“Heç kim heç kimə güvənə bilmir, heç halına da acımır”
“Dövlət düşünməlidir ki, dünyaya təkcə boksçumla yox, həm də yazıçımla çıxım”
Onunla Sahil bağında görüşdük. Bağ bir tərəfi məşhur, başqa tərəfi məhşum adlandırılan Azərbaycan Yazıçılar Birliyinin yerləşdiyi bina ilə üz-üzədir. Təbii ki, bizim ədəbiyyat mühiti barəsində söhbətimizi bu binada oturanlar eşitmirlər. Heç bizim cəmiyyət barəsindəki söhbətlərimizi də parkda əyləşənlər eşidə bilməz. Amma onlardan bu müsahibəni oxuyanlar olacaq. Bir qadının, bir yazarın, bir vətəndaşın simasında oxuyub da Azərbaycanı görəcəklər. Bu azərbaycanlılara necə təsir bağışlayacaq?..Hələ ki, bilmirik. Mənsə onu belə gördüm: O, ruhunun dərinliklərindən səslənən qadındır. O, yazar Aysel Əlizadədir.
- Birinci sualı Sizə Ahmet Kayaya qulaq asa-asa hazırlamışam. Əlbəttə müsahibənin suallarını əvvəlcədən yazmamışam. Bir-birimizlə danışacağımız mövzular çoxdur və biz buna hazırıq. Elə təkcə hazır olduğumuz bu deyilmi? Amma yenə də Ahmet Kayanın “An gəlir” mahnısının sədası altında Sizdən soruşuram o hansı andır ki, gəlir?
- Mənimçün nə gəlirsə, xoş gəlir. Həyatımda elə bir an yoxdur deyim ki, o gəlmədi. Nə gəlirsə, onu zəruri, lazımlı, önəmli olduğu kimi qarşılayıram. Amma möhtəşəm bir an var, o bir arzunun gerçəkləşəcəyi andır. Onun nə vaxt gələcəyini bilmirəm.
- Bəlkə bizə də deyəsiz, hansı möhtəşəm anın gəlməsini gözləyirsiz?
- “Nobel” alacağım günü. (Gülür)
- Azərbaycan dilində yazmaqla dünyaya çıxmaq olar?
- Olar. Əgər biz düşünsək ki, mümkün deyil, o zaman gərək hamımız qələmimizi yanımıza qoyub, başqa işlə məşğul olaq. Bütün yazıçılar dünyəvi dillərlə ortaya çıxmayıb ki...Çox yazıçılar öz dillərində yazıblar. Düşünürəm ki, dövlət də ədəbiyyatın dünyaya çıxmasında təşəbbüskar olmalıdır. Düşünməlidir ki, dünyaya təkcə boksçumla yox, həm də yazıçımla çıxım. Bunun üçün ölkədə ədəbiyyat adına işlər görülməlidir.
- Azərbaycanın yeni ədəbiyyat mühitini açıq-saçıqlıq tendensiyası bürüyüb. Hər şeyin bir klaviatura düyməsinə bağlı olduğu əsrdə doğrudanmı belə ədəbi düşüncə ilə diqqət çəkmək mümkündür?
- Belə düşüncə məhsulunu yaradıcılıq hesab etmirəm. Klassik rəssamların çılpaq qadın rəsimləri var. Biz o əsərlərə baxanda zövq alırıq. Mən bu əsərlərə heyranlıqla baxıram. Bu, erotika mədəniyyətidir. Biz dünyaya çılpaq gəlirik. Çılpaqlıq bizim təbii, doğal halımızdır. Bunu şeirdə, hekayədə, əsərdə o qədər səviyyəli, təbii yaratmaq lazımdır ki, oxucu oxuyanda normal qəbul etsin. Hamı necə sevişməyin texnikasını bilir, amma gerçəkdən sevişməyin estetikasını hamı bilirmi? Yox. Sevişmək sevgi sözündəndir. Hamı bu işi sevə-sevə görməyi bacarmır. Eləcə də sevişmək səhnəsini hər adam yaza bilməz.
- Şairlə şair olmayanın fərqi nədir?
- Biri şairdir, biri şair deyil. Böyük mənada fərqlənmirlər. Gerçək şairlərin bütün hadisələrə ağrılı münasibəti olur. Şair olmayan insanların ancaq öz qayğıları var, şairlər isə başqalarının da ağrısını öz ruhundan keçirirlər.
- Aysel Alizadə yazmasa dünyada nə dəyişər?
- Başqalarının həyatında heç nə dəyişməz. Ancaq mənim həyatımda nələrsə dəyişə bilər.
- Amma Markes, Cek London olmasa, dünyada çox şey dəyişər...
