“Azərbaycan siyasətçilərinin dar düşüncəli olduğunu gördüm, birdən - birə çox yorulduğumu hiss etdim”
“Natəvan klubu o vaxtkı xalq daxili işlər komissarlığının müstəntiq otaqlarından çox da fərqlənməyib”
“Kitabi-Dədə Qorqud” eposunda Qanlı Qoca oğlu Qanturalı boyundan: Oğuzların vaxtında Qanlı qoca deyilən bir müdrik kişi yaşayardı. Onun da yetişmiş igid oğlu vardı. Adına Qanturalı deyirdilər.
Müsahibim Qan Turalıdır. Eposla əlaqəsi olmayan adam. Yazar, kulis.az saytının baş redaktoru Qan Turalıdan danışıram.
Söhbətimiz “Sahil bağı” adlanan parkda gerçəkləşdi. Yazarla nə az, nə çox düz 2 saat maraqlı və səmimi söhbət etdik. Fotoqraf Əjdər də ən maraqlı anları fotoaparatın yaddaşına köçürdü.
- Yazıçılar Birliyinin qarşısında oturmuşuq. Narahat deyilsiz ki?
- Narahat deyiləm. Hər halda bura Azərbaycan ədəbiyyatının tarixi ilə bağlı bir qurumdur. Nə qədər tarixi qüsurlar olsa da, hətta Cəlil Məmmədquluzadə buranın üzvü olub.
- AYB-ni müqəddəs ocaq adlandırırlar...
- Orada cəmi iki dəfə olmuşam. Səhv etmirəmsə binanın 3-cü mərtəbəsində represiyaya məruz qalan və güllələnən 27 yazıçının adı olan lövhə var. Bu şəxslər məhz Yazıçılar Birliyinin digər üzvlərinin ifadələri əsasında həbs olunub, güllələnib. Natəvan klubu o vaxtkı xalq daxili işlər komissarlığının müstəntiq, sorğu otaqlarından çox da fərqlənməyib. Orada da çoxlu insanlar ittiham olunub və bu ittihamlar tezliklə hüquqi ittihamlara çevrilib. Təbii ki, o dövrün şərtləri belə idi. Bu qurum sovet dövrünün, Stalinin rəhbərlik etdiyi repressiyalara ideoloji dəstək verib. Bizim klassik yazıçılarımızdan Yusif Vəzir Çəmənzəminli sürgün olunub, Hüseyn Cavid 8 illik sürgündən sonra vəfat edib, Mikayıl Müşfiq, Taği Şahbazi güllələnib. Çoxlarının adını çəkmək olar. Yazıçılar Birliyinin içərisində asılan həmin lövhəni “utanc divarı” hesab edirəm. Belə yeri necə müqəddəs ocaq adlandırmaq olar?..
- Axı zaman dəyişib...
- Nə olsun, ovqat ki, dəyişməyib.Yazıçılar Birliyinin əvvəlkinə oxşayan indiki ovqatını, sədrin və onun katiblərinin özlərini prokuror kimi aparmalarını hamı yaxşı görür. Düzdür indi 37-ci ildə olduğu kimi, həbs düşərgələri yoxdur, hər hansı bir yazarı, yazıçını öldürmürlər. Amma Rafiq Tağını yazısına görə həbs ediblər. İttiham ovqatı hələ də qalıb. Rafiq Tağını Səməd Vurğun haqqında yazdığı yazısına görə AYB-dən çıxartdılar. Amma Anarın başının üstündə Mirzə Fətəli Axundovun şəkli var. Axundov da deyib ki, Nizami şair deyil. Anarın cəsarəti çatırsa, həmin şəkli götürüb atsın da. Gücü Rafiq Tağıya çatır? Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Yazıçılar Birliyinin tərkibində maliyyə maxinasiyasını açıqladığına görə həmin qurumdan çıxarıldı. Halbuki bu gizli sənəd deyildi. AYB heç vaxt düzəlməyəcək. Hətta Anarın özü də islahatlardan danışır, amma mən o qurumun islahatlarla nəyisə dəyişəcəyinə inanmıram. Bu formatla AYB məhvə məhkumdur.
Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir sağ olsaydı, heç biri o qurumun üzvü olmazdı. Çünki, bu qurumun tarixi böyük ölçüdə şərəfsizlik tarixidir. Orda təqaüd üstündə hamı bir- birini qırır. Sizcə Cəlil Məmmədquluzadə təqaüd üstündə kiminləsə intriqa aparardı? Əlbəttə xeyr. Bu qurumda bu münasibətlər sistemi işləyir.
