Vəfa Quluzadə: “Rusiya, Amerika, Fransa kimi ölkələr ATƏT, BMT, Avropa Şurası kimi qurumları hərləmirlər”
İlqar Məmmədov: “İki il qabaq Liviya da BMT Təhlükəsizlik Şurasının üzvü idi”
Beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın qorunub saxlanmasına köməklik göstərmək arzusunda olan Azərbaycanın 2012-2013 illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi ölkənin diplomatik uğuru kimi qeyd olunur.
Şərqi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycan heç vaxt Təhlükəsizlik Şurasının üzvü olmaq imkanını əldə etməyib. Hazırda BMT Təhlükəsizlik Şurasının 15 üzvü var və onlardan ABŞ, Böyük Britaniya, Çin Xalq Respublikası, Fransa və Rusiya Federasiyası qurumun daimi üzvləridir. Digər 10 ölkə isə iki il müddətinə şuranın qeyri-daimi üzvü seçilir. Hər il onlardan beşi dəyişir.
Xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycanın Təhlükəsizlik Şurasına seçilməsi kiçik inkişaf etməkdə olan ölkələrin aşağı səviyyəli təmsilçiliyinə yeni görünüş verəcək və Təhlükəsizlik Şurasına daha çox balanslaşdırılmış üzvlük anlayışını gətirəcək.
Ermənistan xarici işlər naziri Edvard Nalbaldyan isə Azərbaycana quruma üzv olmasının əleyhinə çıxıb. O deyib ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına müvəqqəti üzv olması bu strukturun nüfuzunun atrmasına gətirib çıxarmayacaq. Onun fikrincə, ortaya çıxacaq hər hansı bir nəticənin məsuliyyəti Azərbaycana səs verən ölkələrin üzərinə düşəcək. Azərbaycanın son 20 il ərzində hərbi büdcəsini 6 dəfə artırıldığını vurğulayan erməni nazir belə bir ölkənin Təhlükəsizlik Şurasına üzv olmasını anlamadığını söyləyib.
Amma Nalbaldyan nəzərə almır ki, Təhlükəsizli Şurasına üzv dövlətlərin əksəriyyətinin hərbi potensialı olduqca böyükdür. Bununla belə Ermənistanın narahatlığı başadüşüləndir. Çünki BMT-yə üzv dövlətlərin əksəriyyəti Azərbaycanın Təhlükəsizlik Şurasına daimi olmayan üzvlüyünün tərəfdarıdı. İslam Konfransı Təşkilatının üzvləri birmənalı olaraq Azərbaycanın tərəfindədir.
Politoloq Vəfa Quluzadə Simsar.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkənin diplomatik gücünü artacaq, tərəfdarları çoxalacaq: “Ən azından Azərbaycan məsələ qaldıracaq ki, Ermənistan BMT-nin 4 qətnaməsini hələ də qəbul etmir. Siyasət elədir ki, burada gərək bir şeyi hər dəfə təkrarlayasan. Hər dəfə sənə inananların sayı artacaq. Birdə görəcəksən ki, xeyli tərəfdar toplamısan. Azərbaycan diplomatiya, iqtisadiyyat sahəsində Ermənistanı üstələyib. Hərbi cəhətdən də Erməni ordusundan bir neçə dəfə güclüyük. Bizim ən ciddi problemimiz Dağlıq Qarabağ münaqişəsində marağı olan dövlətlərin dəstəyini ala bilməməyimizdir. Rusiya, Amerika, Fransa kimi ölkələr ATƏT, BMT, Avropa Şurası kimi qurumları hərləmirlər”.
Politoloqa görə, adi İsrail bu qurumları ayağının tozuna almır: “Nə qədər ki, Rusiya Ermənistanın arxasından çəkilməyib, nə qədər ki, Rusiya çökməyib regiondakı münaqişələr həll olunmayacaq. Münaqişələrin yaradan Rusiyadır, həlli də onun əlindədir».
Ermənistanın sabiq xarici işlər naziri Aleksandr Arzumanyan Azadlıq Radiosunun erməni xidmətinə bildirib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi erməni diplomatiyası üçün möhkəm başağrısı olacaq: “Yaxın iki ildə biz Ermənistana ciddi meydan oxuma hallarının şahidi olacağıq.
Amma həm də bu o demək deyil ki, Azərbaycanın üzvlüyü BMT-də geosiyasi balansı pozacaq və Azərbaycan BMT Təhlükəsizlik Şurasının gündəmini diqtə edəcək”.
Azərbaycanlı politoloq Ilqar Məmmədov isə Azadlıq Radiosunun “İşdən sonra” proqramına müsahibsində deyir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ona qısa müddətdə bəzi üstünlüklər verir, əlavə imkanlar yaradır:
“Dekabrın 12-də BMT-də iki qətnamə müzakirəyə çıxarılacaq. Onlardan biri Azərbaycanın işğal olunmuş ərazilərinə aiddir, digəri isə GUAM üzvü olan ölkələrdə donmuş münaqişələrə. Azərbaycan illərdir onların qəbuluna çalışsa da, buna nail ola bilmir.
BMT Təhlükəsizlik Şurasına üzvlük Azərbaycanın karına gələ bilər”
Amma politoloq hesab edir ki, qeyri-daimi üzvlüyün hakimiyyət tərəfindən bayram əhval-ruhiyyəsində təqdim edilməsinin əleyhinədir: “İki il qabaq Liviya da BMT Təhlükəsizlik Şurasının üzvü idi. Əgər Azərbaycan hakimiyyəti düşünürsə ki, bu üzvlüklə özünün insan haqları ilə bağlı imicini yaxşı yöndən təqdim edə, fövqəladə statusa yiyələnə biləcək, yanılır. Liviya rəhbərinin aqibəti hamıya məlumdur”.
RAMİL