"Biz onu macəraya sürükləmədik"
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl ANS prezidenti Vahid Mustafayevə müsahibə verib. Geniş və maraqlı müsahibədə eks-prezident bir çox məsələlərə toxunub, etiraflar edib.
Azərbaycanın eks-prezidenti Heydər Əliyevlə 1991-ci ildə görüşdüyünü, aralarında münasibət yarandığını qeyd edən S.Dəmirəl bildirib ki, Bakıda yüksək vəzifəyə getmək ideyasını Əliyevə o verib: "Ankaraya gələndə Elçibəylə Heydər Əliyevin münasibətlərini qurduq. Sonra Elçibəy Bakını qoyub Ordubada gedərkən oranı Heydər Əlivevə buraxdı. Bizdən soruşdu ki, neyləyim, dedik ki, düz edirsən".
Eks-prezident Elçibəyi böyük vətənpərvər və böyük türkçü kimi xarakterixə edən Dəmirəl bildirib ki, ancaq dövləti idarə etmək üçün bunlar kifayət deyil, siyasət adamı gərək səbrli, mətanətli, iradəli olsun. Heydər Əliyevin tez düşünüb-daşınıb qərarlar verdiyini deyən Dəmirəl bildirib ki, onda tərəddüd etmək yox idi: "Biz onu macəra üçün hazırlamırdıq. Bu sözlər deyildiyi zaman mən Türkiyədə 10 il baş nazir olmuşdum. Və nələrin içindən keçib gəlmişdim... 1965-ci ildən bəri mən Türkiyədə baş nazir idim. 25 il keçmişdi. Bizim sözlərimizin ciddiliyini ölçəcək qədər ağıllı idi. Onun üçün biz onu macəraya sürükləmədik".