Bayram Hacızadə: “Bu gün karikatura sənətində sərhədlər itib”
Respublika Karikaturaçılar Birliyinin sədri, əməkdar incəsənət xadimi Bayram Hacızadə www.simsar.az saytının qonağıdır
- Bir müddət öncə Serbiyada karikatura ilə bağlı beynəlxalq festival keçirilib və Siz də həmin tədbirdə iştirak etmisiz. Öncə həmin festival barədə məlumat verərdiz. Festivalın keçirilməsində əsas məqsəd nə idi?
- Artıq üçüncü ildir ki, bu məzmunda konfranslar keçirilir. Tədbirə əsasən karikatura mərkəzlərinin, muzeylərinin rəhbərləri qatılır. İştirakçılar öz ölkələrində karikaturanın vəziyyəti barədə çıxışlar edirlər. Nəticədə qazanan karikaturanı sevən insanlar olur. Mən tədbirdə həm Azərbaycan Karikaturaçılar Birliyinin sədri, həm də Əzim Əzimzadə muzeyinin rəhbəri kimi iştirak edirdim. Təəssüf ki, Azərbaycanda hələ də karikatura muzeyi yoxdur. Düzdür, karikaturaçı rəssam Əzim Əzimzadənin ev muzeyi var. Amma aryıca muzey fəaliyyət göstərmir. Azərbaycanda karikaturanın tarixi 15-16-cı əsrlərə gedib çıxır. Azərbaycan miniaturalarında karikatura elementləri var. Bakı şəhərində 1906-1920-ci illərdə 20-dən artıq karikatura jurnalı çıxıb. Bu da bizim üçün qururvericidir. Kiçik bir şəhərdə 20-dən artıq satirik jurnalın çıxması millətin mədəniyyətindən xəbər verir. Həmin jurnalları xaricdəki dostlara göstərəndə təəccüblənirlər. Həmçinin dünyanın heç bir ölkəsində karikatura tarixi tədris olunmur. Azərbaycan yeganə ölkədir ki, burada karikatura tarixi Mədəniyyət və İncəsənət Universitetində tədris olunur. Bu da karikaturanın ölkədə inkişafına töhvədir.
- Müasir dövrdə karikatura janrına müraciət edənlərin azalması nə ilə bağlıdır? Bəlkə, Qərb hesab edir ki, cəmiyyəti düzəltmək üçün lağlağı yolu ilə tənqid effektsizdir…
- Karikatura janrına müraciət edənlərin azalması bütün dünya ölkələrində mövcuddur, o cümlədən Azərbaycanda. İstənilən ölkədə karikaturanın vəziyyəti Azərbaycanda olduğu kimidir. Karikatura əvvəlki aktuallığını, populyarlığını itirib. Sözlü karikatura öz vaxtını keçib. Bu gün Azərbaycan mətbuatında istənilən jurnalist ağlına gələni ifrat formada yazır. Jurnallarda açıq fotolar verirlər. Efirdə hər şey göstərilir. Bu şəraitdə karikaturaçı nə çəksin? Karikaturada hər şey sətiraltı deyilir. Hər şey açıq-aşkar deyilirsə, sətiraltı göstərilərə nə ehtiyac var?... Karikatura artıq insanları heyrətləndirə bilmir. Amma bu, o demək deyil ki, karikatura mövqeyini itirib. Karikatura artıq başqa formaya keçib. Belə ki, karikatura jurnalistikadan ayrılaraq təsviri incəsənətə keçib. Karikaturaçılarımız çalışırlar ki, müxtəlif beynəlxalq tədbirlərdə, müsabiqələrdə iştirak etməklə bu sənəti yaşatsınlar.
- Karikatura ilə bağlı müsabiqələrə Azərbaycandan çox az rəssam qatılır. Bu nə ilə bağlıdır?