- Vəziyyət siz deyən qədər acınacaqlıdırsa, niyə ora üzv olmaq istəyənlərin ardı-arası kəsilmir?
- Necə oldu ki, birdən- birə bu qurumun üzvlərinin sayı 300-dən 1500-ə çatdı? 90-cı illərin əvvəlində birliyin cəmi 300 üzvü vardı. İstedadlı adamlarmı çoxaldı? Zavod direktorları, kolxoz sədrləri, ferma müdirləri, polis rəisləri, prokurorlar, müstəntiqlər, rəislər AYB-nin üzvüdür. Birlik özü də qapılarını səxavətlə açıb. Bütün bunlardan sonra deyirlər ki, AYB müqəddəsdir. O zaman bu müqəddəsliyi qorusunlar da. Nazim Hikmət də Yazıçılar Birliyinin fəxri üzvü olub, Hüseynbala Mirələmov da bu qurumun üzvüdür? Anar bunu necə özünə rəva bilir ki, 3 şeir yaza bilməyən adamı AYB-yə üzv edir?..
- 3 şeir yaza bilməyənlər kimlərdi?
- Məsələn, Hüseynbalanı dedim. O biriləri də 400, 500 manat verib gəlib Yazıçılar Birliyinin üzvü olurlar. AYB rəhbərliyi “Azərbaycan”, “Ulduz” jurnalına görə utanmır? Anar o yazılardan heç birini də oxumur. O, bu qurumun rəhbəridir, elə edə bilər ki, nəşrlər yüksək səviyyədə çıxsın. Mən əminəm ki, Anar bütün bunları bilərəkdən edir.
- Əgər o, qurum dediyiniz kimi, sizin üçün mövcud deyilsə, niyə hansısa dəyişikliyin olmasını istəyirsiz?
- Qurumda islahatların olmasının tərəfdarı deyiləm. Bu qurumun tərkibində jurnal və qəzetlər çıxır, istəyərdim ki, daha yüksək səviyyədə olsunlar. Yüksək tirajla dərc olunsunlar. Mən ümumiyyətlə sədr postun özünü yararsız hesab edirəm.
- Sədrlik postundan Anar getsə, real namizəd kimləri görürsüz?
- Anar getsə, yenə heç nə dəyişməyəcək. Anar mövcud sistemi idarə edə bilir. Məsələn, bu qurumu Çingiz Abdulllayevin idarə edəcəyinə inanmıram. Rəşad Məcid isə özünü sınaya bilər.
- Rəşad Məcidlə münasibətləriniz necədi?
- Yaxşı.
- O deyib ki, Qan Turalı pornoqrafik sayt işlədir...
- Elə bilirdim ki, Rəşad Məcid parnoqrafiya ilə erotikanın fərqini anlayacaq yaşdadır. Mən bunu izah etməyim də doğru olmaz. Müxbirlərindən soruşsun.
- Bü günkü Azərbaycan ədəbiyyatının durumunu necə xarakterizə edərdiz?
- Son 4,5 ildə xeyli inkişaf var. Onlarla tərcümə və digər kitablar nəşr olunur. Bu, çox yaxşıdır. Hesab edirəm ki, yaxın illərdə ədəbiyyatın inkişafı güclənəcək. Ölkədə başqa sahələr qapalı olduğuna görə, ədəbiyyata axın var.
- Bəs yaxın günlərdə Nobelə layiq ədəbiyyat nümunəsi yarada biləcəyikmi?
- Yaxın 10 ildə o mükafata layiq əsər görmürəm. Biz dünya ədəbiyyat prosesindən geri düşmüşük. Şoloxov “Sakit Don”u yazdı, gedib ona görə Nobel aldı. Bizdə isə İsmayıl Şıxlı həmin müstəvidə “Dəli kür”ü yazdı. İndi İsmayıl Şıxlıya kimdir Nobel verən? Bu estetikayla yazılmış roman artıq qabağa getdi də. Onun ikincisi, üçüncüsü, “kitayski” variantı heç kimə maraqlı və lazım deyil. Dünyada ilk olmaq çox önəmlidir. Bizdə böyük hadisələr baş vermir.
- Azərbaycan ədəbiyatından kimləri oxuyursuz?
