Vahid Əhmədov: “Müəyyən qüvvələr var ki, Azərbaycanın qüdrətlənməsini, ordumuzun güclənməsini istəmirlər”
Son günlər Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı
İttihamların sayı artmaqdadır. Ordudakı özbaşnalıq, korrupsiya hallarından mətbuat və müxalifət düşərgəsi kifayət qədər danışsa da, bu günə qədər deyilənlərə əhəmiyyət verilməyib. Ən yaxşı halda Nazirlik bu barədə yazan mətbuat orqanını məhkəmə ilə hədələyib. Vəziyyət o həddə çatıb ki, Müdafiə Nazirliyi sistemində çalışan insanlar açıq və anonim şəkildə şikayətlərini ölkə rəhbərliyinə, mətbuata ünvanlamağa başlayıblar.
Bir müddət öncə Milli Ordunun döyüş bölgəsində qulluq çəkən zabitləri prezidentə video müraciət etmişdilər. Zabitlər onlara göstərilən ögey münasibətdə, maaşlarından kəsilməsindən, hərbi hissə rəhbərliyinin maxinasiyalarından şikayətləniblər. Daha sonra Hərbi Akademiyanın zabitləri anonom məktubla ölkə ictimaiyyətinə hərbi təhsil ocağındakı və ordudakı acınacaqlı durumu izah ediblər.
Vəziyyət o həddə çatdı ki, zabitlərin məktubu Türkiyənin mətbu orqanlarında dərc edildi. Həmin məktubda qeyd olunurdu ki, Müdafiə Nazirliyi nazir Səfər Əbiyevin biznes strukturuna çevrilməklə yanaşı, nazirin qardaşları fürsətdən istifadə edib, orduya aid sahələrə nəzarət edir, var-dövlətlərini artırırlar. Zabitlər həmçinin Akademiyada azəri-türklərinə qarşı ayrıseçkiliyin olduğunu bildiriblər.
Müdavimlərin anonom məktublarının dərc edildiyi «Yeni Müsavat» qəzeti hazırda Müdafiə Nazirliyi tərəfindən məhkəməyə verilib. Məhkəmədən qəzetin 100 min manat cərimələnməs, müəllifin isə cinayət məsuliyyətinə cəlb olunması tələb edilir.
Bu arada yaranmış bəzi qaranlıq məqamlara aydınlıq gətirilməsi üçün “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu müdafiə naziri, general-polkovnik Səfər Əbiyevə informasiya sorğusu yollayıb. Sənəddə deyilir: “Hörmətli nazir! Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən bir qrup zabit tərəfindən redaksiyamıza daha bir məktub daxil olmuşdur. Həmin məktubda Silahlı Qüvvələrin yuxarı komandanlığının və rəhbər işçilərinin şərti olaraq ”Şimal bölgəsi" adlandırılan regiona (əsasən Quba, Qusar, Xaçmaz və Şabran rayonlarına) mənsub olan şəxslərdən ibarət olduğu vurğulanıb. Məktubda göstərilən hərbçilərin anadan olduqları bölgələrlə birlikdə adlarını da sizə təqdim edirik.
Müdafiə naziri, general-polkovnik, Səfər Əbiyev, Quba rayonu;
Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov, Mahaçqala şəhəri;
Müdafiə nazirinin köməkçisi, polkovnik Elçin Xəlilov, Quba rayonu;
Baş Qərargah rəisinin köməkçisi, polkovnik Elxan Məcidov, Quba rayonu;
Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Rəhim Cəfərov, Quba rayonu;
Mühəndis Xidməti rəisi, polkovnik Mehman Qədiməliyev, Quba rayonu;
Kadrlar İdarəsinin rəisi, polkovnik Mahmud Ağadadaşov, Xaçmaz rayonu;
Hüquq İdarəsinin rəisi, polkovnik Rauf Kişiyev, Qusar rayonu;
Arxa Cəbhə İdarəsinin rəisi, polkovnik Piri İsrafilov, Quba rayonu;
İşlər İdarəsinin rəisi, polkovnik Baxış Ələkbərov, Şabran rayonu;
Ərzaq Xidməti rəisi, polkovnik Mustafa (məktubda soyadı göstərilməyib), Quba rayonu;
Təşkilat-Səfərbərlik İdarəsinin rəisi, general-mayor Yaşar Aydəmirov, Qusar rayonu;
Maliyyə İdarəsinin rəisi, polkovnik Elçin Mehdiyev, Quba rayonu;
Beynəlxalq İdarənin rəisi, general-mayor Ramiz Nəcəfov, Quba rayonu;
İnspeksiya rəisi, general-mayor M.Beydullayev, Şabran rayonu;
İnspeksiya rəisinin müavini, polkovnik Elxan Əlibəyov, Qusar rayonu;
Tədris-Təlim Mərkəzinin rəis müavini, polkovnik Kamal Əbiyev, Quba rayonu;
Hərbi Akademiyanın rəis müavini, polkovnik Şair Ramaldanov, Qusar rayonu;
Kafedra müdiri Çingiz Şəfiyev (keçmiş general), Quba rayonu;
Ali Hərbi Məktəbin rəis müavini, polkovnik Fuad Şıxaliyev, Quba rayonu;
Tibb İdarəsi rəisinin müavini, polkovnik Beslan Hüseynov, Quba rayonu;
Hərbi-həkim komissiyasının sədri, polkovnik Firudin Qarabəyov, Qusar rayonu.
