|
“DÜŞÜNCƏMİZİ HAKİMİYYƏTƏ GƏTİRMƏLİYİK”
Fərəc Quliyev: «Parlamentdə Elçibəyin müavinləri olmuş şəxslərin sayı Heydər Əliyevin müavinlərinin sayından çoxdur»
Qarşıdan Azərbaycanın Müstəqillik Günü gəlir. Müstəqilliyimizin 20 illiyilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. 18 Oktyabr Azərbaycan tarixinə qızıl həriflərlə yazılıb. Bu il Müstəqillik Günü dövlət səviyyəsində qeyd olunacaq. Milli Azadlıq Hərəkatının fəali iştirakçılarından olan, Müstəqillik Aktı layihəsini hazırlanmasında iştirak etmiş Milli Dirçəlik Hərəkatının lideri, millət vəkili Fərəc Quliyevin 20 il öncə baş verən azadlıq hərəkatı və bu günkü siyasi vəziyyətlə bağlı Simsar.az saytına verdiyi müsahibəsini oxuculara təqdim edirik.
- Siz Azərbaycanın siqnator deputatlarından birisiz. Müstəqillik Aktı layihəsini hazırlamaq və ona səs vermək şansı əldə etmisiz. Müstəqilliyə qovuşmaq Azərbaycan xalqına qan bahasına başa gəlib. Proseslərin fəal iştirakçısı kimi, həmin günləri necə xatırlayırsız?
- Fürsətdən istifadə edib saytınız vasitəsilə müstəqilliyimizin 20 illiyi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Milli mənlik şüurunun, milli mücadilənin yekunu olaraq, müstəqillik əldə etdik. Hər bir millətin özünü ifadəsinin ən yüksək forması müstəqillik əldə etməsidir. Düşünürəm ki, müstəqillik uğrunda mübarizə müstəqilliyi itirdiyimiz gündən başlayıb. 1813 və 1828-ci il müqavilələrindən sonra Azərbaycanın həm cənubunda, həm də şimalında müstəqillik uğrunda mübarizə aparılıb. Müstəqil Azərbaycan 1918-ci ildə qurduğumuz Demokratik Azərbaycan Cümhuriyyətinin varisidir. 1920-ci ildə ADR devriləndən sonra da milli azadlıq uğrunda mübarizə aparmışıq. Və nəhayət 80-ci illərin sonlarında azadlıq hərəkatı geniş vüsət aldı və biz müstəqilliyə qovuşduq. Həmin hərəkatda iştirak etdiyim və Müstəqillik Aktının hazırlanmasında rolum olduğu üçün özümü xöşbəxt sayıram. Müstəqillik Aktının qəbulu təkcə 43 nəfər deputatın adı ilə bağlı deyil. Bu işin arxasında Azərbaycan xalqı durub. Müstəqil Azərbaycan bütün xalqın qələbəsidir.
- Müstəqillik Aktına imza atanların əksəriyyəti AXC üzvləri olublar. Siz də AXC İcrayyə Komitəsinin sədri olmusuz. Siyasi çevrələrdə belə fikir formalaşıb ki, AXC üzvü olmuş şəxs parlamentdə təmsil oluna bilməz, hakimiyyətin siyasətini dəstəkləyə bilməz və s. Bu yanaşma nə dərəcədə doğrudur?
- İmperiyaya qarşı mübarizədə hər cür formadan istifadə edirdik. Müstəqillik uğrunda apardığımız mübarizə formalarını bugünkü fəaliyyətimizdə tətbiq etmək doğru olmazdı. Dövlətin müstəqilliyini qazanmaq üçün vuruşursan, şəhid olursan və s. Müstəqil dövlət qurulandan sonra fikir yarışması olmalıdır. Bu gün düşüncəmizi hakimiyyətə gətirməliyik. Düşüncənin hakim olması əsas şərtdi. Ən radikal mübarizə aparanlardan biri olmuşam. Sərhəd hərəkatında, Qarabağ müharibəsində hətta qanunsuz vasitələrə əl atmışam. Müstəqil dövlətdə 80-ci illərin sonlarında tətbiq olunan mübarizə formalarından istifadəni özümə yaxın belə buraxmıram. Azərbaycan müstəqil dövlətdir. Onu idarə edən hakimiyyət var və müxalifət də hakimiyyətlə əməkdaşlıq şəraitində dövləti irəli aparmağa çalışmalıdır.
