“İpoteka faizinin aşağı salınması real deyil”
“İpotekanın verilişində faız dərəcələrinin aşağı salınması real deyil. Çünki maliyyə mənbələri aşağı faiz dərəcəsi ilə prosesə cəlb eləmək hələ real deyil. Kredit faiz dərəcəsi aşağı salınsa, son nəticədə ipoteka portfelinin həcmi azalacaq, bu da maraqlı deyil”.
Bunu SalamNews-a müsahibəsində “MBA Group” konsaltinq şirkətinin baş direktoru, iqtisadi ekspert Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, ipoteka kreditinin şərtləri müəyyənləşəndə, bazarda mənzilin orta qiyməti 48 min manat idisə, bu gün artıq 80 min manatı ötüb. Bundan əlavə, aşağı kredit məbləği ucuz evlərin satışını stimullaşdırır və nəticədə bazarda ucuz evlərə tələb formalaşır, orta və bahalı mənzillər isə prosesdən kənarda qalırlar.
“Mövcud şərtlərlə yeni tikililərdə mənzil almaq çətindir. MTK-ların bir çoxunda sənədləşmədə problemlər olduğundan kredit ilə satmaqdan yayınırlar. Mülkiyyət hüququnu təsdiq edən sənədləri olmayan yeni tikililərdə fiziki şəxslərdən mənzillərin alınması mümkün deyil” deyə N.İbrahimli qeyd edib.
Ekspertə görə, ilkin ödənişin 20% həddində saxlanılması hələlik vacibdir: “Lakin bir sıra kommersiya bankları bu şərti pozaraq 30-40% səviyyəsinə qaldırırlar”.