Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

TƏKRAROLUNMAZ ŞƏXSİYYƏT

Tərlan Rəsulov: “Vaqif İbrahimoğlu dünya üçün teatr konsepsiyası tərtib edib”

Bu gün görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun doğum günüdür. O, 18 oktyabr 1949-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olub.

Vaqif İbrahimoğlu 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirib. 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib.

1989-cu ildən “YUĞ” Teatrının bədii rəhbəri vəzifəsini icra edib.

22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi “Qızıl Dərviş” mükafatı laureatı, ADMİU-nun dosenti idi. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti təqaüdü alırdı. Vaqif İbrahimoğlu 12 may 2011-ci ildə Bakıda vəfat edib.

Simsar.az saytı “Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulovun görkəmli rejissor Vaqif İbrahimoğlu barəsində fikirlərini öyrənib. Tərlan Rəsulov Vaqif İbrahimoğlunu təkrarolunmaz şəxsiyyət hesab edir: “Vaqif İbrahimoğlu həm peşəkarlığına, həm də fəlsəfi düşüncə tərzinə görə təkrarolunmaz insan idi. Onu tanıyanlar yaxşı bilir ki, Vaqif İbrahimoğlu bütün istedadlı gənclərə dəstək verirdi. Gənclərə yardım edirdi, onlara işləmələri, öz istedadlarını göstərmələri üçün şərait yaradırdı. O, İstedadlı, intelektual və şəxsiyyət kimi əvəzolunmaz insan idi”.
Tərlan Rəsulov Vaqif İbrahimoğlunun vəfatından sonra da teatrda onun yaratdığı ideologiyanın davam etdiyini deyir: “Vaqif İbrahimoğlu fiziki olaraq bizim teatrda yoxdur, amma onun ənənələri, qoyduğu fikirlər həmişə teatrımızda yaşayır. “Yuğ”da işlər gedir, Vaqif İbrahimoğlunun müəyyənləşdirdiyi siyasət əsasında axtarışlar aparılır, eksperiment tamaşalar qurulur. Onun tərtib etdiyi metodika ilə teatrımız fəaliyyət göstərir. Onun vəfatından sonra 3-4 tamaşanın primyerasını keçirmişik. Vaqif İbrahimoğlu dünya üçün teatr konsepsiyası tərtib edib. Biz də bu konsepsiyanı yaşadır və onun qoyub getdiyi ənənələri sevə-sevə davam etdiririk”.

Tərlan Rəsulov mərhum rejissorun yolunu davam etdirən tələbələrin “Yuğ”da və başqa teatrlarda fəaliyyət göstərdiklərini, tamaşalar hazırladıqlarını da diqqətə çatdırır: “Onun yetişdirdiyi tələbələri bu gün həm “Yuğ”-da, həm də ayrı-ayrı teatrlarda çalışırlar. Onlardan aktyor Fəxrəddin Manafovu, Fərid İsrafilovu, Məmməd Səfanı misal göstərə bilərəm. Rejissor tələbələrindən isə Gəncə Dram Teatrının baş rejissoru Gümrah Ömər, Mingəçevir teatrının rejissoru Günay Səttar, Tural Vaqifoğlu, Mikayıl Mikayılov onun ənənələrini yenə də davam etdirirlər”.

Biz də fəxr edirik ki, Azərbaycanın Vaqif İbrahimoğlu kimi görkəmli şəxsiyyəti var. Bəli, məhz var. İnasan əməlləri ilə əbədidi. Vaqif İbrahimoğlu əbədi insanlardandır.

Aynurə Həsənova






18 Oktyabr, 2011  12:26 Baxılıb: 1620 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16