|
VƏZİFƏLİ ŞƏXSLƏR HƏBS OLUNDU
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi vətəndaşların əmlaklarını ələ keçirmiş vəzifəli şəxslərin ifşası istiqamətində tədbirləri davam etdirir
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi vətəndaşları aldadaraq külli miqdarda əmlaklarını ələ keçirmiş vəzifəli şəxslərin ifşa edilməsi istiqamətində tədbirləri davam etdirir. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, «Kamran B.Ə.» və «Birlik-İnşaat» Məhdud Məsuliyyətli Cəmiyyətlərin vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Bakı şəhərində inşa edilən yaşayış binalarındakı mənzillərin payçılara paylanması zamanı aldatma yolu ilə eyni mənzilə görə çoxsaylı vətəndaşlarla müqavilə bağlamaqla onların hər birindən mənzilin tam dəyərini alaraq külli miqdarda özgə əmlakını ələ keçirmələri faktları üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində cinayət işləri başlanıb.
İstintaq zamanı qeyd edilən tikinti şirkətlərinin ofisinə baxış keçirilərək kompüter avadanlıqları və iş üçün əhəmiyyət kəsb edən sənədlər götürülüb, digər zəruri istintaq hərəkətləri həyata keçirilib, habelə zərərçəkmiş şəxslərin dairəsi müəyyənləşdirilərək onlara dəymiş ziyanın məbləği dəqiqləşdirilir.
Törətdiyi cinayət əməllərinə görə «Kamran B.Ə.» MMC-nin təsisçisi Babayev Ələkbər Tofiq oğlu, cəmiyyətin icraçı direktoru Hüseynov Qerman İsmayıl oğlu və tikintidə nəzarətçi işləmiş Əliyev Süleyman Adil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmin cəmiyyətin direktoru işləmiş Nağıyev Rüfət Qarabala oğlu Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək yaşı və səhhəti nəzərə alınaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Həmçinin «Birlik-İnşaat» MMC-nin təsisçisi və sədri Tağıyev Elman Həsənqulu oğlu Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa Bakı şəhər sakini Nərgiz Səadətli və qeyrilərinin müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən edilib ki, Əliyev Şakir Yusifəli oğlu 2004-cü ildən «AQ İnşaatçı Servis» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə aldatma və etibardan sui-istifadə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə 2010-2011-ci illər ərzində cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 386-cı məhəllədə inşa etdiyi 21 mərtəbəli binadan mənzil almaq üçün müraciət etmiş ayrı-ayrı şəxslərlə mənzilin dəyəri barədə razılaşaraq binadakı mənzillərin satışına dair vətəndaşlarla müqavilələr bağlamış, mənzillərin dəyərini sonunculardan tam şəkildə aldıqdan sonra qeyd olunan şəxslərə ciddi uçot sənədi olmayan kassa mədaxil orderləri və mənzilə görə heç bir borclarının olmaması barədə maliyyə arayışları verərək ümumilikdə 1.243.000 manat məbləğində külli miqdarda özgə əmlakını ələ keçirməklə dələduzluq edib, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb, törətdiyi cinayət əməllərinə görə Şakir Əliyev Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaqın hazırkı mərhələsində təqsirləndirilən şəxslərin daşınar və daşınmaz əmlaklarının, nəqliyyat vasitələrinin müəyyən edilməsi ilə bağlı sorğular göndərilmiş, vətəndaşların aldadılmasında rolları olmuş vəzifəli şəxslərin və digər iştirakçıların dairəsinin tam dəqiqləşdirilməsi, həmçinin qeyd edilən tikinti təşkilatlarının fəaliyyətinin yoxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Həmin tikinti şirkətləri tərəfindən aldadılmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 449-45-17, 449-45-26 və 541-57-82 saylı əlaqə telefonlarına zəng etmələri xahiş olunur.
22 Oktyabr, 2011 02:09 ⁄ Baxılıb: 1468 ⁄ Çap
Bu bölmədə
|
|
|