- Azərbaycanda 10 nəfər maraqlı yazıçı var. Dişimə vurmadığım yazıçı demək olar ki, yoxdur. Onu da deyim ki, Azərbaycan ədəbiyyatı mənə maraqlı deyil. Təxminən 10 il əvvəl Çingiz Abdullayevin bir romanını oxumuşam. Şeir və hekayə oxumağı çox sevmirəm, daha çox roman oxuyuram.
- Anarı oxuyursuz?
- Anar müsahibə üçün maraqlı adamdır. Bir məqamı da deyim ki, Anar yazıçı kimi yox, AYB-nin sədri kimi müsahibə verir. Onun “Ağ qoç, qara qoç” romanını oxumuşam və hesab edirəm ki, o biri əsərlərinə baxanda bu çox zəifdir.
- Bəs onun katiblərindən, məsələn, Fikrət Qocanı oxuyursuz?
- Fikrət Qocanın nə yazdığını anlaya bilmirəm.
Burdan sizin qapıyadək
elçilərim düzülər.
Yaxud
Televizorda gördüm,
gözümə inanmadım
Bura belə dəyişib.
Yəni bu, Qəbələdir?
Birini də deyim:
Nə vaxt arvadı istədim,
gördüm namaz üstdədir.
Belə şeirlər yazan adam nə qədər maraqlıdır?...
- Fikrət Qocanı əzbər bilirsiz ki...Bəs deyirsiz oxumuram...
- Yuxarıda dedim axı, Azərbaycanda dişimə vurmadığım adam qalmayıb. Fikrət Qocanı oxumuram, dişimə vururam.
- Anarın əsərini tənqid edib, Fikrət Qocanı pisləyib, Yetim Eyvazı təbliğ etmək nə qədər ədalətlidir?
- AzTV bütün günü sizin sadaladığınız adamları, həmçinin Fikrət Qocanı təbliğ edir. Amma küçədə soruşsaq, həmin adamların bir şeirini də bilməyəcəklər. Amma Yetim Eyvazı çox adam tanıyır. Biz də xalqın adamını təbliğ edirik də. Xalqın güclü yaddaşı var, dastanlar elə belə bu günümüzə gəlib çıxmayıb. Pis dastan gəlib bu dövrə çıxmazdı.
- Sizin saytda Yetim Eyvaz görkəmli şair kimi təqdim olundu, ondan iki səhifəlik müsahibə alındı. Amma Anarı, Fikrət Qocanı bəyənmirsiz. Halbuki yetim Eyvaz palatka estetikasına malikdir.
- Tam səmimi deyim ki, yetim Eyvaz Fikrət Qocadan yaxşı şairdir. Biri var kütləvi sənət, yəni hamının qulaq asdığı, biri də var elitar. Bir milyonun istehsal etdiyi şeir var, bir də 5 nəfərin . Amma bu o demək deyil ki, 5 nəfərinki bir milyondan daha yaxşıdır. Yetim Eyvazın kütlə tərəfindən dinlənilməsi, o demək deyil ki, o pisdir.
- Zövq məsələsi var. Yetim Eyvaz heç vaxt zövqlü adamların şairi ola bilməz.
- Estetika baxımından mübahisəlidir. Amma Yetim Eyvaz qətiyyən zövq korlamır. Eyvazı dahi şair saymıram, amma o, Fikrət Qocadan min dəfə yaxşı şairdir. Fikrət Qoca isə xalq şairidir, amma o bu ada layiq deyil.
- Ədəbiyyatda unudulmaz yazıçı və şair olmaq üçün saysız- hesabsız kitablar yazmaq vacibdir?
- Azərbaycan ədəbiyyatında bu mövzuda ən yaxşı nümunə Rəşad Məciddir, cəmi bir hekayəsi var. “10 sentyabr” hekayasi normal da hekayədir. O hekayəyə görə Rəşad Məcid çox böyük uğur qazanıb. Hətta bir hekayə ilə AYB-nin gənclər üzrə katibi olub.
- Bir hekayəsi olan adam yazıçı ola bilməz ki?
- Bu fikri ədəbiyyata Ramiz Rövşən calayıb. Sanki az yazmaq böyük qabiliyyətdi. Bu, yazarın özünü aldatmasıdır. Cəlil Məmmədquluzadənin 47 hekayəsi, 10-dan dramı, bir povesti, 4 cildlik də felyetonu var. Dostoyevskinin saysız-hesabsız əsərləri var, adam oxuyub qurtara bilmir. Fredirik Beqbeder Rəşad Məcidlə yaşıddır, amma onun 7, 8 romanı var.
