Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

RƏSUL QULİYEVİN UĞURSUZ QAYIDIŞIN 6-cı İLİ

2005-ci ilin oktyabr hadisələri yeni siyasi proseslərin 
başlanğıc nöqtəsi oldu

6 il bundan öncə - 2005-ci ilin oktyabr ayında parlament seçkiləri öncəsi Azərbaycanda siyasi ehtiraslar qızışmışdı. Gürcüstan və Ukraynadakı narıncı inqilablardan, Qərb dövlətlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin açıqlamalarından ruhlanan cəmiyyət, müxalifət partiyaları və hakimiyyətdəki bəzi məmurlar ölkədə siyasi dəyişikliyin baş verəcəyinə inanırdılar.

Proseslərin əsas hərəkətverici qüvvəsi qismində ADP, AXCP və Müsavat Partiyasının yaratdığı «Azadlıq» bloku çıxış etsə də, əsas ümidlər okeanın o tayında yaşayan ADP sədri Rəsul Quliyevin ölkəyə dönüşünə köklənmişdi. R.Quliyev daha öncədən cəmiyyətə seçki qabağı Azərbaycana gələcəyinə dair mesajlar göndərmişdi. Nəhayət oktyabrın 17-də səhər tezdən fəal müxalifətçilər, media nümayəndələri R.Quliyevi qarşılamaq üçün Bakı hava limanına üz tutdular. Hakimiyyət də, R.Quliyevi «qarşılamağa» ciddi hazırlanmışdı. Bakıda qeyri-rəsmi olaraq fövqəladə vəziyyət elan olunmuşdu, güc qüvvələri, hərbi texnika aereporta gedən yolun kənarlarına cəlb olunmuşdu. Hava limanının inzibati binasının damlarının üstü ADP sədrini «gözləyən» snayperlərlə dolu idi. Elə həmin gün bildirildi ki, R.Quliyevin olduğu təyyarənin Bakıda enməsinə icazə verilməyib və o, əlacsız qalaraq Ukraynanın Sinfropol hava limanında eniş edib.

ADP sədrinin uğursuz dönüşündən iki gün sonra daha ciddi hadisələr başladı. Oktyabrın 19-da bir qrup hökumət üzvü və yüksək vəzifəli məmur hakimiyyətin zorla ələ keçirilməsinə cəhddə ittiham olunaraq həbs edildi. İqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı, “Azpetrol” şirkətlər qrupunun prezidenti Rafiq Əliyev, hakim partiyanın yaradıcılarından biri, səhiyyə naziri Əli İnsanov, Prezident Administrasiyasının təsərrüfat işləri müdiri Akif Muradverdiyev, “Azərkimya” Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqov, sabiq maliyyə naziri Fikrət Yusifov, Milli Elmlər Akademiyasının prezidenti Eldar Salayev «cinayətkar şəbəkə»nin nümayəndələri kimi həbs olundular.

Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin ictimaiyyətə açıqladıqları birgə məlumatda həbs olunanların dövlət çevrilişinə cəhd, dövlət əmlakını talamaları, səlahiyyətlərindən sui-istifadə etmələri qeyd olunurdu. Həmçinin bildirilirdi ki, həmin şəxslər hakimiyyətin zorla ələ keçirilməsi üçün Rəsul Quliyevlə cinayət əlaqəsinə giriblər. «Dövlət çevrilişi»ndə ittiham olunaraq neçə-neçə insan həbs edildi, vəzifəsindən kənarlaşdırıldı. Hdtta «İki Sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin qardaşı, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin rəis müavini İlqar Rəhimzadə polis qüvvələrinin dislokasiyası barədə məlumatları ADP sədrinin rəssam tanışı Sabir Baxşəliyev verməkdə ittiham olunaraq cəzalandırılıb.

