"Onlar tezliklə azadlığa buraxılmasa"...
Oktyabrın 10-da Azərbaycan İslam Partiyası İdarə Heyətinin və həbs olunan islamçıların hüquqlarını müdafiə edən komitənin birgə mətbuat konfransı keçirilib. Konfransda partiya sədri Elçin Manafov, partiya sədrinin birinci müavini İnqilab Əhədli, siyasi məsələlər üzrə müavini Akif Heydərli, ictimai məsələlər üzrə müavini Rövşən Əhmədli və başqa şəxslər iştirak ediblər.
“Media forum” saytı xəbər verir ki, mətbuat konfransının təşkilatçıları Bakı Ağır Cinayətlər Məhkəməsinin oktyabrın 7-də partiyanın həbsdə olan lideri Mövsüm Səmədov və digər islamçılar barəsində çıxardığı hökmü ədalətsiz, qanunsuz və məntiqsiz hal kimi qiymətləndiriblər.
Tədbirdə bildirilib ki, istər ibtidai istintaqda, istərsə də məhkəmə istintaqında qondarma şahid ifadələri təşkil olunub və həmin ifadələrə əsaslanmaqla ağır ittihamlar irəli sürülüb, nəticədə islamçılara üst-üstə 65 il yarım ciddi rejimli, 11 il şərti həbs cəzası verilib. Konfrans iştirakçılarının dediyinə görə, bu qərar ölkə ictimaiyyətini təəccübləndirib.
Mətbuat konfransında qeyd edilib ki, məhkəmə istintaqı dövründə, xüsusən istintaqın son günlərində məhkəmədən ədalətli hökm gözləyən və məhkəmə binasının önünə toplaşan insanlar - qadın, kişi, qocalar dəfələrlə polis dəyənəyinə tuş gəlib, bəziləri müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Mətbuat konfransında çıxış edənlər vurğulayıblar ki, belə həbslər yalnız siyasi sifariş əsasında həyata keçirilir: “Bu da nəticədə ölkədə məhkəmələrin ədalətini şübhə altına alır, eyni zamanda prokurorluq və polis orqanlarının qanunları kobudcasına pozmasına, ittiham edilənlərin hüquqlarının vəkillər tərəfindən səmərəli müdafiə olunmasının sıfıra endirilməsinə, ölkə qanunlarının vətəndaşların təhlükəsizliyini təmin etməyə deyil, onları hər cür basqı altında qoymaqdan ötrü hüquq mühafizə orqanlarının əlində alətə çevrilməsinə səbəb olur”.
Sonda toplantı iştirakçıları məhkum edilən islamçıların tezliklə azadlığa buraxılmasını tələb ediblər. Əks təqdirdə onlar qarşı ölkənin bütün ictimai, siyasi təşkilatlarının birgə mübarizəsinin vacibliyini vurğulayıblar.