- İndi çoxu populyar olmaq üçün açıq - saçıq yazır. Sizcə müasir cəmiyyətdə hamının bildiyi şeylərdən yazmaq nə qədər doğrudur?
- Erotika insan həyatının bir hissəsidir. Hətta ən məhrəm hissəsidir. Saatlarla bir adamla oxuduğun kitablar, baxdığın filmlər haqqında danışa bilərsən, amma necə sevişməyin barədə yox. Lazımdırsa, bu,haqda yazmaq olar. “Qiraətçi” romanını oxuyuram. Roman 15 yaşlı bir yeniyetmənin 35 yaşlı bir qadına vurulmasından bəhs edir. Həmçinin onların intim həyatından da söhbət açılır. Həmin romanı oxuyanda bir qram da olsun mənfi çalar almadım, o səhnələr, filan mənim çox xoşuma gəldi. Maraqlı yazmaqdan çox şey asılıdır. Amma elə adamlar var ki, sırf gözə girmək üçün bunu yazırlar. İndi bununla qabağa getmək də olmur. Çünki bu dəqiqə hər şey internetdə var.
- Dostoyevski erotikadan yazmayıb, amma onu bütün dünya oxuyur...
- Amma Nizami Gəncəvi “Xosrov və Şirin”in zifaf gecəsini simvollarla, açıq saçıqlığı ilə yazıb. Biri yazmayıb, amma o qədər yazanlar var ki...
- Müsahiblərinizdən birində demişdiz ki, kulis.az Azərbaycan mədəniyyətində, incəsənətində və ədəbiyyatında olan boşluğu dolduracaq. Neçə vaxtdır ki, fəaliyyət göstərirsiz. Amma görünən mənzərə bunu deməyə əsas vermir....
- Sayt heç kimin fərdi zövqü ilə formalaşmır. Məsələn, Mopassanın əsərini bizim saytda dərc etmişik. Bu çox ciddi yazıdır, oxuyanlar da çox olub. Axı mədəniyyət sözünün mənası daha genişdir. Mədəniyyət insanın yaratdığı hər şey deməkdir. Müasir dövrün tələbi belədir.
- Mənə Üzeyir Cəfərzadədən müsahibə götürmək təklifini zarafat kimi qəbul etmişdim.
- Bizdə “Xalq qəhrəmanlar”ı adlı bir layihə var. Efirdə az görünüb, xalq arasında məşhur olan adamlardan müsahibə götürürük. Üzeyir də xalq qəhrəmanlarının bariz nümunəsidir. Onun da dünya görüşü insanlara maraqlıdır. Bizim devizimiz odur ki, kimə nə maraqlıdır onu bizim saytda tapa bilsin.
- Televiziyalarımız, xüsusilə təzə açılmış “Mədəniyyət” kanalı sizcə mədəniyyətimizi yetərincə təbliğ etməyi bacarır?
- Açığı deyim ki, Azərbaycan kanalları içərisində ən çox xoşuma gələn elə “Mədəniyyət” kanalıdır. Amma orada çox ciddi çatışmazlıqlar var. Kanalda debat yoxdur. Ədəbiyyat, mədəniyyət haqqında olan söhbətləri gedib orada etməliyik. Yoxsa ki, kiminsə haqqında hazır çəkilmiş DVD-ni qoy və insanlar baxsın. Bunu etməyə nə var ki?..Bu kanalın imkanları var, dövlət büdcəsindən maliyyələşir. 10 milyonlarla manat AzTV-nin büdcəsidir. Getsinlər bir dəfə Orxan Pamukdan müsahibə, Markesdən, Elif Şafakdan alsınlar da. Hamı sevə-sevə baxacaq.
- Musiqi zövqünüz necədir?
- Açığı Azərbaycan musiqilərinə az qulaq asıram. Musiqi zövqümün yüksək olduğunu deyə bilmərəm. Arada klassik musiqiyə qulaq asıram.
- Klassik musiqi axı yüksək zövqdür...
- Hə, o da düzdür. Çox vaxt yüngül mahnılara da qulaq asıram
- Özünüz Üzeyirə qulaq asırsız?
