Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Ermənistana yola düşüb.
Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iki gün davam edəcək tədbirdə MDB iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin (polisin) əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılacaq.
Daxili işlər nazirləri Şurasının iclasında, həmçinin informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərlə mübarizə sahəsində MDB iştirakçısı olan dövlətlərin əməkdaşlıq Konsepsiyasının və üzv ölkələrin səlahiyyətli orqanları tərəfindən cinayət işləri üzrə maddi sübut olan narkotik vasitələrin, odlu silah-sursatların ötürülməsi mexanizmləri haqqında Protokolun layihələri, eyni zamanda Müstəqil Dövlətlər Birliyinin 20 illik yubileyi ilə bağlı daxili işlər nazirləri Şurasının tədbirləri və digər məsələlər müzakirə olunacaq.