- Azərbaycanda karikaturaçıların sayı çox azdır. Karikatura müsabiqəsinə İrandan 200 rəssam qatılırsa, bizdən 1-2 nəfər güclə həmin müsabiqədə iştirak edir. Hər rəssam karikatura çəkə bilmir. “Mola Nəsrəddin” jurnalı Bakıda nəşr olunanda 10-a yaxın karikaturaçımız olub. Onlardan 5-i professional idi. Sovet dövründə nəşr olunan “Kirpi” jurnalında 15-20 nəfər karikaturaçı rəssam işləyib. Yəni karikaturaçıların sayında ciddi artım olmayıb. Karikatura cəmiyyətdə baş verən hadisəyə, insana və ya onun hərəkətlərinə lağ edən rəsm növüdür.
- Mirzə Cəlilin dövründə karikaturanın əsas mövzusu mövhumat idi. Bəs bu gün Azərbaycanda, ümumiyyətlə dünyada karikaturanın əsas mövzusu nədir?
- Karikatura cəmiyyətin güzgüsüdür. Biz əgər 100 il bundan öncə Bakıda çəkilmiş karikaturalara baxsaq, həmin dövr haqda bizdə müəyyən təəssüratlar formalaşar. Avropa karikaturasına baxanda görürük ki, bəli həqiqətən bura müsəlman cəmiyyəti deyil. Avropa karikaturasının da öz tənqid hədəfləri olub. Həm coğrafiya, həm da zaman baxımından karikaturanı cəmiyyətin güzgüsü kimi qəbul etmək olar. Bu gün karikaturanın mövzusu qloballaşıb. Müharibə, narkomaniya, terrorçuluq, QİÇS əleyhinə karikaturalar daha çox işlənilir. Bu, normaldır. Bəli, Azərbaycanda ötən əsrin əvvəllərində karikaturanın əsas mövzusu mövhumat olub. Bəziləri bunu qarışdırırlar, Mirzə Cəlili və Əzim Əzimzadəni din əleyhinə olan insanlar kimi qələmə verirlər. Bu, yanlışdır. Mən həmin dövrdə çıxan bütün karikaturaları gözdən keçirmişəm. Onların heç birində din əleyhinə məqamlar yoxdur. 1920-ci ildən sonra çəkilən karikaturalarda bir qədər din əleyhinə məqamlar olub. «Allahsız» adlı jurnal dərc olunub. Bunun da səbəbləri bəlli idi. O dövrün tələbləri belə idi. Karikatura hakim ideologiya maşınının bir çarxıdır. Hər zaman karikaturadan siyasi vasitə kimi istifadə olunub. Bəlkə də bu gün də belədir. 50-ci illərdən sonra karikaturanın mövzusu bir qədər dəyişmişdi. Daha çox təhsil, səhiyyədəki, tikintidəki problemlər, rüşvət kimi mövzular karikaturanın əsasını təşkil edirdi. Bu gün də karikatura mövzusu kifayət qədərdi. İnsan varsa, problemlər olacaq, deməli, karikatura da yaşayacaq.
- Sovet dövründə karikaturadan tərbiyəvi əhəmiyyətə malik sənət kimi də istifadə olunurdu. Qəzetlərdə dərc edilən karikaturalardan sonra mütləq dövlət səviyyəsində hansısa addımlar atılırdı. Bugünkü karikaturaların tərbiyyəvi əhəmiyyəti varmı?
- Karikatura istər-istəməz ictimai qınaqdır. Tənqidə məruz qalan insan özünü düzəldir. Tam olmasa da, dəyişir.
- Bu gün Siz daha çox hansı mövzulara müraciət edirsiz?
- Bu sarıdan məndə problem yoxdur. İstənilən mövzuda karikatura çəkirəm. Mən xaricdə də deyirəm, Azərbaycanda elə bir münbit şərait var ki, istənilən mövzuda karikatura çəkmək mümkdündür. Bu günə qədər heç bir rəsam çəkdiyi əsərə görə təqibə, həbsə məruz qalmayıb. Müxtəlif ölkələrdə bu problem yaşanılıb. Amma Azərbaycanda yox.