- Yox, onu dinləyə bilmirəm.
- Gənclərin indiki poeziya zövqünü bəyənirsiz?
- Müsbət dəyişikliklər var. Xoşuma gəlir görəndə ki, gənclər Cemal Süreyyanı, Can Yüceli, Nazim Hikməti oxuyur.
- Gənclərdən kimi oxuyursuz?
- Son zamanlar mühüm hadisə kimi qiymətləndirdiyim Şərif Ağayarın romanıdır. Onu oxuyuram. Şair kimi də Aqşinin şeirlərini çox bəyənirəm. Seymurun üslubu standart deyil, Azərbaycan ədəbiyyatı üçün xeyli yaddır. Bu üslubu Seymur kifayət qədər yaxşı yazır, amma mən bu üslubu çox bəyənmirəm. Desəm ki, lap gənc yazarlardan heç kimi oxumamışam, düzgün başa düşməyəcəklər, amma doğrudan da oxumuram.
- Niyə oxumursuz?
- Əlbəttə, göz yetirirəm. Onların içərisində hələki parlaq imza görmürəm. Bir az Qismət bunların arasında istedadı ilə seçilir. Çoxu da şeiri, şair adını çox ucuzlaşdırırlar. Adam “Facebook”da şeir qoyub, digər “Facebook” dostunu o şeirə etiketləməz. Bu, təhqirdir.
- Sizi də bəyənməyənlər var. Qəbul edirsiz?
- Ola bilər, mən buna faciə kimi baxmıram.
- Bir vaxt AYO-çular gündəmi zəbt etmişdilər, indi elə bil yoxa çıxıblar...
- AYO “Müsavat”, “Xalq Cəbhəsi” kimi bir partiya deyil ki... Bu təşkilatın üzvləri Rafiq Tağıdır, Seymur Baycan, Aqşin və digərləridir ki, onlar da yazırlar. Bizim işimiz yazmaqdır, onunla da məşğuluq. Nə təqaüd davası edirik, nə də başqa bir şey. AYO böyük bir təşkilatdır, fərdlərin cəmidir. Fərdlərdəki ortada görünürlər. AYO-çuların fəaliyyəti gözə çarpmasa da, çoxları AYO ilə bağlı sullar verir. Bu özü elə AYO-nun mövcudluğundan, varlığından xəbər vermir ki? Amma AYB təqaüd davası, sədrlik postu ilə, məişət məsələləri ilə bağlı gündəmə gəlir.
- Bu yaxınlarda AYB-nin üzvü Qismətin esselərini kulis.az -da oxudum. Buna baxmayaraq, sizin redaktoru olduğunuz sayt AYO-nun mətbu orqanı təsirini bağışlayır...
- Qismət istedadlıdır, onun istedadını yüksək qiymətləndirirəm. Nə vaxt bizə yazı verirsə, məmuniyyətlə çap edirik. Kulis.az AYO-nun tribunası deyil. Düzdür, bizdə AYO-nun üzvləri fəaliyyət göstərir, amma biz daha çox yaxşı yazanları üzə çıxartmaq istəyirik. Redaktor kimi marağım daha yaxşı sayt hazırlamaqdı, nəinki AYO-nun tribunasını hazırlamaq. Ümumi aura siz dediyiniz kimi görünə bilər. Bizim günahımız deyil ki, AYO-çular daha yaxşı yazır. Azərbaycan elə də böyük ölkə deyil ki, burada yüzlərlə istedadlı adam olsun və biz onu seçək. İstedadlı adam, normal yazan çox azdır. Bunların da əksəriyyəti AYO-nun məktəbini keçənlərdi.
- Yaxşı yazanlar kimlərdi?
- Seymur Baycan, Aqşin və.s.
- Şair Rüstəm Behrudi ilə aranızda incikliyin səbəbbi nədir?
- Mən onun haqqında bir yazı yazmışdım, görünür həmin yazıya hələ indi də mənfi reaksiyası qalıb.
- Rüstəm müəllimlə müsahibəm zamanı sizdən şikayətləndi. Dedi ki, Qan Turalı ilə süfrə arxasında çörək yedik, kitabını mənə verdi, mən də ön söz yazdım, hətta onu təriflədim də. O, isə mənim haqqımda Rüstəm Behrudi “dar ağacını taxta şalbana dəyişdi” başlıqlı yazı yazdı. Deyir, bu tərbiyəsizlikdi...
