Elnur Rüstəmov: “Azərbaycana xas adət-ənənələrimizin olması və dini inanclarımız psixi durumumuzun pisləşməsinin qarşısını alır”
Dünya oktyabrın 10-nu Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edir. Bu gün psixoloji xəstəliklər, onların qarşısının alınması və müalicə xidmətləri barədə ciddi müzakirələri açılır.
Simsar.az saytı Azərbaycanda psixi durumun hansı vəziyyətdə olması sualına Psixologiya və Konsultasiya Mərkəzi “PCC” – nin rəhbəri Elnur Rüstəmovdan cavab istəyib. Onun sözlərinə görə Azərbaycan cəmiyyətinin psixi durumu hələki orta səviyyədədir: “Azərbaycana xas adət-ənənələrimizin olması və dini inanclarımız psixi durumumuzun pisləşməsinin qarşısını alır”.
E.Rüstəmov təkcə Ümumdünya Psixi Sağlamlıq Günündə deyil, hər gün psixi sağlamlıq məsələləri barədə ictimaiyyət arasında məlumatdırmanın aparılmasını vacib hesab edir: “Bu gün telekanallarda psixi sağlamlıq mövzusunda verilişlər tamamilə yox səviyyəsindədir. Bizdə bir dənə də olsun psixoloji istiqamətdə proqramlar yoxdur. Belə verilişlər olsa, cəmiyyətdə intiharın, özünə qəsdin, cinayətlərin də sayı az olar. Ən başlıca problem budur ki, telekanallarda yaş kateqoriyası qorunmur, uşaqların yaş həddi nəzərə alınmır. Hansısa bir serial nümayiş olunanda ona bütün ailə oturub baxır. Bu, düzgün deyil. Uşaqlarda səbəbsiz fobiyalar əmələ gəlir. Həmin uşaqlarla söhbət zamanı məlum olur ki, bu fobiyalar hansısa filmə baxarkən əmələ gəlib. Əhali psixi sahədə çox az məlumatlıdırlar. Məlumatlandırma və maarifləndirməyə geniş ehtiyac var”.
Psixoloq ölkədə pisixi problemlərin müsbət istiqamətdə həllini ancaq psixi sağlamlıq mövzusunda qanun qəbul edilməsində görür: “Qanun qəbul edilərsə, bu mövzuda olan məsələlər də öz həllini tapar. Amerikada və dünyada bu işə milyonlarla pul xərclənir. Bizdə isə belə deyil”.
Aynurə Həsənova