1 şilləyə görə 2 il, bıçaq zərbəsinə görə isə azadlıq
“İki günə ekspertizanın cavabları məlum olacaq. Əgər xəsarət ağır forma kimi qiymətləndirilərsə, Samir Rafiq oğlu Cavadzadə dərhal həbs olunacaq. Yox əgər xəsarət yüngül və ya orta ağır kimi qiymətləndirilərsə, üstəlik tərəflər öz aralarında barışığa gələrlərsə S.Cavadzadə məhkəmə başlayanadək azadlıqda olacaq. İstənilən halda, dəqiq məlumat yaxın bir həftə ərzində - qərar çıxarılanda aşkar olunacaq”. Simsar.az-ın məlumatına görə, bu haqda gun.az saytına 21 saylı Nəsimi rayon polis bölməsinin təhqiqatçısı Əziz Əzimov məlumat verib.
Polis işçisi Samiri hansı cəzanın gözlədiyini də bildirib: “Barışıq olmazsa, xəsarətin ağırlıq halından asılı olaraq Cinayət Məcəlləsinin 126-cı maddəsinə əsasən, minimum 1-3 il arası, maksimum 7 ilə qədər iş kəsilə bilər”.
Zərərçəkmiş fotoqraf Elvin Hüseynovun hazırkı vəziyyətinə gəlincə isə, o vəziyyəti artıq qənaətbəxşdir. Xəstəxanadan AZXEBER.COM-a verilən məlumata götə, bu gün o palataya keçiriləcək. Onun yanına qohumları, eləcə də polis işçilərindən başqa heç kim buraxılmayacaq.
Xəstəxanadan belə deyilsə də o artıq APA-ya məlumat verib. Hüseynov açıqlamasında "Bu işdə heç kimin günahı yoxdur. Günahkar özüməm. Yaşadığım evdə ehtiyatsızlıq nəticəsində özümə xəsarət yetirmişəm. Mətbuatda məni Samir Cavadzadənin bıçaqlaması barədə verilən məlumatların heç bir əsası yoxdur. Polisə verəcəyim ifadəmdə də bunu bildirəcəyəm".
Maraqlıdır ki, Samir dünən mətrbuata açıqlamasında Elvini bıçaqladığını etiraf etmişdi: "Səhər saat 5-də Azad Şabanovun “Hiss et” klipinin təqdimat mərasimindən qayıtmışdım. Bütün gecəni yuxusuz qalmışdım. Yatmaq istəsəm də, Elvinin səs salması mənə mane olurdu. Ona görə aramızda mübahisə yarandı. Elvin məni vurdu, mən də bıçağı onun boynundan soxdum. Sonra isə maşına mindirərək xəstəxanaya apardırm”.
Göründüyü kimi Samir Cavadzadə bir, Elvin isə tam başqa söz deyir. Amma görünən odur ki, Samir Cavadzadənin cinayəti cəzasız qalacaq. Deyəsən, "qanun hamı üçün qanundur" sözü müğənnilərə şamil olunmur.
Onu da qeyd edək ki, bu ölkədə kafedə davaya çəkilən və buna görə iki il həbsdə yatan bloggerlərin presedenti var. Onları ABŞ prezidenti Barak Obama işə qarışandan sonra əfv elədilər.