Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

“MUĞAM MÜSABİQƏSİNİ BEŞ İLDƏN BİR KEÇİRMƏK LAZIMDIR”-MÜSAHİBƏ- FOTOSESSİYA

Zabit Nəbizadə: “İnsanların ağlı gözündədi”

Tanınmış muğam ifaçısı Zabit Nəbizadə bu günlərdə dövlət tərəfindən gözlənilən mükafatı aldı. Xalq artisti adına layiq görülən sənətçi Simsar.az-ın qonağıdır. Sevincini bizimlə bölüşən müğənni ilə olan müsahibəni təqdim edirik.


- Zabit müəllim, xalq artisti adına layiq görüləcəyinizi gözləyirdiz?

- Bəli, xəbərim var idi.

- Hardan bilirdiz ki, Sizə ad veriləcək?

- Prezidentin masası üzərinə getməzdən öncə siyahı müxtəlif qurumlarda olur. Müxtəlif mərhələlərdən keçir. Belə olanda isə informasiya almaq mümkündü.

-Bəzən öncədən titul alacağını gözləyən adamın adı prezidentə təqdim edilən siyahıdan çıxarılır…

- Gördüyünüz kimi, mənim adım siyahıda oldu. Barəmdə təqdimat gedəcəyindən xəbərim vardı. Keçən il də adımı ora təqdim etmişdilər. Amma həmin il heç kəsə xalq artisiti adı verilmədi. 99 faiz bilirdim ki, bu il məni mükafatlandıracaqlar. İstərdim ki, buna görə, başda prezidentimiz İlham Əliyev olmaqla, mədəniyyət və turizim naziri Əbülfəz Qarayevə, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimiyə minnətdarlığımı bildirim. Mənim təqdimatımı Siyavuş müəllim yazıb göndərib.
Ad verilən gün televiziyada xəbərləri izləyirdim. Gözümü yuxu tutmuşdu ki, sənət yoldaşımız Əliağa Sədiyev zəng vurub məni təbrik etdi. Təbrik edən kimi dedim ki, noldu, adlar açıqlandı? İnternetlə o qədər də aram yoxdu. Evdə uşaqlar internetə girib adları oxudular. Sevincim həyəcansız oldu. Çünki əvvəlcədən gözləyirdim. Əməkdar artist adı alanda daha çox həyəcanlanmışdım.

- Müğənnilərə ad verilməsi məsələsi çox müzakirə olunur. Deyirlər ki, bəzən layiq olmayanlar da ad alır və nəticədə titullar gözdən salınır. Buna görə də adların ləğv olunmasını təklif edənlər var. Sizin mövqeyiniz necədir? Müğənniyə ad lazımdırmı?

- Dinə yaxın insan olduğumdan heç vaxt qeybəti xoşlamamışam. Kimə nə verdilər, niyə verdilər, bu məsələlərə qarışmıram. Allah hər kəsin işini avand eləsin, bizimkini də onun içində. Aldığım ada görə məndən çox, xalq sevinir. Telefonuma gələn zənglər bunu göstərir. Hər şey vaxtında ləzzətli olur. Bəzən deyirlər ki, Zabitə ad gec verildi. Mən belə düşünmürəm. Vaxtında verildi. 20 ildir sənətə gəlmişəm, professional səhnədəyəm. 1997-ci ildən pedaqoq kimi tələbə hazırlaşdırıram. Tələbələrim muğam müsabiqələrinin iştirakçısı olub. Düzdür, eləsi olub ki, Asəf Zeynallıda mənim tələbəm olub, Konservatoriyada isə başqasının və mənim adımı hallandırmayıb. Mən heç bundan inciməmişəm. Əlibaba Məmmədov, Canəli Ələkbərov, Alim Qasımovdan dərs almışam. İlk müəllimim Alim Qasımov olduğu üçün həmişə demişəm ki, Alim mənim ustadımdır. Onunla mənim aramda cəmi 9 yaş fərq var. Görürəm Canəli müəllim məndən inciyir və deyir ki, axı mən də sənin müəllimin olmuşam.
Uşaq vaxtı sənətə gələnlər yetkinlik dövründə səsini itirir. Bir qədər gec gələnlərin səsi isə uzunömürlü olur. Sualınıza gəldikdə isə əgər əvvəldən adlar verilibsə, olması və yaşaması məsləhətdir. Ad böyük rol oynamır, amma bununla yaşayan insanlar var. Mən həminki Zabitəm. Amma bu, dövlətin mükafatıdır və onu alan şəxs fəxr etməlidir.

- Açıqlamalarınızın birində bildirmisiz ki, gənc müğənnilər efirlərə çıxandan Sizi toylara az-az çağırırlar. Bu gedişlə, müflis olacağınızı bildirmisiz Amma bayaqdan sizə bir neçə zəng gəlib və hamısı da toy sifarişləridi. Bu, təsadüfdi, yoxsa…

- Belə bir açıqlama verdiyim yadıma gəlmir. Demişəmsə də mətbuat üçün olmayıb. O jurnalistlə toyda zarafat etmişəmsə, bunu da yazarlar? Allah bərəkət versin. Dolanışığımız toydan çıxır. Bütün musiqiçilər təsdiq edər ki, əvvəlki qədər toy olmur. Ruzini verən o Kişidir.