- Mən Rüstəm Behrudi ilə bir süfrədə yemək yeməmişəm, hətta o mənim kitabıma ön söz də yazmayıb. Kitabımı alıb, baxa bilərsiz. Amma necə sübut edə bilərəm ki, mən onunla yemək yeməmişəm.
- O zaman yalan deyir?
- Əlbəttə. Mənim kitabımda heç ön söz yoxdur, hətta ona kitab verdiyim belə yadıma gəlmir.
- O, sizi qınayır ki, şairin yaradıcılığından yazmaq əvəzinə adını biznesdə hallandırır.
- Təhrif edir, mən o cür yazmamışam. Mən öz fikirlərimi o yazıda bədii ifadə vastisəi kimi işlətmişəm. Onun dediyi kimi, kobud yazmamışam. Demişəm ki, dar ağacından yazırdı, indi taxta, şalbana baş vurub. Bu sözü qaragüruhçu kimi deməmişəm.
- Şair taxta, şalban sata bilməz?
- Şair hər işlə məşğul ola bilər. Dünya ədəbiyyatının böyük şairlərindən biri Artur Rembo ən murdar bir işlə, qul satmaqla məşğul olub. Taxta satmaq bunun yanında nədir ki? Taxta satmağın yenə ictimai bir faydası var. O, Afrikadan qul alveri ilə məşğul olub. Bundan murdar bir iş tapmaq olar? Buna görə Artur Rembonun bütün şeirlərini cırıb, ataq? Behrudi haqda məcaz işlətmişəm, o qədər.
- Maaşınızın nə qədər hissəsini kitablara verirsiz?
- Dəqiq yadımda deyil, amma keçən ay 100 manatdan çox kitablara pul verdim.
- Bu gün jurnalistin aldığı maaşı dolanmağa bəs edir?
- Məni dolandırır. Elə böyük lüksum yoxdur ki, dolandırmasın. Ailədə də iki nəfərdən ibarətik. Lüksum ancaq kitablar və texnologiya ilə bağlıdır. Amma ümumiyyətlə jurnalistika ilə bağlı vəziyyət pisdir.
- Bizdə jurnalistika ən kasıb təbəqə sayılır...
- Əlbəttə, maaşlar çox azdır.
- Qan Turalı özünü hansı peşənin sahibi kimi daha rahat hiss edir? Qəzetçi, yazıçı, şair yoxsa redaktor kimi?
- Hamısından bir az var. Amma şeiri çox sevsəm də, özümü şair kimi görmürəm.
- Kulis.az APA-nın tərkibindədir. Rəhbəri də Vüsalə Mahirqızıdır. Qadın rəhbərlə işləmək çətin deyil ki?
- Rəşad Məcidlə, az müddət Aqil Abbas və Qənimət Zahidlə işləmişəm. Kişi rəhbərlərdən ən yaxşı Azər Əhmədov olub. Əvvəllər heç vaxt xanım rəhbərlə işləməmişəm. Vüsalə xanımla işləmək çox rahatdır.
- Qadın rəhbər daha çox güzəştə gedir, yoxsa kişi?
- Vüsalə xanımla işləmək çox rahatdır, anlayışlıdır. Hərdən bizə deyirlər ki, bu materialı necə sayta verirsiz? Amma, o, bizə hər şəraiti yaradır. Demək olar ki, bizim işimizə qarışmır. Bizə çox yaradıcılıq sərbəstliyi verib.
- Kulis.az – ın yazarları hərdən elə bəsit mövzularda köşələr yazırlar ki, adam təəccüblənir.
- Hə, olur. Yazarın öz insaniyyətinə qalmış bir məsələdir. Mən özüm də heç də bütün köşələri güclü yazı hesab etmirəm. Amma oxunur da.
- Reytinq dahamı önəmlidir?
- Yox, bizdə belə bir kriteriya yoxdur.
- Yaxşı yazıya nə qədər qonorar verirsiz?
- Yazarla bağlı dəyişir.
- Yazarın kimliyi ilə bağlı?
- Əlbəttə, marka ilə bağlı qiymət də dəyişir.
- Fərqi yoxdur, nə yazsa belə?
- Bəli.
- Qismətin yazısına nə qədər qonorar vermisiz?
- Qismətə qonorar verməmişik.
- Niyə verməmisiz, əziyyət çəkib axı...