- Müstəqillik Aktına imza atmış keçmiş deputat həmkarınız, silahdaşınız Arif Hacılı həbsdədir. Onun həbsinə etiraz etməməniz təəccüblə qarşılandı…
- Bəli, mən onun həbsinə etiraz olaraq hər hansı bəyanat, açıqlama vermədim. Müsavat Partiyası ilə bizim partiya arasında əməkdaşlıqla bağlı müqavilə yoxdur. Mənə də müraciət olunmayıb ki, Arif Hacılının müdafiəsinə qalxım. Mən özüm də istiqlalçı deputat olmuşam və Müstəqillik Günü ilə bağlı Arif Hacılını da təbrik edirəm. Arif Hacılının statusu imkan vermir ki, o qanunları pozsun və ədalət məhkəməsi qarşısına çıxmasın. Azərbaycanın müstəqil məhkəməsi var və hər kəs qanun qarşısında əməlinə görə cavab verməlidir. Mən parlamentdə çıxışımba bildirdi ki, 43 siqnator deputatla bağlı qanun qəbul edilsin. Əlbətdə ki, Arif Hacılını əfv etmək, ona güzəşt etmək olar. Bu, başqa məsələdir. Amma mən siqnator deputatam deyə, hər şeyi edə bilərəm kimi yanaşma olmamalıdır.
- Arif Hacılının barəsindəki məhkəmə qərarını ədalətli hesab edirsiz?
- Mən Azərbaycan məhkəmələrini ədalətli hesab edirəm və onların qərarına hörmətlə yanaşıram.
- AXC İcrayə Komitəsinin sədri olaraq 1991-ci ildə müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun hakimiyyətdən devrilməsində Sizin də rolunuz olmamış deyil. Hazırda eks-prezidentlərlə bağlı qanun layihəsi geniş müzakirə olunur. Bəzi deputatlar hesab edirlər ki, Ayaz Mütəllibov sovet imperiyası dövründə Azərbaycanın prezidenti seçildiyi üçün qanun ona şamil edilə bilməz. Bu barədə Siz necə düşünürsünüz?
- Tarixdə təsadüfi heç nə olmur. Biz Ayaz Mütəllibovu şüurlu şəkildə hakimiyyətdən devirdik. Mən xalq cəbhəsinin o vaxt gördüyü işlərə kölgə salmaq istəmirəm. O dövrki xalq cəbhəsilə bugünkü AXCP-ni qarışdarmaq da düzgün deyil. Xalq Cəbhəsini təsis edən 64 nəfərdən heç kəs bugünkü AXCP-də təmsil olunmur. 1918-20-ci illərdəki Müsavat Partiyası ilə bugünkü Müsavat Partiyasını eyniləşdirməyin də əleyhinəyəm. Azərbaycanda rus ordusu qırğın törətmişdi və burada marionet hökumət qurmaq planı vardı. Rus imperiyasının Azərbaycanda dayaqlarının möhkəmləndirilməsilə bağlı planda Ayaz Mütəllibov Kremili dəstəkləyirdi. Ayaz Mütəllibov sovet hakimiyyətinin saxlanılmasının tərəfdarı idi. O, millətin iradəsini ifadə etmirdi. Azərbaycan xalqı da onu yad ünsür kimi kənara atdı. Mən barışın tərəfdarıyam. Oğlu rəhmətə gedəndə Ayaz Mütəllibovun cənab prezidentin dəvətilə Azərbaycana gəlməsi normal idi. Ona güzəşt olunması başqa məsələdir. Amma hesab edirəm ki, eks-prezident statusu iki şəxsə - mərhum prezident Əbülfəz Elçibəy və mərhum prezident Heydər Əliyevə şamil olunmalıdır. Müstəqil Azərbaycanın seçilmiş prezidentləri eks-prezident adına layiq görülməlidilər. Ayaz Mütəllibov sovet dövründə prezident seçilib və müstəqil Azərbaycanın ilk illərində davranışları xalqın iradəsinə qarşı olub.