- Etiraf edək ki, insanların da zövqü dəyişib. Xüsusilə də toylarda muğama müraciət edənlər az olur. Bəlkə buna görə, Sizə təlabat azalıb?

- İnsanların ağlı gözündədir. Efirdə kimi çox görürlərsə, deyirlər ki, dəbdə olan budur. Ya da hansısa aristokratın toyunda 5-6 müğənni gəlib oxuyur, filan qədər pul alıb gedir. Toyu bir nəfər idarə edər və sona qədər də oxuyar. Şadlıq evlərinin öz müğənniləri var. Sanki oranın işçiləridir. Allah işlərin avand eləsin. Hərdən tar-kamança da yadlarına düşür və bizi dəvət edirlər. Sırf kişi məclislərinə, dindarların toylarına çağrılırıq. Bizi ən çox Bakı kəndlərinə dəvət edirlər. Dərvişlərin toylarında tez-tez oluruq. Elə bu gün Zirəyə dəvət olunmuşam.


- Tez-tez müğənnilər toy qiymətlərini açıqlayırlar. Bəzən fantastik rəqəmlərə rast gəlinir. Sizə elə gəlmirmi ki, müğənnilər toy qiymətlərində kifayət qədər insafsızlıq edirlər?


- Toya dəvət ediləndə qiymət barədə danışmıram. Soruşanda ki, nə qədər verəcəyik, cavab bu olur: “Siz mənə verəcəksiniz də, məndən ki, heç nə almayacaqsız” Xalqı başa düşmək lazımdır. Pambıqla baş kəsmək düzgün deyil. Kimin nəyə imkanı çatırsa, onu da verir. Adam var dəbdədir, fürsətdən istifadə edib qiyməti qaldırır. «Nə qədər camaat məni başa düşmür, qoy bundan istifadə edim» deyən müğənnilər də var. Elə vaxt olur ki, mən də demişəm ki, kəndlərə filan qiymətdən aşağı getməyəcəm. Çünki həmin pulu elə şadlıq evləri verir də.

- Zabit müəllim, Məcnun Sizi seçmədi, yoxsa Siz Məcnunu?

- Vallah bu barədə danışmaq istəmirəm.

- Niyə?

- Bir dəfə bu məsələyə toxundular, orbitimdən çıxıb, bir-iki söz dedim. Sonra mənə dedilər ki, nə əcəb belə danışdın?.. Əslində mən qeybət yox, olan sözləri dedim. Dörd il Opera və Balet Teatrında işlədim. İndi də qaranlıqdır ki, nə üçün məni oradan uzaqlaşdırdılar. Teatrda qalmaq mənim arzum olmayıb. Səmərqənddə «Şərq təranələri» festivalından qayıdadandan sonra Siyavuş müəllim mənə Konservatoriyada müəllimlik təklif etdi. O gündən Konservatoriyada pedaqoji fəaliyyətlə məşğulam.

- Tez-tez İranda konsertlərə və ya toylara dəvət alırsız. Bir ara məlumatlar yayıldı ki, İranın aidiyyəti dövlət qurumları Azərbaycandan bu ölkəyə müğənnilərin gəlişinə qadağa qoyacaq…

- Bu xəbəri mən də eşitmişdim. Jurnalistlərdən biri mənə zəng edib məsələyə münasibətimi öyrənmək istəyirdi. Elə həmin vaxt Ərdəbilə gedirdim. Məni İrana dəvət edən şair, prodüsser Xosrov Sərtibi məsləhət görüb ki, toylarda oxumayım. İranda səhnəyə çıxan müğənninin toyda iştirakına təəccüblə baxırlar. Bizdə isə bu, belə deyil. Uşaq vaxtı Şamaxıda mənə deyəndə ki, toylarda oxu, imtina edirdim. Deyirdim ki, mən toy müğənnisi olmayacam. Konsertlərdə, televiziyalarda çıxış edəcəm. Amma yaşa dolduqca gördüm ki, toylara getmədən sənəti öyrənmək olmaz. Əsl sənətçi toylardan keçib sənətə gəlməlidir. Bu yaxınlarda Qubada toyda idim. Nüfuzlu ali məktəblərdən birinin rektoru da həmin toyda iştirak edirdi. O, barəmdə danışaraq dedi ki, bəzi müğənnilər ad alandan sonra rayonlara el şənliklərinə getməkdən imtina edir. Amma siz sadə insan olduğunuzdan belə bir kompleksiniz yoxdur.
Məndə toylarda iştirakla bağlı kompleks yoxdur. İnşallah bu il noyabrın 14-15 -də iki tələbəmlə birlikdə İranda konsert verəcəyik. Tehranda da konsertimiz olacaq. Xosrov Sərtibi mənə məsləhət bilir ki, İranda toylara gedib səviyyəmi aşağı salmayım. Bu onun şəxsi fikridir. İranda toylarda iştirak etmək üçün bizə yaxşı pul təklif edirlər. Çünki orada şabaş qəpik-quruş olduğu üçün qəbul etmrik.
Amma bir məqamı diqqətinizə çatdırım ki, İranda bizə Ərdəbildə konsert təşkil etməyə icazə verilmir. Neçə ildir, Xosrov qardaşımız çalışır ki, Ərdəbildə konsert təşkil etsin, amma alınmır.