- Həqiqətən də, müxalifət qəzetlərində karikatura çəkənlərə “gözün üstə qaşın var” deməyiblər, amma yazanlar təqibə məruz qalıblar. Bunun səbəbini necə izah edərdiz?
- Görünür, bizdə karikatura məktəbi olduğundan insanlar, məmurlar bu sahəyə daha dözümlü yanaşırlar. 89-90-cı ildə «Azərbaycan» qəzetində karikaturalarım dərc olunub. Bir dəfə də olsun qapımı döyməyiblər ki, niyə bunu çəkmisən? İstənilən naziri, məmuru karikaturaya çəkmək olar. Amma mənim üçün əsas mövzu mövhumatdır. İnsanların dinə gəlməsinin əleyhinə deyiləm. Amma dinə gəlməyin kökündə savad durmalıdır. Savadsız adamın dinə gəlməsi, dinin özünə xələl gətirir. Bu yaxınlarda dini təriqətlərdən birinə xidmət edən gənclə söhbətim oldu. Gənc dedi ki, televiziyaya baxmır, musiqiyə qulaq asmır. Hətta ata-anasının qəbrini traktorla yerlə-yeksan etməyə hazır olduğunu bildirdi. Yəni bu artıq mövhumatdır. Musiqi mənə insani hisslər gətirir. Televiziya mənə informasiya verir. Korrupsiya, rüşvətxorluğun kökünü kəsmək mümkün olacaq. Amma mövhumat Azərbaycan üçün daha ciddi problemdir. İstəmirəm hazırda mövhumatçılıq məsələsini ciddi şəkildə qabardım. Bu zaman xaricilərin Azərbaycanla bağlı təəssüratları mənfiyə doğru dəyişə bilər. Hər zaman xaricilərlə görüşdə deyirəm ki, Azərbaycanda məscid də var, restoran da, diskoteka da. Ehtiyatsızlıqdan çəkilmiş bir karikatura yüz minlərlə insanı hiddətləndirə bilər. Karikaturaçı rəssamdan ilk növbədə siyasi savad, mədəniyyət tələb olunur.
- Siz karikaturaçı olaraq sənətinizi üstün tutursunuz, yoxsa dövlət maraqlarını?
- Mənim üçün dövlət maraqları hər şeydən üstündür. Heç vaxt millətimin, dövlətimin adına xələl gətirmərəm.
- Bu məsələdə yəqin ki, karikaturaçının şəxsi mövqeyi, kursu da müəyyən rol oynayır. Məsələn, Şerif «Azadlıq» qəzetində olduqca tənqidi karikaturalar çəkir. Amma o, digər qəzetlərdə başqa mövzuda karikaturalar çəkəcək. Yəni burada xidmət etdiyin qrupun maraqları da rol oynayır.
- Əlbətdə. Şəxsən, mən heç vax «Azadlıq» qəzeti üçün karikatura çəkmərəm. Bu, mənim siyasi baxışlarımla üst-üstə düşmür. Bu günə qədər sifarişlə karikatura çəkməmişəm. Karikaturaçı əsəri işləməzdən öncə götür-qoy etməlidir, bu cəmiyyətə nə verə bilər? Məhəmməd Peyğəmbərin karikaturasını çəkən rəssam hələ də başa düşmür ki, onun əsəri niyə bu qədər hiddət doğurub. Avropa karikaturaçısına görə, istənilən mövzu işləmək olar. Mənim İsa Peyğəmbəri gülünc vəziyyətdə təsvir edən xeyli karikaturalarım var. Amma xristianlar buna hiddətlənmirlər. Hətta həmin karikaturalar Avropanın özündə seçilmiş əsərlərin kataloquna salanıb, mükafatlar almışam. Onların dünya görüşü fərqlidir. Məndə milli hislər dini hislərdən daha çoxdur. Məsələn, İranda azərbaycanlıları aşağılayan karikatura mənə daha çox pis təsir edir, nəinki Avropada peyğəmbərə çəkilən karikatura. Azərbaycanlıları tarakana bənzətmişdilər. Nə qədər insan küçəyə çıxdı, həbslər oldu. Mən bu karikaturaların siyasi sifariş olduğunu da istisna etmirəm.
