Arif Babayev: “Onun iddiları həqiqətə söykənmir”
Fransada mühacir həyatı yaşayan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin prezident İlham Əliyevə ünvanladığı ilginc müraciətin mətbuatda dərci davam edir.
E.Abdullayev iddia edir ki, itkin düşmüş qardaşı MTN əməkdaşı olmuş Mahir Abdullayev MTN-nin nazir müavini Hilal Əsədov, Elçin Quliyev, Akif Çovdarov, Rəsul Rəsulov, Yaşar, Nazim Lətifov tərəfindən oğurlanıb.
Rektora görə, onlar Mahiri Mətanət İsgəndərlinin əliylə şantaj edərək 2 milyon dollar tələb ediblər. Lakin Mahir oğurlandığı gün, 2003-cü il oktyabrın 13-ü 600 min dolları Mətanətin evinə gətirərək onlara verib.
E.Abdullayev müraciətində iddia edir ki, qardaşını pula görə oğurlayıb öldürüblər. Oğrular sonradan MTN-də yüksək vəzifəyə təyin olunublar. İddialarda daha yüksək vəzifəli şəxlərin adları da əksini tapıb.
Simsar.az saytı E.Abdullayevin hazırda MTN-də yüksək post tutan şəxslərə qarşı iddialarına münasibət öyrənmək üçün qurumun ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayevə müraciət etdi.
A.Babayev MTN əməkdaşlarına qarşı bəyanat verən Elşad Abdullayevin psixoloqa ehtiyacı olduğunu dedi: “Onun iddiları həqiqətə söykənmir. İddiaların hüquqi, məntiqi və mənəvi əsası yoxdur. Onlar əsassız olduğundan MTN orqanlarının fəaliyyətinə gölgə salmır. Elşad Abdullayevin adlarını hallandırdığı şəxslər 2003-cü ildə MTN-də işləməyiblər”.
RUSLAN