|
SARKOZİ AZƏRBAYCANA NİYƏ GƏLİR?
Ekspertlər hadisəni Simsar.az-a şərh edir
Oktyabrın 7-də Azərbaycana səfər edəcək Fransa prezidenti Nikola Sarkozi Bakıda ikitərəfli və regional məsələləri müzakirə edəcək. Fransa prezidentinin müzakirə edəcəyi məsələlər sırasında regional münaqişələr, o cümlədən Dağlıq Qarabağ probleminin həlli prioritet təşkil edəcək. ATƏT Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransanın regiona səfəri müxtəlif aspektlərdən müzakirə olunur. Erməni lobbisinin güclü inkişaf etdiyi, kök saldığı Fransada «erməni soyqrımı»na rəsmi münasibət konkret deyil.
Sarkozi Azərbaycanla yanaşı Ermənistana da səfər edəcək. Bu arada rəsmi İrəvan da Sarkozinin dəstəyini qazanmaq üçün fəallaşıb. Bir müddət öncə Ermənistan prezidenti Serj Sərkisyan Fransaya səfər edib. Bu səfərin nəticələri barədə hələ təfərrüatlı məlumatlar verilmir.
Azərbaycana ilk dəfə səfər edəcək Sarkozinin bu səfəri daha çox Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından diqqət cəlb edir.
Politoloq Elxan Mehtiyevin sözlərinə görə, son illər Sarkozinin beynəlxalq siyasətdə fəallaşması müşahidə edilir: «Ərəb ölkələrində baş verən inqilablarda Fransa əsaslı dərəcədə fəaliyyət göstərdi. Bu ölkələrdə demokratiyanın qurulmasında, əmin-amanlığın yaradılmasında Paris üzərinə düşən işləri həyata keçirdi. Sarkozinin ilk dəfə olaraq Cənubi Qafqaza, xüsusilə də, Azərbaycana səfər etməsi əhəmiyyətlidir. Sarkozi çalışır ki, seçkiqabağı Fransanın beynəlxalq nüfuzunu qaldırsın, bu ölkənin itmiş təsirlərini bərpa etsin. Həqiqətən də, əvvəlki illərdə Fransanın siyasəti ancaq avroməkanda gözə çarpırdı. Son vaxtlar isə bu ölkənin siyasətinin coğrafiyası böyüyüb, beynəlxalq xarakter daşıyır. Beynəlxalq ictimaiyyətdə belə bir rəy formalaşıb ki, Fransa prezidentləri əhlikef siyasətçilərdən seçilir və onları dünya dövlətləriinin problemləri maraqlandırmır. Sarkozi bu təsəvvürləri darmadağın etmək üçün hərəkətə keçib. Dünya siyasətnin yenidən formalaşmasında Fransanın iştirakını sürətləndirir».
Səfərin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsir göstərəcəyinə gəlincə, politoloq bildirdi ki, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Fransa tərəfi heç vaxt xüsusi aktivlik nümayiş etdirməyib: «ABŞ və Rusiyadan fərqli olaraq Fransanın hansı tərəfin xeyrinə işlədiyini müəyyənləşdirmək çətindir. Bəzən deyirlər ki, Fransada erməni lobbisi güclüdür, bu ölkə ermənipərəst siyasət yürüdür. Əgər, deyilənlər doğrudursa, bu günə qədər Dağlıq Qarabağ ermənilərə verilməli idi, ən yaxşı halda onun müstəqilliyi tanınmalı idi. Necə olur ki, ABŞ, Rusiya və Fransa ermənipərəstdilər, amma Dağlıq Qarabağ münaqişəsi ermənilərin xeyrinə həll olunmur? Deməli, illərdi formalaşmış təəssüratlarımız doğru deyil. Fransanın da təmsil olunduğu BMT Təhlükəsizlik Şurası Dağlaq Qarabağla bağlı 4 qətnamə qəbul edib ki, həmin sənədlər Azərbaycanın maraqlarına cavab verir. Bu mənada mən ümid edirəm ki, Sarkozinin Cənubi Qafqaza səfəri Fransanın və ümumiyyətlə Avropanın regiona, buradakı münaqişələrə diqqətini artıracaq».
Digər politoloq Elxan Şahinoğlu da hesab edir ki, son illər Sarkozi beynəlxalq siyasi aləmdə olduqca inamlı təsir bağışlayır: «Avropada yaşanan iqtisadi böhranın həllində aparıcı fiqur rolunu oynayan Fransa avroməkanın digər qitələrin dövlətlərilə iqtisadi və siyasi əlaqələrini gücləndirmək niyyətindədir. Sarkozi düşünür ki, Asiya, Afrika ölkələrilə iqtisadi əməkdaşlığı gücləndirməsə, Avropa iqtisadiyyatını yaxın vaxtlarda daha ciddi böhran gözləyir. Sarkozi Fransanın Cənubi Qafqaz ölkələrilə iqtisadi əlaqələrini möhkəmləndirmək niyyətindədir. Fransanın “Total” şirkəti Azərbaycanın Xəzərdəki sektorunda «Abşeron» qaz yatğacığını kəşf etməsi Transxəzər qaz kəmərinin çəkilməsinə və Nabucco kəmərinin inşası ilə bağlı ümidləri artırıb. Bu mənada düşünmək olar ki, Sarkozi Azərbaycan və Türkmənistanla bu mövzuda danışıqlar aparacaq. Məsələnin siyasi tərəflərinə gəldikdə isə Rusiya uzun müddətdir ki, regionu inhisarında saxlayır. Ermənistan tam olaraq Rusiyanın forpostuna çevrilib. Gürcüstanın iqtisadi, siyasi durumu yaxşı deyil. Acariya və Abxaziya kimi problemləri var. Azərbaycanın isə Dağlıq Qarabağ problemi mövcuddur. Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı Rusiya prezidenti Dmitri Medvedevin göstərdiyi səylər fiaskoya uğradı. Bu o deməkdir ki, ATƏT Minsk Qrupunun digər üzvü artıq hərəkətə keçməlidir. Bu ölkə məhz Fransadır. Ermənistan prezidenti Sərkisyanın Fransaya səfərinin bununla birbaşa bağlılığı var. Artıq Ermənistanda başa düşürlər ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı Qərbin mövqeyində dəyişiklik var. Gələn ay Astanada ATƏT-in sammiti olacaq. Sarkozi tərəfləri həmin sammitə hazırlaya bilər və yeni təkliflərlə çıxış edə bilər. Azərbaycan iqtisadi və siyasi baxımdan Fransa üçün çox cəlbedici ola bilər. Hesab edirəm ki, Avropa dövlətlərinin Azərbaycanı yaxından tanımasının vaxtı çatıb, hətta gecikib».
RAMİL
4 Oktyabr, 2011 15:19 ⁄ Baxılıb: 1586 ⁄ Çap
Bu bölmədə
|
|
|