Nizami Kazımov: “Mahir Abdullayev 2003-cü ildə müxalifətin mitinqində iştirak edib”
“Biz zəhmətə qatlaşıb iş görüb yaşayan adamlarıq. Elşad kimi insanların pulunu mənimsəyib evimizə haram aparmırıq. Elşad deyir ki, metal alverçisi olan Arzu Kazımov filan-filan etdi. Arzu kişi kimi pul qazanan adamdır, sənin kimi kasıbın pulunu yeməyib, sənin və qardaşların kimi tələbə qızların namusuna toxunmayıb”.
Bunu “Yeni Müsavat” qəzetinə açıqlamasında Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin ittihamlarına cavab olaraq Nizami Kazımov bildirib. ABU rektoru Nizami və Arzu Kazımov qardaşlarını adam oğurluğunda ittiham edib.
N.Kazımov bildirib ki, nə onu, nə də qardaşını bu günə qədər E.Abdullayevin ittihamları ilə bağlı danışdırmayıblar: “Mahir Abdullayev ”siyasi səhvə" yol verdiyi üçün Elşad belə bir oyun qurub, onu “yoxa çıxarıb”. Məlumatlara görə, Mahir Abdullayev 2003-cü ilin prezident seçkiləri ərəfəsində Bakıda İsa Qəmbərin mitinqində adamların içində olub, əlində də plakat. Bunun videosu da olub və yuxarılara da ötürüblər həmin videonu. Bundan sonra Elşad Abdullayev əl-ayağa düşüb, Mahirdən ölkəni tərk etməsini tələb edib. Həmin vaxt da universitetə qəbul imtahanlarının vaxtı olub. Bu illərdə ABU-ya kütləvi axın var idi, pulları da prorektor olaraq Mahir yığırdı. Bu video ilə sıxışdırılan Elşad qardaşı Mahirdən qəzəblə tələb edib ki, bir müddət ölkədən çıxsın, işdən ayrılsın, yoxsa onları məhv edəcəklər. Deyilənə görə, Mahir qardaşı Elşad ona təpki göstərəndə qəbul imtahanlarından yığılan milyonlarla pulu götürüb qaçıb”.
RAMİL