Onlar barəsində Baş Prokurorluğa müraciət olunub
Ölkəmizin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diplomlarının yoxlanılması istiqamətində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 24 rayon üzrə araşdırmalar başa çatıb.
Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin rayonların ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92 nəfərin diplomu saxtadır. Saxta diplomların 24-ü Bərdə, 12-si Quba, 7-si Cəlilabad, 7-si Beyləqan, qalan hissəsi isə digər 20 rayonda aşkar edilib. Məsələnin araşdırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunub. Onu da qeyd edək ki, saxta diplomların aşkarlanması məqsədilə Təhsil Nazirliyi tərəfindən növbəti 25 rayonun ümumi təhsil müəssisələrində araşdırmalara başlanılıb.