- El şənlikləri, el mahnıları, muğam artıq milli dəyərə çevrilib. Necə ki, hind mahnıları uzun illər ingilislərin əsarətində olan hindliləri özgələşməyə qoymadı, Azərbaycanın toyları, muğamları da azərbaycanlıların ərəbləşməsinə, farslaşmasına, ruslaşmasına imkan vermədi. Bəs bu gün vəziyyət necədi? Muğam milli dəyərlərin qorunması baxımından əhəmiyyətini saxlayırmı?

- Muğamı işğal etmək mümkün deyil. Bizim nankor qonşularımız da istəyirlər ki, muğam oxusunlar. Bir nəfər dedi ki, ermənilər rast oxuyur. Hətta kasetini də Bakıya gətirmişdilər. Amma onlar bunu bacarmazlar. Muğamın beşiyi Azərbaycandır. Farslar da muğam oxuyur. Orada sözə deyil, musiqiyə, səsə üstünlük verilir. Ərəblərdə, Hindistanda da muğam oxuyurlar. Amma bizim kimi oxuya bilmirlər. Sovet dövründə mədəniyyətin, ədəbiyyatın bütün sahələrinə senzura tətbiq edildi. Ziyalılar repressiyaya məruz qaldılar. Mədəniyyətimizi özgələşdirmək istədilər. Amma el şənlikləri və orada oxunan mahnılar, muğamat buna imkan vermədi, adət-ənənələri, mədəniyyəti yaşatdı.
Bu gün muğam Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində YUNESKO səviyyəsinə qaldırıldı. Muğam Azərbaycanın tarixi-milli dəyəri kimi dünya tərəfindən qəbul olunur. Dünya musiqisi içində ən zəngini muğamdır. Musiqi var ayaq, musiqi var baş tərpədir. Muğam ikincisinə aiddir.

- Muğamı müsabiqə səviyyəsinə endirmək nə dərəcədə düzgündür?

- Hər şey həddindən artıq olanda adama dəyir. Mənə elə gəlir ki, muğam müsabiqəsini ən azı beş ildən bir keçirmək lazımdır. Biri var plan doldurasan, biri də var, keyfiyyət dalınca qaçasan. Juri olmaq da çox çətindir. Juri olan kəsin gərək musabiqədə tələbəsi olmasın. Bu dostumun dostunun oğludur və ya dostumun oğlu ilə dostdur, belə olmaz.

- Muğamın sintezi ilə bağlı da müxtəlif fikirlər var. Məsələn, Sizin meyxanaçı Namiq Qaraçuxurlu, Elza Seyidcahan ilə çıxışlarınız var ki, birmənalı qarşılanmır. Alim Qasımov isə muğamı replə sintez edib. Bu cür sintezlər muğama başucalığı gətirirmi?

- Əslində, muğamın sintezi ilə bağlı mənə ciddi qınaq bildirilməyib. Alim Qasımov qınanılıb ki, muğamı replə sintez edib. Bununla bağlı mənim mövqeyim fərqlidir. Bütün musiqilərin öndə gedəni muğamdır. Mən hər cür musiqi oxuya bilərəm. Amma hər müğənni muğam oxuya bilməz. Namiq Qaraçuxurlu ilə mənim birgə çıxışıma gəldikdə isə mən orada muğam oxumuşam, meyxana yox. Ona görə də, məni qınamaq düzgün olmazdı. Bu məsələdə düşünüb danışmaq lazımdır.

- Amma Siz bu duetlə meyxanını muğam səviyyəsinə qaldırırsız, onu yaşadırsız. Eləcə də Alim Qasımov repi muğam səviyyəsinə qaldırır. Axı rep, meyxana küçə mədəniyyətinin nümunələri kimi qiymətləndirilir…

- Bəli, mənə də bunu bildiriblər. Əvvəllər meyxana toyun sonunda, hər kəs dağılışandan sonra çırtma ilə deyilib. Əvvəllər meyxananı musiqi ilə bir tutmazdılar. İndi deyirlər ki, meyxanını musiqi ilə eyni səviyyəyə qaldırmaq düzgün deyil. Hazırda televiziya və radiolarda meyxanaya xüsusi yer ayırırlar. Meyxana folklor sənəti hesab olunur. Mən özüm deməyi bacarmasam da, meyxanaya qulaq asmaqdan ləzzət alıram.

Ruslan Xəlil

 






29 Sentyabr, 2011  16:12 Baxılıb: 2003 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16