«Müdafiə Nazirliyi adıçəkilən hərbçilərin həqiqətən eyni bölgəyə mənsub olub-olmadıqlarını təsdiq edirmi və əgər belədirsə, yuxarıda göstərilən rəhbər vəzifələrə hansı səbəbdən məhz həmin rayonlarda anadan olmuş şəxslərin təyin edilməsini izah edə bilərmi?» deyə sorğunun sonunda bildirilir.
Müdafiə Nazirliyinin sorğu ilə tanış olub-olmadığını və ona cavab verib-verməyəcəyini öyrənmək üçün qurumun mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevlə əlaqə saxladıq.
Sorğu ilə tanış olduqlarını deyən T.Abdullayev lazım gələrsə, suallara cavab verəcəklərini bildirdi.
Vaxtilə Müdafiə Nazirliyinin mərkəzi aparatında çalışmış, hərbi ekspert Üzeyir Cəfərov Simsar.az-a bildirdi ki, sorğuda müəyyən yanlışlıqlara yol verilib: «Rütbə və vəzifələrdə bəzi səhvlər var. Amma sorğuda adları çəkilən şəxslər Müdafiə Nazirliyində vəzifədədilər. Onların Quba-Qusar zonasından olduqlarını dəqiq deyə bilmərəm. Bütün hallarda, qanunun tələblərinə uyğun olaraq, Müdafiə Nazirliyi sorğunu cavablandırmalıdır».
Ü.Cəfərli qeyd etdi ki, Müdafiə Nazirliyində bütün millətlərin nümayəndələri var: «Hərbi hissə komandirləri var ki, rusdur və ya talışdır. Orduda ləzgi və tatların da sayı kifayət qədərdi. Görünür, son zamanlar hansısa tendensiyalar müşahidə olunur ki, mətbuat bunu gündəmə gətirib».
Səfər Əbiyevi müdafiə edənlərdən biri də onun yerlisi və hətta yaxın qohumu olduğu bildirilən Milli Məclisin deputatı Vahid Əhmədov saytımıza açıqlamasında Müdafiə Nazirliyilə bağlı əvvəlki mövqeyində qaldığını bildirdi. Qeyd edək ki, millət vəkili iki il öncə tədbirlərin birində kürdlərin Azərbaycan üçün ermənilərdən daha təhlükəli olduğunu bildirib: «Hazırkı müdafiə naziri türk olduğuna görə onu çıxarıb yerinə kürd qoymaq istəyirlər».
V.Əhmədov qeyd etdi ki, orduda baş verən hər bir qanunsuzluğu şişirtmək düzgün deyil: «Mətbuat Azərbaycan ordusu barədə ehtiyatla yazmalıdır. Bütün ölkələrin ordularında problem var. «Dedovşina» hər yerdə var. Amerika, Rusiya kimi ölkələrdə böyük əskərlərlə gənc əskərlər arasında
münasibətlər tez-tez pozulur. Yüz illərdi ki, «dedovşina» va, amma ordu çökmür, sıradan çıxmır. Yəni biz hər şeyə faciə kimi baxmamalıyıq».
Müdafiə nazirinin həmyerlilərinin orduda yuxarı vəzifələrə çəkilmələrinə gəlincə, V.Əhmədov qeyd etdi ki, Quba-Qusar bölgəsinin gəncləri hərbiyə meyilli olurlar: «Hələ 90-cı illərin əvvəllərində həmin bölgənin adamları orduya böyük maraq göstəriblər. Buradan nə qədər gənc Qarabağ müharibəsində şəhid olub, qəhrəmanlıq nümayiş etdiriblər. Ortuda ləzgi, tatlarla yanaşı, talışların da sayı kifayət qədərdir. Hətta ruslar da var. Azərbaycan ordusunda bütün etnik xalqların nümayəndələri var. Tarixə fikir versəz görərsiz ki, həmişə naxçıvanlılar siyasi proseslərə, talış və quba bölgəsinin sakinləri isə hərbiyə maraq göstəriblər. Uzun illərdi orduda çalışan, rəhbərliyin etibarını qazanmış insanlar yuxarı vəzifələrə təyin olunurlarsa, burada qəbahət axtarmaq düzgün deyil. Ordu cəmiyyətin bir hissəsi olduğundan, təbii ki, orada da kifayət qədər problemlər var. Ordu hər birimizindir. Oradakı problemləri şişirtmək lazım deyil. Ordu dövlətin onurğa sütunudur. Prezident İlham Əliyev ordunun inkişafı ilə bağlı büdcədən ayrılan vəsaitlərin həcmini hər il artırır. Bizim Qarabağ kimi problemimiz ola-ola, mətbuatda hər nə gəldi yazmaq düzgün deyir».
Son vaxtlar ölkədə kürdlərin fəallaşmasına gəlincə, millət vəkili bildirdi ki, bir neçə il öncə dediyi fikirlərin üzərində bu gün də durur: «Bununla bağlı problem ciddidir. Müəyyən qüvvələr var ki, Azərbaycanın qüdrətlənməsini, ordumuzun güclənməsini istəmirlər. Ona görə də, orduda etnik ayrı-seçkiliyin olması barədə ortaya əsası olmayan söz-sörbətlər atırlar».
RUSLAN