2005-ci ilin oktyabr hadisələrində siyasi fəallığı ilə seçilən, dövlət çevrilişin planının əsas təşkilatçısı sayılan Rəsul Quliyevin müavini olmuş Sərdar Cəlaloğlu Simsar.az-a açıqlamasında bildirdi ki, 6 il öncə baş verənlər siyasi hadisə olduğundan məsələlərə hüquqi qiymət vermək çətindir: «Əgər ortada hüquq pozuntusu, dövlət çevrilişi planı var idisə, məni mütləq şahid qismində istintaqa dəvət etməli idilər. Necə olur ki, birinci müavin mən ola-ola Rəsul Quliyevin məmurlarla söhbətlərindən, alış-verişindən xəbərim olmayıb. Rəsul Quliyevin siyasətini, təkliflərini ölkədə mən icra etmişəm. Dəxli olmayan adamları istintaqa cəlb etdilər, məni yox. Hüquq-mühafizə orqanları o qədər qeyri-peşəkardılar ki, hətta siyasi sifariş olmayan işləri həyata keçirən zaman ciddi nöqsanlara yol verirlər».

Komandaya xəyanətin cəzası

S.Cəlaloğluna görə, 2005-ci ilin oktyabrında baş verən həbslər hakimiyyətdaxili qüvvələrin neytrallaşdırılması idi: «Əli İnsanov, Fərhad Əliyev siyasi iradələrinin qurbanı olub. Digər məmurlar isə onların qurbanına çevrildi. İlham Əliyev onları həbs etdirməklə, hakimiyyətdə çevriliş tərəfdarları olanları qorxutmuş oldu. Vəzifəlilərin həbsi hakimiyyətin ömrünü uzatdı. Həbs qorxusu hazırkı məmurların canından hələ də çıxmayıb və düşünürəm ki, bu qorxu sonadək onları təqib edəcək».

ADP sədri düşünür ki, Ə.İnsanov və F.Əliyevin tutduğu yol səhv olub: «Komandada təmsil olunan adamın siyasi iddia ortaya qoyması düzgün deyil. Onlara konkret vəzifələr həvalə olunmuşdu və kifayətlənməli idilər. Əgər siyasi kursla razılaşmırlarsa, istefa verməli və siyasi müxalifətçiliklə məşğul olmalı idilər. Çevriliş heç vaxt xalqı, dövləti qabağa aparmır. Çevrilişlə, qan bahasına hakimiyyətə gələn qüvvə asanlıqla hakimiyyətdən getmək istəmir, avtoritarlaşır. Elə indiki iqtidarın da avtoritarlaşmasının kökündə onun çevriliş yolu ilə hakimiyyətə gəlməsidir».
R.Quliyevin öləyə dönüş cəhdinə bir daha toxunan S.Cəlaloğlu qeyd etdi ki, keçmiş sədr kobud səhvə yol verdi: «Mən 2005-ci ilin may ayında Amerikada Rəsul Quliyevlə görüşmüşdüm. Dedim ki, əgər ölkəyə dönmək istəyirsinizsə, səssiz-küysüz dönün. Gücdən istifadə olunacaqsa, heç nə alınmayacaq. Başqa cür mümkün də deyildi. Hakimiyyət bütün gücündən istifadə etdi. Müxalifət nümayəndələrini Əzizbəyov metrosundan o tərəfə keçməyə belə qoymadı. Sonradan məlum oldu ki, müəyyən adamlar Rəsul Quliyevin başını bişirib. Onu inandırmağa çalışıblar ki, gəlsə, xalq onun həbsinə imkan verməyəcək, nə bilim millət ayağa qalxacaq, hava limanına yürüş edəcək. Rəsul Quliyev çox sadəlövh adam idi. Kim nə deyirdi, ona inanırdı. Aydın Quliyev kimi adamlar onu məhv elədi, zəlil günə qoydu. Mən Rəsul Quliyevə təklif verirdim, Aydın Quliyev zəng edib deyirdi ki, Sərdar sənin Bakıya gəlməyini, o cümlədən partiyanı əldən buraxmağı istəmir. Axırdan-axıra Rəsul Quliyev mənim heç bir sözümü eşitmirdi, elə bir divarla danışırdım. Aldadıb onu ADP-dən ayırdılar. Rəsul Quliyevi gücsüz hala salandan sonra onu tərk etdilər və hakimiyyət tərəfə keçdilər. Əlbətdə ki, belələri bu dünyada da cəzalarını alırlar. Baxın, Rəsul Quliyev sonradan başa düşdü ki, hakimiyyətlə zor dilində danışmaq mümkün deyil. O, elə bir vaxtda yumuşalmağa, hakimiyyətlə aşağı tonda danışmağa başladı ki, artıq gec idi və qorxaqlıq, yaltaqlıq kimi qəbul olundu. İndi də ortalıqda qalıb. Bədii kitablar yazmaqla vaxtını keçirir».
S.Cəlaloğluna görə, 2005-ci ildə hakimiyyətin dəyişməsi üçün real şərait olub, amma Rəsul Quliyevin səhv addımları, onun ətrafında təhlükəli adamların olması imkanları alt-üst edib.