- Minlərlə yazıçılar var, onlardan biri olmasa heç nə də dəyişməyəcək. Düzdür, itki sayılar, amma bir-birini əvəz edən çoxlu yazıçılar var.
- Deyirlər ki, yazıçılar uydurur, oxucunu aldadır, özləri həyatı necə görmək istəyirsə elə də yazır. Bəlkə başa düşürlər ki, onların gerçək duğuları heç kimə maraqlı deyil.
- Həmid Herişçinin bir sözü var deyir ki, bizim yazarlar çox vaxt mənindən yazırlar. Bu, maraqlı deyil. Mən də dedim ki, bəlkə o mən özü maraqlı deyil. Axı mən özü də maraqlı olmalıdır. Mən özü maraqlıdırsa, onun şəxsi hissləri də maraqlıdır. Mən maraqlı deyilsə, o səndən də yazsa maraqlı olmayacaq.
- Kimləri oxuyursuz?
- Son zamanlar qadın yazarları daha çox oxuyuram. Ceyms Coysu da oxumağa başlamışam.
- Bəs Azərbaycan yazıçılarından kimləri oxuyursuz?
- Mövlud Süleymanlını, Muğannanı, zamanında Anarı, Məmməd Arazı oxumuşam. Bizim çox yaxşı yazıçılarımız var, onların yaradıcılığına ironik yanaşa bilərik, amma bu, bizə üstünlük gətirməz. Yazıçılarımızı bəyənməməyimiz ən utancverici məqamımızdır. Gənc yazarlarımız var, yaşlı, qocaman yazıçı haqqında “o, yazıçı deyil” ifadəsini kobud, tərbiyəsizcə işlədirlər. Adama deyərlər ki, sən kimsən hökm verirsən?..
- Gənc yazarın yaşlı yazıçını bəyənməməsi Sizcə normal deyil?
- Etiraz etsin, kim nə deyir ki.. Axı tərbiyəsizlik edir. Hökm vermək, “o, yazıçı deyil” demək kökündən yanlışdır. Gənclik düşüncəsi ilə yenidir.
- Gənclik fərqli fikir söyləyəndə yeni olmur ki? Əslində gəncliyin mahiyyəti yeni olana can atmaq, köhnə olana etiraz etməkdir də.
- Gənclik ortaya qoyduğu işlərlə yenilikçidir.
- Gəncin fərqli düşüncəsi elə ortaya qoyduğu iş deyilmi?
- Gənclik etiraz edirsə, nativ yoxdursa, köpükdür.
- Gənc yazarların çoxu yaşlı yazıçıların onları qəbul etməməsindən gileylənirlər...
- Qəbul edirlər, hətta eləsi var ki, çiyini-çiyinə o uşaqlarla dostluq da edir. Amma hər şeydə həddini aşmaq yaxşı deyil. O uşaqların yazılarını oxuyuram. Bir-birilərini elə təhqir edirlər ki..Bir insanın başqası haqqında pis söz deməsi tərbiyəsizlikdir. Azərbaycan xalqı qeybətə meyillidir. Bunu ədəbiyyatda görmək mümkündür.
- Sizə qəfildən bir sual verim: Anarın AYB sədrliyindən getməsini istəyirsiz?
- Mən ümumiyyətlə yeniləşməyin tərəfdarıyam. Anar müəllimdən sonra Yazıçılar Birliyi qəddar, mənfəət güdən birinin əlinə kecəcəksə, biz nə qazanacağıq? Onun getməyi nəyi dəyişəcək ki? Əgər Anar müəllimin gedişindən sonra o post ondan daha bacarıqlı, təşkilatçılığı bacaran birinin əlinə düşəcəksə, bəlkə vaxtıdır.
- Məsələn, Rəşad Məcid Anar müəllimdən daha bacarıqlı ola bilər?
- Nostradamus deyiləm. Necə proqnoz verim?..
- AYB-də islahatlara ehtiyac var, yoxsa Siz də çoxları kimi düşünürsüz ki, islahatlar heç nəyi dəyişmək gücündə deyil?
- Əlbəttə, var. Azərbaycanın bütün sahələrində islahatlar aparılırsa, Yazıçılar Birliyində niyə olmasın?..
- Konkret hansı islahatlar zəruridir?
- Ənənəvi tədbirləri yığışdırmaq lazımdır. AYB-də yaradıcı abu-hava yaratmaq vacibdir.
- Belə abu-hava yoxdu ki?
- Var, amma naftalinlidir. Yazıçılar Birliyində həyatın səsi eşidilmir, sönüklük var. İçəri daxil olanda adama elə gəlir ki, burda hər şey kədərlidi, hamı yorğundu, divarlar da, oturduğumuz stullar da. Hər şey təzələnməlidir, orada o qədər kədər var ki, gülüş görünmür. Nə vaxt ora gedirsən adama elə gəlir ki, gözə görünməz, “Sakit olun dərs gedir” şüarlar olan lövhələr asılıb. Axı niyə sakit olmalıyıq? Gəlin hay-küy salaq, hiss etdirək ki, burda yazıçılar yaşayır. Şeir deyək, hekayə oxuyaq..Yazıçılar Birliyində adam darıxır. Bunun səbəbini tapmaq lazımdır.
