Simsar.az müxalifət liderlərinə sual ünvanlayıb: «Birləşmədən fəaliyyət göstərə bilməzsizmi?»
Azərbaycan müstəqillik qazandıqdan bəri ölkənin siyasi həyatında daim yeni birliklər, ittifaqlar yaranıb. Birliklər konkret hansısa siyasi hadisə ərəfəsində yarandığından ömürləri qısa olub. Seçkilərdəki məğlubiyyət düşərgə daxilində intriqaların güclənməsinə, qopmaların sürətlənməsinə gətirib çıxarıb.
Bütün bunlara rəğmən, hər dəfə «birləşmə» problemi aktual məsələ kimi ortaya qoyulub, müxtəlif müzakirələr aparılıb. Günü bu gün də belə təklifləri eşidirik. «Demokratiyaya gedən yol müxalifətin birliyindən keçir», «Xalqın azadlığı müxalifətin birliyindədir» deyimləri az qala xalq mahnısına çevrilib. Bəzən yeni birlik təklifləri köhnə birliyi dağıdanlar, gücə sahib olmayan qüvvələr tərəfindən gəlir.
Hazırda 5 siyasi partiya müxalifətin daha geniş birliyi üçün çabalar göstərir. Çabalar artdıqca, birliyə cəhd edən partiyaların sayında azalmalar olur. Birlik üçün mübarizə aparanların ayrı-ayrılıqda fəaliyyətləri gözə dəymir. Maraqlıdır, nədən bu partiyalar fərdi qaydada mübarizə aparmaq istəmirlər? Gücləri varsa, bunu cəmiyyətə niyə göstərmirlər?
Belə çıxır, Azərbaycandakı əksər siyasi partiyalar gücsüz olduqları üçün birlik məsələsini ortaya atırlar ki, sonradan məşğuliyyətin səbəbini müxalifətin birləşməməsində axtarsınlar.
Sərdar Cəlaloğlu: “Müsavat və AXCP ideyanın ölü doğulmasına səbəb oldu”
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, siyasi partiyaların birləşməsi demokratiyanın nizamlı şəkilə düşməsi və cəmiyyətin nizamlı olaraq formalaşmasına xidmət edir: «Pərakəndəlik, fərdiçilik cəmiyyətə uğur gətirmir. Biz bunu Azərbaycan müxalifətinin timsalında görürük. Bir müddət öncə Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə "Zirvə toplantısı" keçirib, müxalifətin yeni birliyinin əsasını qoymaq istədik. Toplantıya dəvət edilən 8 partiya liderindən ikisi - AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər gəlmədilər. Daha doğrusu, hər iki partiyanın tədbirlə bağlı mövqeyi oxşar oldu. Dedilər ki, müxalifətin birliyi var, bu, İctimai Palatadır. Əlavə birliyə ehtiyac yoxdur. Elə hər iki partiyanın «Zirvə toplantısı»na qatılmaması yeni ideyanın ölü doğulmasına səbəb oldu. Bu mənada yenə də parçalanmış vəziyyətdəyik».
S.Cəlaloğlu qeyd edir ki, vaxtilə ADP təkbaşına mübarizə aparıb və siyasi proseslərin fövqündə dayanıb: «Amma nəticə əldə edə bilmədik. Çünki müxalifət düşərgəsində ciddi birlik yox idi».
Mirmahmud Mirəlioğlu: “Hakimiyyət müxalifətə ciddi yanaşmır”
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluya görə, tək partiyanın önə çıxması çətindir: «Əvvəlki illərdə də görmüşük ki, tək partiyanın fəaliyyəti «tək əldən səs çıxmaz» deyiminə daha yaxın olur. Klassik Xalq Cəbhəsi Partiyası tək mübarizə apardığı vaxtlar da olub. Amma nəticə əldə etməmişik. Bu, mümkün deyil. Partiya olaraq ölkədə baş verən ictimai-siyasi proseslərə münasibət bildiririk. Bəyanatlarıma, etirazlarımıza reaksiya verilmir. Hakimiyyət müxalifətə ciddi yanaşmır. Problemləri həll etmək həttə müxalifətin imkanlarından kənardadır. Bütün cəmiyyət, dövlət problemi həll edə bilmir, biz necə edək».
Əvəz Temirxan: “Belə bir partiya olub”
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan ölkədə təkbaşına mübarizə aparan siyasi güclərin olduğunu və müəyyən uğurlar əldə etdiyini bildirdi: «2003-cü ildə Azərbaycanda təkbaşına mübarizə aparan partiya, siyasi lider olub və xalqın rəğbətini qazanıb. Təəssüf ki, hakimiyyətin təzyiqləri və seçki saxtakarlıqları nəticəsində səslərimiz oğurlandı. Amma indi bu, mümkün deyil. Müxalifətin birləşməsi lazımdır».
“Hər kəs məsuliyyətin bölüşdürülməsini istəyir”
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev düşünür ki, partiyaların təkbaşına mübarizəyə girişməsi effekt vermir: «Heç kəs bu ağır şərtlər altında tək mübarizə aparmaq istəmir. Məsuliyyətin, əziyyətin bölüşdürülməsi məsələsi var. Açığı imkanlarımız da partiya olaraq mübarizə aparmağa imkan vermir. Gərək müttəfiqlik şəraitində siyasi mübarizə aparasan ki, güc ortaya qoya biləsən».
Əli Orucov: “Hər bir partiyanın öz marağı var”
Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat katibi Əli Orucov isə fərqli düşünür. Hesab edir ki, müxalifət bu gün sözdə birliyin tərəfdarı olsa da, əslində fərdi qaydada fəaliyyət göstərir: «Hər bir partiya öz maraqlarını güdür. Partiyalar olduqca zəifdir. Təkbaşına mübarizə aparmaq imkanlarında deyillər. Ona görə də, müxalifət qüvvələrinin daha çox “birlik-birlik” deməsində təəccüblü nəsə axtarmaq doğru olmazdı».
Ruslan XƏLİL