanız, ailənizi nəylə dolandırarsınız? Yəni, əlinizdən başqa hansı peşə gəlir?
- Mənim aktyorluq və rejissorluq fəaliyyətimdən əlavə, müəllimlik, kafedra müdirliyi kimi vəzifələrim də var. Bunların hamısından ayrılmağı nəzərdə tutursunuzsa, daha nə demək olar? 60 yaşı keçən insan başqa nə işlə məşğul ola bilər axı? Televiziya proqramlarında, radio verilişlərində və bu kimi yerlərdə çalışa bilərəm, çalışıram da.
- Sirr deyilsə, saydığınız iş yerlərindən əsas gəlir mənbəyiniz hansıdır?
- Mən gəlir mənbəyi kimi deyil, iş kimi baxıram. Deyim ki, mənim həmişə kifayət qədər pulum olub.
- Aylıq gəlirinizin məbləğini açıqlaya bilərsiniz?
- Bunu bilsəm də demərəm.
- Demək heç özünüz də bilmirsiniz?
- Evə alma, armud, Ordubad qozu almağa pulum var.
- Avtomobiliniz hansındandır?
- İlk avtomobilimi 25 yaşında almışam – VAZ 2103. Sonra onu satıb, yenə həmin avtomobildən almışam. Ardınca 2141 “Moskviç”im olub və onu da “Niva”ya dəyişmişəm. Son 2-3 ilədək həmin “Niva”nı sürmüşəm. Hal-hazırkı avtomobilim isə “Mitsubishi Pajero”dur. Ayrıca, xidməti avtomobil də var.
- Qəzaya düşmüsünüz?
- Allah eləməsin. Ümumiyyətlə, mən yolda çox diqqətliyəm. Yol polislərimiz də sağ olsunlar, çox hörmət edirlər, yolda bir-birimizi qardaş hesab edirik. Cəmi bir dəfə başıma gəlib, onda da ciddi fəsad olmadı. “Moskviç”in vaxtı idi, yağış yağmışdı. İşıqforun qırmızı işığı yananda qarşımdakı “Jiquli” qəfil dayandı və mənim avtomobilim sürüşüb arxadan ona çırpıldı. “Moskviç”in qabağı möhkəm olduğu üçün mənimki o qədər də ciddi xəsarət görmədi, amma onun yük yeri içəri girdi. Heç nə demədim. Hətta orada polis əməkdaşları da vardı. Onun sürücüsü yaşlı kişi idi. Birlikdə getdik və həm onunkunu, həm də öz avtomobilimi təmir etdirdim.
- Polis əməkdaşlarının ağzını “şirin” etdiniz?
- Xeyr. Axı mən dedim ki, onlar mənim qardaşlarımdır. Qardaş qardaşdan “şirinlik” alar?
- Maksimum sürətiniz neçə olub?
- 100-110. O da rayona gedən vaxtlar. Çox sürətlə sürməyi xoşlamıram. Fikrimcə, 100-110 istənilən mənzilə çatmağa kifayət edər.
- Eyni sürətlə teatrımız getsə, nə baş verər?
- Aha... Hər halda, onun da işıqforu olmalıdır da.
- Sizcə, uzun zamandır qırmızı işıqda gözləmirik?
- Məncə, bu sükut işıqforda gözləmək deyil, düşüncələrə qərq olmaqdır. Sabah neyləyəcəyimizi düşünürük. Sabahsa bu gündən başlayır.
Tural Talehoğlu
Milli.Az