- Amma Ayaz Mütəllibov prezident kimi müstəqillik aktına imza atıb, ölkənin BMT-yə üzv olması barədə mövqe ortaya qoyub…
- O, bunu etməyə məcbur idi. Başqa çıxış yolu yox idi.
- Siz özünüzü bu gün də Elçibəyçi hesab edirsiz? - Mən Elçibəy məktəbinin yetirməsiyəm. Bu gün biz «Davam» qəzeti buraxırıq və orada 4 səhifə Təbriz əlavəsi var. Mən bütöv azərbaycançıyam, türkçüyəm, turançıyam. Mən Elçibəyçiyəm və onun idelogiyasını qəbul etmişəm. Elçibəyçilikdə mənimlə heç kəs rəqabət apara bilməz. Amma mən məktəbinin məzunu olduğum üçün Əbülfəz Elçibəyə eks-prezidentlik statusu verilməsi məsələsini qaldırmıram. Xalqa xidmət edənlə, xalqa qarşı çıxana eyni qiymət vermək doğru deyil.
- Özünü Elçibəyçi sayan şəxsin hakimiyyətin yanında olması nə dərəcədə məntiqlidir?
- Bu gün parlamentdə Elçibəyin müavinləri olmuş şəxslərin sayı Heydər Əliyevin müavinlərinin sayından çoxdur. Əli Məsimli, Asim Mollazadə, Fazil Qəzənfəroğlu, mən və s. Mən bunu normal sayıram. Murtuz Ələsgərov AXC-nin üzvü olub, amma sonradan spiker vəzifəsinə qədər yüksəlib. AXC-dən ilk olaraq, Müsavat Partiyası ayrılıb. Özü də, bu, AXC hakimiyyətdə olan zaman baş verdi. Bu gün birlik tərəfdarı olanlara demək lazımdır ki, həqiqətən birlik istəyirdinizsə, niyə 1992-ci ildə iqtidarı parçaladız? Mən həbsdə olanda bunlar parlamentdə idilər. Mənim fəaliyyətim göz önündədir. Bu adamların cığallığına fikir vermirəm.
- Deputatı olduğunuz dairədə insanlarla görüşürsüzmü? Onların Sizə münasibəti necədir?
- Qaraçuxurda mənim qərargahım var. Nümayəndəm səhərdən axşama qədər orada olur, insanları qəbul edir, şikayətləri dinləyir. Bugünə qədər 1600 şikayətə baxmışıq. Şikayətlərin 80 faizi həll olunub. Suraxanı rayonunda dövlət büdcəsindən ayrılan vəsait hesabına aparılan quruculuq işlərində bizim də təkliflərimiz nəzərə alınır. Dövlət orqanları tərəfindən bizə qarşı münasibət çox yaxşıdır.
- Növbəti parlament seçkilərində də həmin dairədən namizədliyinizi verəcəksiz?
- Bu barədə indidən danışmaq tezdir.
- Partiyanızın 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizədi olacaqmı? Yoxsa hakim partiyanın namizədini dəstəkləyəcəksiz?
- Ətraflı məlumat verə bilməyəcəm. Ümumi olaraq deyə bilərəm ki, hakim partiyanın namizədini dəstəkləməyəcəyik. Müxalifət partiyası olaraq öz namizədimiz olacaq.
- Parlamentdə həm deputat həmkarlarınız, həm də rəhbərlik tərəfindən Sizə qarşı ögey münasibət varmı?
- Mən bu vaxta qədər elə bir səhv buraxmamışam ki, kimsə mənə qarşı düşmənçilik münasibətində olsun. Parlamentdə müəyyən mübahisələr, müzakirələr olur və bu da qanunun qəbulu ilə bağlı olur. Qanun qəbul ediləndən sonra hər kəs ona hörmətlə yanaşır. Mən elə bir şərait yaratmamışam ki, kimsə mənimlə uca səslə danışsın.
Ruslan Xəlil
13 Oktyabr, 2011 15:01 ⁄ Baxılıb: 1225 ⁄ Çap
Bu bölmədə
|
|
|