EMİN yeni “Wonder” albomunu və konsert proqramını təqdim etdi.
Dekabrın 25-də Heydər Əliyev Sarayında EMİN təxəllüsü ilə çıxış edən istedadlı müğənni Emin Ağalarovun növbəti konserti olub.
Bu konsertdə EMİN “Wonder” ("Möcüzələr") adlı beşinci albomunun təqdimatını keçirib və yeni konsert şousunu nümayiş etdirib.
APA-nın məlumatına görə, anşlaqla baş tutan konsertdə bir çox yaddaqalan məqamlar da yaşanıb. EMİN-in konserti üçün saray səhnəsində xüsusi böyük ölçülü 3 Led ekran quraşdırılıb. Ötən konsertlərdə olduğu kimi, bu dəfə də səhnə dizaynında, əsasən qara rəngdən istifadə olunub.
EMİN Azərbaycan tamaşaçısını salamlayıb, bu səhnədə çıxış etməyin onun üçün çox xoş olduğunu bildirib: “Bu il ərzində bir çox şəhərdə konsertlərim olub. Həmin şəhərlərdə 20-25 dərəcə soyuq olduğu halda, Bakı hər zamankı kimi günəşlidir. Burada beşinci albomumun təqdimatını mənimlə birgə keçirdiyiniz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm”.
EMİN konsertin ilk dəqiqələrindən zalı ələ almağı bacarıb. Müğənninin hər ifası alqışlarla və “bravo” sədaları ilə müşayiət olunub. EMİN konsertdə iştirak edən hər bir tamaşaçıya xüsusi diqqət ayırıb. Ona yaxınlaşıb gül dəstəsi verən və avtoqraf istəyənlərin hər birini hörmətlə yanaşıb.
EMİN-i səhnədə altı musiqiçi və üç bek-vokal müşayiət edib. İki saata yaxın davam edən konsertdə müğənni, hər proqramında olduğu kimi SSRİ xalq artisti, Azərbaycanın unudulmaz müğənnisi, eyni zamanda ailəsinin yaxın dostu Müslüm Maqomayevi də xatırlayıb. Səhnədə qurulmuş böyük ekranda Müslüm Maqomayevin ifasında özünün bəstələdiyi “Sinyaya vecnost” mahnısı nümayiş etdirilib. Müğənni pərəstiş etdiyi və özünə sənət müəllimi hesab etdiyi bu böyük səs qarşısında baş əyib, hər zaman ona bənzəməyi arzu etdiyini deyib: “Heç kimə sirr deyil ki,
Müslüm Maqomayev bənzərsiz səsə malik olub. Hər zaman hansısa hərəkətimlə ona bənzəmək istəmişəm. Onun bu möhtəşəm ifasını göstərməkdə məqsədim bütün dünyada Mülsüm Maqomayev böyüklükdə sənətkarın olmadığını xatırlatmaq idi”. EMİN “My way” və “Bremen musiqiçiləri” cizgi filmində böyük sənətkarın ifa etdiyi Trubadorun mahnısını Müslüm Maqomayevin xatirəsinə ithaf edib.
Konsertdə müğənni həm köhnə, həm də yeni mahnılarını oxuyub. O, “Still”, “Wonder”, “All i need to night”, “Beautifull day”, “Tomorrow” mahnılarını ifa edib. Ruh filmindən hər kəsin sevdiyi “Unchained melody” mahnısını isə həyat yoldaşı Leyla Əliyevaya həsr edib və bu mahnının ifası zamanı səhnədən tamaşaçı salonuna düşərək xanımının yanına gəlib, ona bir qırmızı qızılgül verib. Daha sonra EMİN Heydər Əliyev Sarayının ən sonuncu tamaşaçı sırasına kimi qalxıb. O, tamaşaçılara avtoqraflar verib, fotolar çəkdirib. Daha sonra EMİN repertuarında olan və bir çox radio dalğalarında səsləndirilən “Always” mahnısını oxuyub və bildirib ki, bu mahnı artıq Londonun əsas radiostansiyasında da yayımlanır.
Müğənni proqramı bitirdikdən sonra, tamaşaçıların alqışları altında yenidən səhnəyə qayıdıb və daha bir neçə mahnı ifa edib. EMİN-in yeni proqramını izləməyə gələnlər arasında dövlət rəsmiləri də olub. Müğənninin bu konserti də xeyriyyə məqsədli olub. Konsertdən əldən olunan vəsait Azərbaycanda uşaq evlərinə veriləcək.
Konsertdən sonra isə EMİN “fan-klub”u ilə görüşüb. Onlara avtoqraf verib, foto çəkdirib. Müğənni pərəstişkarlarına üzərində EMİN yazılmış futbolkalar və yeni diskini də hədiyyə edib. Konsertə gələn hər bir tamaşaçıya da EMİN-in yeni albomundan hədiyyə edilib.
Milli.Az