Şərqi Avropa Teatr Platforması Şəbəkəsinin 4 günlük tədbiri sona çatdı
“Simsar” Teatr-studiyasının bədii rəhbəri Pərviz Məmmədrzayev dünən gecə Polşanın Krakov şəhərində Şərqi Avropa Teatr Platforması Şəbəkəsinin rəsmi açılış mərasimindən qayıdıb.
P.Məmmədrzayevlə yanaşı Azərbaycanı Platformada “Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulov, layihənin Azərbaycan üzrə koordinatoru Səbuhi Məmmədov və “Motor Production”ın rəhbəri Alina Abdullayeva təmsil edib.
Oktyabrın 5-dən 9-a kimi nəzərdə tutulan tədbir Polşanın A.Mitskeviç adına İnstitutu təşkil edib. Tədbirdə Şərqi Avropanın müxtəlif ölkələrindən - Bolqarıstan, Xorvatiya, Belarusiya, Gürcüstan, Cexiya Respublikası, Rumıniya, Slovakiya, Ukrayna, Serbiya, Macarıstan, Bosniya və Hersoqovina, Sloveniya və Moldovadan müxtəlif teatr xadimləri, tənqidçilər, rejissorlar, direktorlar, prodüserlər iştirak edib.
Səfər təəssüratlarını Simsar-az-a bölüşən P.Məmmədrzayev deyib ki, tədbir çərçivəsində yaxın iki il üçün Şərqi Avropada gerçəkləşməsi nəzərdə tutulan teatr və mədəniyyət layihələri, yeni idaretmə mexanizmləri müzakirə olunub: “Tədbirdə 18 ölkədən xareoqraflar, rejissorlar, art menecerlər və başqa bu kimi sənət sahibləri iştirak edirdi. Əsas məqsəd Şərqi Avropa mədəniyyətinin, əsasən də teatr sənətinin bir araya gətirilməsi idi. Belədə bu istiqamətdə nələrə ehtiyac olduğunu müəyyənləşdirmək asandır. Tədbirdə mən də çıxış etdim. Rəhbəri olduğum “Simsar” Teatr-studiyasının yaranma məqsədləri, gördüyü işlər barəsində məlumat verdim. Bir neçə təkliflə də çıxış etdim ki, bu da Şərqi Avropa teatr mədəniyyətinin inkişafına xidmət edir”.
P.Məmmədrzayevin sözlərinə görə Platforma ilk dəfə idi baş tutduğundan, mühüm qərarlar qəbul edilməyib, sadəcə işgüzar müzakirələr aparılıb: “Qərara alındı ki, bu tədbirin davamı olsun və iştirakçılar konkret layihələrlə çıxış etsinlər. Platformanın təsisçiləri seçəcəkləri layihəyə dəstək verəcəklərini dedilər. Yaxın illərdə Şərqi Avropa Teatr Platforması Şəbəkəsi daha da genişlənsin. Ola bilsin ki, bizim regionu əhatə etmək üçün Gürcüstanda şəbəkənin nümayəndəliyi yaradılsın. 18 ölkədən gələn iştirakçıların hamısı qaldırılan təşəbbüslərin hamısını yüksək dəyərləndirdilər və əminliklə vurğuladılar ki, şəbəkənin genişlənməsi Şərqi Avropa mədəniyyətinin inkişafına ciddi təkan olacaq”.
Aynurə