- Yazıçılar Birliyinin üzvüsüz?
- Bəli.
- Bildiyimizə görə prezident təqaüdçüsü də olmusuz.
- Bəli 2009-cu ildə prezident təqaüdüçüsü oldum və cəmi bir il qonorar aldım.
- Bu təqaüdü almaq üçün AYB-yə üzv olmaq istəyənlərin sayı çoxdur. Deyilənə görə proses tanışlıqla həyata keçirilir.
- Mənə qonorar veriləndə xəbərim yox idi ki, dövlət gənc yazarlara təqaüd ayırıb. Əlbəttə çox xoş oldu. İstərdim ki, bu təqaüdü bir neçə il alım. Anar müəllimsə qərara alıb ki, qonorarı hər il ayrı-ayrı adamlar almalıdır. Bir illik təqüd yazarın həyatını yüngülləşdirmir. Onsuz da bu məbləğ elə də böyük deyil. Adam utanır deməyə ki, prezident təqaüdü bu qədər azdır.
- Nə qədər alırdız?
- 200 manat.
- Təqaüd hansı məqsədlə verilir?
- Dəstək məqsədilə verilən təqaüd gənc yazara yatırım mənasını daşıyır.
- Prezidentin yazara pul verməsi onun yaradıcılığını məhdud çərçivəyə salmır ki?
- Mən belə düşünmürəm, hər şey yazardan asılıdır. Təqaüd alan gənc yazarları qınayanların o təqaüdü almalarına necə hazırlaşdıqların görmüşəm. Bizdə yazıçıların da, jurnalistlərin də vəziyyəti yaxşı deyil. Ona görə qonorar almaları normal qarşılanmalıdır.
- Amma maddi vəziyyəti yaxşı olan yazarların sayı da az deyil.
- Bir-iki nəfər yaxşı yaşayan varsa, bu, bütün yazıçıların vəziyyətinin yaxşı olmasından xəbər vermir.
- AYB üzvləri ilə Azərbaycan Yazıçılar Ocağında təmsil olunanların maddi vəziyyətləri arasında böyük fərq var. AYO-çuların sosial durumu ürəkaçan deyil.
- Mən AYB-çiyəm. AYO-çulardan dahamı yaxşı vəziyyətdəyəm?.. Niyə hamıya elə gəlir ki, AYB-də pul paylayırlar. Bəlkə AYO-çular özləri haqqında yoxsulluq mifi uydurublar. AYB-yə üzv olanların içərisində kifayət qədər istedadlı, eyni zamanda pula ehtiyacı olanlar var. Onlardan biri yazıçı Eyvaz Əlləzoğlu öldü. Həyat yoldaşı da bu dərdə dözməyib, özünü öldürdü. Onların ailələrinu ehtiyac bu günə qoydu. Mərhum Eyvaz Əlləzoğlu AYB-ni üzvü idi. Onun kimi ehtiyac içində olan nə qədər AYB-çi var.
- Elə təəssürat yaranır ki, AYB yoxsulların yeganə pənah gətirdiyi yerdir. Bəlkə buna görə ora müqəddəs deyirlər...
- Yazıçılar Birliyi yazarların ümid yeridir. Çox ağır bir dönəmdən keçdik. Bu dönəmdə nə qədər nər-nər kişilərin ürəyi partladı, ayaq üstə öldülər. Bu ağır dönəmdə Anar müəlim yazan adamı qapıdan qova bilməzdi.
- Amma yaza bilməyənlərin çoxunun da üzünə bu qapılar səxavətlə açılır.
- Sizcə onlardan rüşvət alıb qəbul edirlər?.. Əlbəttə yox. Anar müəllim insanları incitməmək üçün onların üzünə qapıları açır. Əgər bu adamlar varlı olsaydılar, deyərdim ki, AYB sədri onlardan rüşvət alır. Onlar kasıbdır, üstəlik hər yerdən qovulmuş, əli üzülmüş insanlardır. Burda pənah tapırlar. Burdan da onları qovsaq hara getsinlər?..
- Kimsəsizlər evi fəaliyyət göstərir. Belə çıxır ki, bu birlik digər nazirlik, qurumlardan qovulanlardan daha ürəyiaçıqdır?