- Karikaturada qadağalar, tabu mövzular olmalıdırmı?
- Bu gün karikatura sənətində sərhədlər itib. Mən karikatura çəkirəm. Azadlığım başqasanın şərəf və ləyaqətinə toxunacaq qədər genişlənir. Müəyyənləşdirmək olmur ki, mənim karikaturada azadlığım hansı həddə qədərdi.
- Sanki rəssamların azadlığı cəmiyyətin azadlığından daha çoxdur. Avropanın özündə orta əsrlərdə rəssamlar açıq-saçıq əsərlər çəkiblər. Amma cəmiyyətdəki reallıq əsərlərdən çox-çox uzaqdır. Bu ziddiyyətə necə aydınlıq gətirərdiz?
- Həmin əsərlərə görə, orta əsrlərdə rəssamlar ciddi təqiblərə, təpkilərə məruz qalıblar. İlk karikaturaçı rəssamlar həbsə atılıblar, təqiblərə məruz qalıblar. Yaradıcı adamlar həmişə cəmiyyətdən öndə olub. Onları inqilabçı da adlandırmaq olar. Mikelanjelonun düzəltdiyi çılpaq kişi heykəli Florensiyada sarayın qarşısındadır. Yüzlərlə, minlərlə insan ora gəlib, şəkil çəkdirirlər. Bu bir mədəniyyət nümunəsidir.
- Rəssam Vaqif Ucatayın əsərində təcavüzə məruz qalmış azərbaycanlı qadın çılpaq halda göstərilmişdi. Xocalı faciəsilə bağlı təşkil olunan müsabiqəyə təqdim olunan əsər geri qaytarıldı. Əgər Avropanın mərkəzində insanların çılpaq heykəlləri qoyulursa, Azərbaycanda niyə açıq-saçıq şəkillər qəbul olunmur?
- Vaqif Ucatayı yaxşı tanıyıram, hörmətini də saxlayıram. Həmin müsabiqədə münsiflər heyətinin üzvü idim. Açığı mən də həmin əsərin geri qaytarılmasına «hə» dedim. Çünki orada təcavüzə məruz qalmış Azərbaycan qadını elə iştahla açıq-saçıq işlənilmişdi, düşünürdün ki, doğurdanmı Azərbaycan qadını belə olur? Amma Avropadakı əsərlər fərqlidir. Orada gözəl insan vücudu təsvir edilir. Mən də istəyərdim ki, uca boyum, güclü əzələlərim olsun.
- Pikassonun belə bir fikiri var. «Əsl rəssam odur ki, əsərlərini satıb dolana bilsin». Sizdə vəziyyət necədir. Əsərlərinizlə dolana bilirsizmi?
- Karikatura heç vaxt dolanışıq mənbəyi olmayıb. Alacağın qonorar çox cüzidir. Mənim «dünya karikaturası» adlı kitabım var. Orada 40-a yaxın ölkənin tanınmış karikaturaçılarının öz ölkələrində karikaturanın vəziyyətinə dair fikirləri yer alıb.
Çin, Avropa, Afrika, Latın Amerikası ölkələrinin karikaturaçılarının hamısı sonda belə qeyd edirlər. «Təəssüf ki, son vaxtlar karikaturaya önəm verilmir. Ciddi maliyyə problemləri var». Bir nəfər tapmadım ki, karikaturadan dolandığını desin. Bu həvəsdən yaranan sənətdir. Karikatura sənətinə dövlət qayğısı olmamalıdır. Mən dövlətdən pul alıb, məmurları necə tənqid edə bilərəm? Mən o puldan imtina edərəm. Dövlətdən pul alıb onu tənqid etmək, mənəviyyatsızlıq demək istəməzdim, düz deyil.
Ruslan Xəlil