«İlan vuran ala çatıdan qorxar»


Politoloq Zərdüşt Əlizadəyə görə, 2005-ci ilin oktyabrında məmurların həbsi zərurətdən doğmuşdu: «Görünür, İlham Əliyevlə məlumat olub ki, məmurlar ona qarşı xəyanət etmək istəyirlər. Əli İnsanov, Fərhad Əliyev və digər məmurlar Rəsul Quliyev və onun buradakı adamlarının yalanlarına inanmışdılar. Düzdür, onları dövlət çevrilişində ittiham edərək həbs etmişdilər, amma məhkəmədə korrupsiyada ittiham olundular».
Z.Əlizadə qeyd etdi ki, Azərbaycanda məmurların siyasi savadları aşağı səviyyədədir: «O qədər korrupsiyaya bulaşıblar ki, istənilən sərt açıqlama onlarda qorxu yaradır. Siyasi analizetmə qabiliyyətləri aşağı səviyyədədir. Mən hələ o vaxt demişdim ki, Rəsul Quliyev ölkəyə gəlməsə, heç bir dəyişiklik baş verməyəcək. Hətta gəlib həbs edilsə də, heç nə dəyişməyəcək. Məmur qorxaq olur. O, təhlükəsizliyinə tam təminat almamış heç bir addım atmaz. Bunu dərk etmək lazımdır».
Politolqa görə, Əli İnsanov, Fərhad Əliyev və digərlərin həbsi başqa məmurlara da ciddi xəbərdarlıq oldu: «İlan vuran ala çatıdan qorxan deyiblər. Quldarlıq və feodalizm dövrlərində cadügərləri, əsirləri, kafirləri, cinayətikarları öldürüb başlarını hər kəsin görə bildikləri bir yerdən asırdılar ki, görk olsun, qorxu hissi heç vaxt insanları itirməsin. Bu yolla kral hakimiyyəti idarə edirdi. İndi də Fərhad Əliyev və Əli İnsanovu həbsdə saxlayıblar ki, məmurlar onları baxıb hazırkı vəziyyətlərinə şükür eləsinlər və səslərini çıxarmağa cəhd göstərməsinlər. Həbsdəki keçmiş məmurlar indiki məmurlar üçün göz dağıdır. Prezidentə itaət etməyən hər bir məmuru Əli İnsanov və Fərhad Əliyevin halı gözləyir. Hakim partiyanın siyasəti budur ki, istədiyin cinayəti et, amma prezidentə sadiq ol. Onlar düşüncəsizliklərinin və siyasi ehtiraslarının qurbanları oldular».

«Rəsul Quliyevin qayıdışı zəif təşkil olunmuşdu»

Açıq Cəmiyyət Partiyasının sədri Vaqif Mahmudov hesab edir ki, Rəsul Quliyevin ölkəyə dönüşünün baş tutmaması, təşkilatçıların zəifliyinin nəticəsi idi: «Mən həmin vaxt hadisələrin içində deyildim. Müşahidələr göstərdi ki, Rəsul Quliyevin qayıdış məsələsi müxalifət partiyaları tərəfindən yaxşı təşkil olunmamışdı. Həm xalqın bu prosesə hazırlanması, həm də partiyadaxili əlaqələrin qurulmasında nöqsanlara yol verilmişdi. Ona görə də, Rəsul müəllimin ölkəyə dönüşü baş tutmadı».
Məmurların həbsinə gəldikdə isə V.Mahmudov qeyd etdi ki, həbslər olunanların R.Quliyevlə hər hansı ələqasi olmayıb: «Rəsul Quliyevin ölkəyə dönüş cəhdi ilə məmurlarn həbsi vaxt baxımından üst-üstə düşdüyü üçün hadisələrə başqa ad verdilər. Məmurların həbsi hakimiyyət daxilindəki problemlərlə bağlı idi».


Ruslan XƏLİL






17 Oktyabr, 2011  15:36 Baxılıb: 2127 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16