- Bu barədə asan danışmaq sizə rahat gələ bilər. Böyüklük odur ki, belə insanlara qapılarını aça biləsən. Əgər biz bu gün deyiriksə, AYB yazıçı yetişdirmir və o zaman bu birliyin üzvlərinin davasını etməli deyilik. Gerçək yazarsansa, sənə nə var, qurumun üzvü nə qədərdir...
- AYB-yə üzvülük kütləvi xarakter alıb. Yəni bir limit-filan yoxdur?
- Biz bundan nə itiririk?
- Oxucu itirir.
- Oxucu oxumaq istədiyi adamı, mütləq tapıb oxuyacaq.
- Sizi oxuyan oxuyacaqdısa, onda niyə bu quruma üzv olduz?
- Bu quruma acığa üzv oldum. Ona görə ki, bura üzv olmaq istəyənlər var idi, onlar AYO-çuların təpkisindən çəkinib, üzv olmurdu. Elə nazirlər var ki, onlar oturduğu yerə layiq deyil. Biz onların adını çərkməyə qorxuruq, amma 3-5 yazıçı var hər gün onların adını çəkirik. Əgər biz deyə bilmiriksə, filankəs sən bu ölkədə hansı terrorla məşğulsan, onda gərək bunu da deməyək. Bu qurumda o qədər evi, kimsəsi olmayan, çörək tapa bilməyən yazarlar var ki...AYB-də kök salan, yığılıb qalan problemlər məsələnin başqa tərəfidir.
- Bu qurumun üzvləri içərisində evi, kimsəsi olmayanlardan bir neçəsinin adını çəkə bilərsiz?
- Mən bu quruma ilk dəfə gələndə o qədər yazıq adamlar gördüm ki, çox acıdım. Azərbaycan ədəbiyyatında 3-5 yazıçı olub. Belə çıxır ki, bu quruma ancaq onlar üzv olmalıdır?.. Bu birlik mənə qələm tutmağı öyrətməyib. Yazıçılar Birliyi universitet deyilsə, yazıçı yetişdirmirsə, o zaman biz onların üzvlərini saymalı deyilik.
- Niyə Azərbaycan ədəbiyyatı bu qədər sönükdür?
- Bizim ölkədə hər sahə bu gündədir. Göz önündə olan ciddi sahələr var ki, orda qeyr-peşəkarlar işləyir. Sözün həqiqi mənasında bu, terrordur. Bunun birbaşa cəmiyyətə ziyanı var. İslahatlar deyəndə onu nəzərdə tuturuq ki, üzvlər saf-çürük edilsə, ortaya doğru bir kollektiv yaransa, bu, gerçək mənada islahat olacaq. Bundan sonra ağlayan da, etiraz edən də, qapıda yatan da tapılacaq. Azərbaycan televiziyasında dəyişikliklər olanda Arif Alışanov bütün köhnə kollektivi dəyişdi, köhnə işçiləri demək olar ki, işdən çıxardı. Kollektivlər ələndi və yeni üzvlər gəldi. Fövqalədə bir dəyişiklik olmadı, amma hər halda islahat aparmaq istəyən adam gərək insanların göz yaşlarını, sentimental duyğularını nəzərə almasın. Anar müəllimin yəqin ki, daha bunları etməyə ürəyi gəlməyəcək. O, bu qurumu pis-yaxşı saxlaya bilib. Bəlkə o, olmasaydı bu qurum dağılardı. Ondan sonra elə bir rəhbər olmalıdır ki, islahatları şərəflə və bir az da insanları incitmədən etsin, ölü abu-havanı dəyişsin. Bundan sonra canlanma, dirçəliş mümkündür.
- Çoxları AYB-nin ləğvini istəyir. Siz də o çoxlara aidsiz?
- Bu qurumun tamamilə ləğvinin tərəfdarı deyiləm. Dünyanın bütün ölkələrində leqal, yaxud da qeyri-leqal Yazıçılar Birliyi var. “Nobel” mükafatlarına, birı sıra ədəbiyyatla bağlı müsabiqələrə həmin qurumlar üzvlər göndərir. Bu qurum əlaqələrin yaradılmasında, dünyada keçirilən festivallara qatılmağımız üçün lazımdır.
- Yazıçılar Birliyi axırıncı dəfə belə festivala kimi göndərib?
- Azdan-çoxdan gedib gələnlər olur.
- Azərbaycan ədəbiyyatının indiki durumu Sizi qane edir?
- Yeni, novator ədəbiyyat yaranır. Uzun müddət bu yaranma prosesi gedəcək.
- Həmyaşıdlarınızdan, Sizdən gənc olanlardan kimləri oxuyursuz?
- Tutarlı fikrin oxucusuyam. Bizim nəsildən Seymur Baycanın bütün kitablarını oxuyuram, onda tutarlı fikirlər çoxdur. Qanturalının yazılarını bəyənirəm. Gənclərdən Əli Əlioğlunu, Nərmin Hüseynzadəni, Cavid Zeynallını oxuyuram.
- Bəs kimin şeirlərinin oxuyursuz?
- Aqşinin şeirlərini oxuyuram. (gülür)
(Yorğun görünsə də Aqşindən danışanda gözlərində işıq yanır. Anlamaq olmur sevinir, yoxsa kədərlənir.)
- Gizlətməyə çalışırsız, amma hər dəfə Aqşindən söhbət düşəndə gözlərinizin içində ecazkar bir işıq hey yanır sönmədən...
- Ola bilər. O, mənim doğmamdır. Yaxşı oğlan deyil, amma mən ənənələrə sadiq adamam.
- Aysel Alizadə çətin xanımdır?
- Elə anı var ki, çox çətindir, elə də anı var çox asandır.
- Bəlkə Aqşinə Aysellə çətin idi?
- Əlbəttə.
- Adətən deyirlər ki, iki yazar, iki şair bir-birilə ailə quranda çox xoşbəxt olur.
- Uzaqdan uzağa gözəldir, bir yerdə olanda isə partlayış olur. Sən mina, o mina.
- Yəqin İzel sizin ən yaxşı partlayışnızdır.
- İzel partlayışın özüdür.
- Yovuşan qadınsız?
- Aysel etibarlıdır, sadiqdir, mərddir, dostdur amma yovuşan qadın deyil. Bir səd var, onu keçəndən sonra insanlarla doğma oluram.
- Hansı səddir o elə?
- Sizdən sənə keçəndən sonra.
(Bu sualı verəndə çox tərəddüd etdim. Görünür o, da bunu hiss edib, “nə istəyirsən soruşa bilərsən, sən çox kişidən əzələlisən” dedi. Düzü, birinci dəfə idi, bir qadın başqa qadın haqqında “əzələlisən” kəlməsini belə gözəl işlədirdi.)
- Həyatınızda belə bir doğma kəsiniz varmı? Söhbət əks cinsdən gedir.
- Ayselin həyatından olan kişi gərək ondan güclü olsun.
- Belə birini istəyirsizsə, deməli, həmişə tək olacaqsız.
- Bəlkə də haqlısız. Kişi çox ağıllı olmasa da olar, yanında ağıllı qadın olsa, bəsdir. Mənim çox sevdiyim bir personaj var- Axilles. İndi Axilles var? Bu gün belə obrazların dövrü deyil. Çox yaxşı kişi dostlarım var, amma sevgi münasibətlərinə gələndə nəsə alınmır. Son günlər düşünürəm ki, kişi sevgisi olmadan yaşamaq daha rahatdır.
- Belə düşünməyinizə səbəb nədir?
- Çünki əlavə qayğıdır, əlavə yükdür. İnsanın həyatında biri varsa, o sənin həyatını yüngülləşdirməlidir. İki insan ancaq o zaman bir evdədirlər ki, onların bir evləri var. Amma iki insan bir evin içində yad evin sakinləri kimi yaşayırlarsa, bu, evlilik yox, qonşuluqdur. Ayrı-ayrı dəyərlərlə iki insan bir yerdə ola bilməz. İki insan bir yerdə o zaman ola bilər ki, bir-biri üçün günəş olsunlar.
(Çox rahat qadındır, istənilən mövzuda suallarına onunla söhbətində cavab tapa bilərsən. Aysellə Aqşin barədə çox az danışmışıq. Həmişə onu yaralamamaq, daha çox incitməmək üçün bu mövzunun üstündən ehmalca keçmişəm. Amma heç vaxt o, Aqşin haqqında bütün qadınların dediyi “Uşağımın atasıdır” kəlməsini işlətməyib.)
- Aqşinlə bir-birinizə niyə günəş ola bilmədiz? Axı sizi çox yaraşdırırlar.
- Kifayət qədər məni sevənlər, mənimlə ailə qurmaq istəyənlər olub. Aqşini özüm seçdim. Onu sevdiyim üçün uşağımın atasıdır. Bəlkə də o məni seçməyib, mən onu seçmişəm. Bircə ona təəssüflənirəm ki, gərək Aqşin anlayışı, Aqşin mifi mənimçün elə də qalardı, dağılmazdı. Bəlkə də biz evlənməməli, elə dost olaraq qalmalı idik. Düşməndən, qonşudan, yad adamdan zərbə almaq olar. 3-5 gün səni ağrıdar, sonra keçib gedər. Amma sənin tale yazın olan bir adamdan gözləmədiyin şeyləri görəndə onun zərbəsini yaşayıb, adlamaq olmur. Elə bil həmişə eyni yolda yeriyirsən. O yolu keçib gedə bilmirsən.
- Bütün bunlardan sonra Aysel yenə güclüdür?
- Əlbəttə.
- İstəməyərək çıxıb gedəcək qədər güclü?
- Aysel həmişə qalmağa çaba göstərən qadındır, gedəndə isə arxasına baxmadan gedir. Aysel gedər, qayıdar, küsər, barışar amma birdəfəlik gedirsə, heç vaxt geri dönmür. Çünki getmək haqqında qərarı ən axırda verir. Mənim üçün silib atmaq çox çətindir. Getmək ən axırıncı verilən qərardır, ona qədər çoxlu güzəştlər, səbrli yanaşmalar olur.
(Onunla telefon söhbətlərimizin birində Aqşinin qız fanatlarından danışırdıq. Bu məqamda İlahi, bu necə qadındır, o, necə olur ki, belə asan ona doğma olan birini başqalarıyla paylaşmasından danışa bilir deyə düşünürdüm. Başa düşdüm. O, paylaşılmaz qadındır. Paylaşılan qadınlar isə həmişə başqasının payına göz dikir. )
- Aqşindən ayrısız. Onunsa çoxlu yumşaq desəm qız fanatları var. Bildiyim qədər elə həmin xanımlar Sizə çoxlu məktublar yazırlar. Daha nə istəyirlər?
- Aqşinin görüşdüyü qızların hamısı mənə məktub yazır. Bir dəfə Aqşin özü mənə zəng vurub dedi ki, mən başa düşə bilmirəm, bu qızlardan səndən nə istəyir, niyə məsələni mənlə yox, səninlə aydınlaşdırmağa çalışırlar. Mən dedim ki, yəqin bilirlər ki, mənimlə həll olunmasa, səninlə heç həll olunmayacaq. Onların aləmində səbəb yəqin ki, mənəm.
- Çox rahat danışırsız. Qısqanmırsız?
- Əvvəl qısqanırdım, sonra başa düşdüm ki, anlamı yoxdur. Daha vacib işlərim var.
- Rüstəm Behrudi ilə müsahibəmiz zamanı dedi ki, Azərbaycanda ruhu olan qadınlar çox tez sınırlar, əzilirlər... Düz deyir?
- Kimin ruhu yoxdur ki?.. Hamının özünə görə ruhu var. Elə şair, elə ruhu olan insan var ki, əslində çox qəddardır. Biz kimə ürəkli, ruhu olan və yaxud kimə ürəksiz, ruhsuz deməyi hələ də dəqiq müəyyənləşdirə bilməmişik.
- Sizi ən çox nə bezdirə bilər?
- Kişinin xəsisliyi, cəsarətsizliyi.
- Kişilərimizdə çatışmayan nədir?
- Kobuddurlar. Mənim kişi kobudluğundan zəhləm gedir. Mən daha çox centilmen kişiləri sevirəm. Həyat göstərdi ki, qadın özünə kişi seçərkən həmin kişinin öz ailəsinə münasibətinə nəzər yetirməlidir. Kişi öz atasına, anasına, bacısına, dostlarına qarşı yaxşıdırsa, qadınına qarşı da yaxşı olacaq. Bu yoxdursa, nə qədər güzəştə getsən də, səhv etmiş olacaqsan. Yenidən kiminləsə bərabər olmağım çətindir. Seçəcəyim adamın ilk növbədə qızıma münasibətinə diqqətlə baxmalıyam.
- Bizim cəmiyyətdə etibar, güvən hissi niyə bu qədər ucuzlaşıb?
- İnsanlar o qədər bir-birinə güvənmir ki, hətta nəsə xahiş də edə bilmirlər.Heç kim heç kimə güvənə bilmir, heç halına da acımır. Robotlaşmağa doğru gedirik. Ruhu itiririk, ruh məhv olur. Ruhun itkisi isə artıq faciədir. Demək ki, dünyanın sonu gəlir.
- Görməmişəm əvvəlki kişilər necə olub amma deyilənlərdən bilirəm ki, əvvəlki kişilərin sözü saqqalından uzun, bıçaqdan kəsərsiz olmazdı. İndi bir qız bir kişiyə çox az güvənir, hətta çox vaxt heç güvənmir də. Bu gedişatla hara gedirik? Elə bil cəsarətli xanımların sayı daha çoxdur axı.
- Biz buna nail olmaq üçün illərlə savaşmışıq. Daha nə istəyirik?
- Qadına bu lazım idi? O, indi əvvəlkindən daha çox tənhadır..
- Çünki həyatın bütün ağırlığı, yükü onun çiynindədir. Özü bu yükün altına bilərək, istəyərək girir, heç kim onu məcbur etmir.
- İnsanlar təklikdən ölə bilər?
- İnsan özü- özü ilə darıxmırsa, ölməz
- Bəlkə bu, ən gözəl təsəllidir?
- Əminəm ki, belə deyil. Özü-özü ilə danışa bilməyən adamlardan sıxılıram, çünki onlar həmişə başqalarıyla danışırlar və həmişə danışırlar.
- Musiqisiz dünyanı necə təsəvvür edirsiz? O dünya hansı səslərdən ibarət olardı?
- Həyatın öz səsi var. Musiqi sadəcə bunun bədii estetik tərəfini, insanların duyğularını ifadə edir. Əslində bəlkə də musiqi heç həyatı olduğu kimi ifadə etmir. Bəstəkar həyatı necə görmək istəyirsə, elə də yazır. Mən son günlər bu haqda çox düşünürəm. Ədəbiyyat da gerçək həyat deyil. Biz yazarlar əslində oxcunu aldadırıq. Əslində biz uydururuq. Sevimli yazarlarımızın əsərlərində oxuduğumuz, pərəstiş etdiyimiz obrazlar, qəhrəmanlar gerçək həyatda yoxdur. Musiqi də belədir. O gerçək həyatın səsi deyil. Musiqi tarazlığı qoruyur. Musiqi olmasa, bütün digər səslər bizi yorar.
- Bəs Ayselin eşitmək istədiyi səs varmı?
- Yaxşı kişi səsi...Belə səs eşidəndə özümü itirirəm. Son vaxtlar o səsi çox az eşidirəm. Heyrətlənmək üçün darıxmışam.
- Axırıncı dəfə nə vaxt heyrətlənmisiz?
- Şəxsi həyatımla bağlı heyrətləndiyim məqamlar çox oldu. Son 2-3 ildə çox heyrətləndim. Güvəndiyim birindən gözləmədiyim, inanmadığım, ağlıma gəlməyən şeylər gördüm. Bundan kənarda düşünmürəm nəsə məni heyrətləndirə bilər.
- Azərbaycan kişisində nə çatmır?
- Azərbaycan kişisində kişilik şarmı çatışmır.
- Kişidə şarmı düzgün analamaya bilərlər...
- Kişilik şarmı mənim aləmimdə qadının nə olduğunu anlmaqdır. Azərbaycan kişisində geyimindən, davranışından, baxışından tutmuş işlətdiyi bütün kəlmələrə, jestlərinə, taxdığı saata, geydiyi ayaqqabısına qədər hər şey natamamdır.
- Bəlkə kişiləri çox qınayırıq. Ola bilər ki, günahın çoxu bizdədir - qadınlarda...
- Get demək daha asandır və getmək də həmçinin. Görünür qarşımızdakı insanın asan yola meyilli olduğunu hiss edib biz qadınlar get deyirik. Bilsək ki, o da qalmağa, çətin yolu seçməyə meyillidir, ona qal deyərik. Qadın olaraq, məni qarşı tərəf düşündürməlidir, maraqlandırmalıdır. Əlbəttə, qadınlarda da eninə, uzununa qüsurlar sadalamaq olar.
- Qızlarımızın ən ciddi kompleksləri hansılardır?
- Bizim qızlar üçün ən böyük nailiyyət ərə getməkdir. Bizim bütün bəlalarımız qızlarımızın ərə getmək arzusundan törəyir. Kişi hiss edəndə ki, qarşısındakı qadının arzusu maksimum onun arvadı olmaqdır, o, əlbəttə fironluq edəcək. Çünki həmin xanımın maksumum anlaşıyı onunla evli olmaqla ölçülür.
- Görünür buna səbəb evdə qalmaq qorxusudur...
- Bizim qızlarımızı ailələrimiz, cəmiyyətimiz belə böyüdür. O gözünü açandan görür ki, evdə ona cehiz yığılır. Bütün bəlalarımızın fəslsəfəsi evləndirm, ərə verim anlayışından başlayır. Bunu kökündən zədələyən ideologiya olsa, cəmiyyətdə xeyli irəliləyiş olar. Qızlarımız oğlanlara şikar kimi yox, kişi kimi baxsalar, onda o kişi də özünü kişi kimi hiss edər.
- Ailə institutumuzda çox ciddi çatlar yaranıb. Sizcə səbəb nədir?
- Bizdə gerçək, səmimi ailə modeli deyil, saxta ailə modelidir. Hər şey mexanikidir. Həyatının proqramı yazılır və gənclər vaxtı çatanda evlənir, ərə gedirlər. Əsl ailə modeli bu deyil. Ailəsi qüsurlu olan dövlətin özündə demək ki, qüsurlar var. Hər bir ailə dövlətin simasıdır.
- Dəbdəbəli restoranlarda insanlar xoşbəxt ola bilirmi?
- Mən o kişilərin yerinə xəcalət çəkirəm ki, onlar öz qızlarının toyuna beş yüz, min nəfər adam yığırlar. Hamıya sevinə-sevinə deyirlər ki, qızım ərə gedir, toyuna gəlin. Toyda ən doğmalar iştirak etməldir, maksimum 20 nəfərlə toyu qeyd etmək lazımdır. Yoxsa ki, ata qarnını qabağa verib, sevinərək, hamını toya dəvət edirsə, bu çox gülüncdür. Bizim həyatda ən asan görə biləcəyimiz iş toy mərasimi etməkdir. Avropa ölkələində belə deyil. Gəlinlərimiz bir günlük gəlin paltarına külli miqadarda pul verib, kirayə geyinirlər. Bizim toylar, gəlinlərimizin paltarı ancaq dekordur.
- Bu məmləkətdə qadın doğulmaq çətin deyil ki?
- Dünyanın hər yerində qadın olmaq çətindir.
- Niyə həmişə elə bilirlər ki, gözəl qadının mütləq bir sevgilisi var...
- Ağıl və gözəllik ənənəvi hal deyil. Bu ikisi bir arada olanda heyrət doğurur. Ağıllı və gözəl kişilər haqqında da belə düşünürlər. Amma onlar da təkdir. Belə kişi ilə belə qadın bir-birini gec tapır. Ona görə ki, ənənəvi deyillər, onlar necə hamı kimi rastalıb, sevişib, evlənə bilərlər?!..
- Ayselin ruhuna barmaqları ilə toxuna biləcək kişi varmı?
- Əlbəttə, var.
- Demək onu analayan var.
- Kişilərlə mənə çox rahatdı. Dostlarımın əksəriyyəti kişilərdi. Həmişə də belə olub. Həmişə əhatəmdə kişiləri hiss etmişəm. Yalandan necə deyim ki, onlar mənə laqeyiddi. Belə deyil axı. Onlar həmişə mənimlə dostluq etməyə cəhd göstərirlər, təşəbbüs onlardan gəlir. Onlarla dostluq etmək qadınlardan daha rahatdı. Sevgi münasibətlərinə gəldikdə isə kişilərin liderlik eqosu önə çıxır və onlar özlərindən güclü qadını yanlarında görməyə öyrəşə bilmirlər. Mən həyatımdan bu təcrübəni keçirdim. Kişi istəyir ki, o hər şeydə birinci olsun və onun yanında qadınını kimsə tərifləyəndə, yaxşı şeylər danışanda, o yox, qadını öndə olanda kişi bunu daşıya bilmir. Bu yükün altında qalır, əzilir. Ona görə də kişi belə qadından qaçır. Buna baxmayaraq, kişilər belə qadınların əhatəsində olmağa həmişə cəhd göstərir, belə qadınları aruzlayır, sevirlər amma həyat yoldaşı, xanımı kimi ruhları bunun öhdəsindən gələ bilmir.
- Qadınlarda isə əksinədir. Onlar nə qədər güclü və ağıllı olsalar da yenə yanında ondan güclü kişini görmək istəyirlər...
- Kişilər bir şeyi anlamadılar ki, onlar zamanı qaçırdılar. Onların güclü olmağı biz qadınlara xoşdur. Biz heç vaxt onları əymək, sındırmaq fikrində də olmamışıq. Onlar özləri özlərindən xoflanırlar, əslində hər şey yaxşıdır.
- Kişilərdən yaman çox danışdıq
- Bu onlara böyük şərəf oldu.
- Aysel Əlizadənin arzuları nədən ibarətdir?
- Çox istərdim ki, mənim ölkəm dünya ölkələri sırasında olsun. Çox istərdim ki, mənim qadınımı dünyada tanısınlar. Ədəbiyyatımı, musiqimi dünya eşitsin.
- Şəxsi həyatı ilə bağlı heçmi arzuları yoxdur?
- Qızımı xoşbəxt, anamın sağlam görmək istəyirəm. İstəyirəm ki, yaxşı işim olsun.
- Aysel Əlizadə hazırda sevir?
- Bir ay bundan əvvəl soruşsaydız deyərdim ki, sevir. Amma indi sevmir.
- İkinci dəfə ailə qurmağı düşünürsüz?
- Düşünürəm.
- Namizəd var?
- Var.
P.S. Az adam tapılar ki, onunla saatlarla, hətta günlərlə danışmaq mümkün olsun. Aysel Əlizadə belə adamlardandır. 3 saata yaxın söhbət etdik. İş saatım bitdiyindən işə qayıdası olmadım. Elə bu minvalla, diktafonu söndürüb üzü dənizkənarı bulvara tərəfə yeridik. Oradakı söhbətlərimizi bura yaza bilmədim. Bilməzdim də. Ona görə yox ki, Aysel buna icazə vermir. Ona görə ki, suyu da qurtum-qurtum içmək lazımdır, həzmə çətinlik yaratmasın.
Aynurə Həsənova