- Biz ondan yazı istəməmişik axı, özü bizim saytda çap olunmaqda maraqlı olub. Biz kimə sifariş veririksə, ona da qonorar yazırıq. Amma ona bizə daimi yazmağı təklif etmişik.
- Qan Turalı narsistdir?
- Məncə hə.
- “Facebook”da bu qədər çox status yazmaqla dostlarınızı yormursuz?
- Bu, dövrümüzün tələbidir. “Facebook” çox demokratik bir yerdir, dostluqdan silmək olar.
- Dini baxışlarınız necədir?
- Bu mövzu mənimçün çox intim mövzudur. Amma heç bir dinə inanmıram.
- Bir vaxtlar namaz qılırdız...
- Lap çoxdan qılmışam.
- “Çiyələkli gecə” romanınızda dini seçən insanların başqa seçimləri olmadığını yazmısız. Hətta romanda iztirab çəkən yeniyetmənin “namaz qılmaq istəyirəm” arzusuna laqeyd yanaşaraq, namaz qılmaqdansa, qadınla intim ünsiyyəti məsləhət görürsüz. Bu nə qədər doğrudur?
- O, fikirlər obrazın dili ilə deyilib, özüm o cür düşünmürəm. Elə hesab edirəm ki, bəzi adamlar doğrudan da namaz qılmalı, dinə inanmalıdılar. Onların başqa yolları yoxdur axı. Oxumuş, ziyalı adamın vicdan anlaşıyı olur. Demirəm ki, oxumayanlar vicdansızdır. Biri var, dəyəri yaradanlar, biri də var dəyərlərlə yaşayanlar. Din də bu dəyərin ən mükəmməlidir. Dəyər yarada bilməyən adamlar hazır dəyərlə yaşamalıdır.
- Belə çıxır ki, dəyər yarada bilməyənlər üçün din təsəllidir?
- Həm təsəllidir, həm həyatda bir yoldur. Din mahiyyətcə neqativ bir şey deyil ki.. İnsan özü üçün müəyyən edir həyatda yaxşı və pis nədir. Əvvəl şəriətə, sonra təriqətə, daha sonra həqiqətə xidmət edirsən. Mənsə, ideoloji baxımdan sosial demokratam.
- Namazı niyə atdız?
- İnsan yaza - yaza hər şeyi anlayır. “Mustafa” adlı romanımı yaza - yaza özümlə bağlı bütün suallara cavab tapmışam. Amma namazdan uzaqlaşmağıma heç o romanda da cavab tapa bilməmişəm.
- Niyə uzaq olduz?
- Vaxtı ilə bir qız var idi, onunla münasibətlər alınmamışdı. Sonra başa düşdüm niyə belə oldu. O məni sevirmiş, mənsə bunu bilməmişəm, qiymətləndirməmişəm. Sartr yazır ki, bir gün dayanacaqda durub avtobus gözləyirmiş, qəfildən başa düşüb ki, heç Allah yoxmuş.
- Siz də düşünürsüz ki, Allah yoxdur ?
- Onun kimi düşünmürəm, amma başa düşdüm ki, bura mənsub deyiləm. Bu hallar hər bir insanın həyatında baş verir. Məsələn, bir gün anlayırsan ki, onu sevmirsən.
- Deyirlər ki, ağıl bitən yerdə iman başlayır. İman da qəlbdə yaranır. Sizdə isə deyəsən əksinə baş verib...
- Ağlımla ürəyimin vəhdəti məsələsi həmişə məni düşündürür. Hansı daha güclüdür deyə. Dindar insanın daxili dünyası həmişə mənə maraqlıdır. Din barədə düşüncələrim Xaberması oxuduqdan sonra dəyişdi.
- Allahın ədalətinə inanmırsız?
- Yox, inanmıram.
- İnsanların ədalətinə bəs?
- Ona da inanmıram, insan mahiyyətcə vəhşidir. İnsanın da, Allahın da ədalətinə inanmıram. Bu yaxınlarda maraqlı bir fakt oxudum. Ayı insana hücum edir, amma yemir. Amma çılpaq insan olanda Ayı ondan iyrənir və qaçır. Nitşe isə deyir ki, insan qəhqəhə ilə güləndə bütün vəhşiləri geridə qoyur. Bu, insanın mahiyyətidir. Bu o demək deyil ki, insan vəhşi olmalıdır. Bəs elm, təhsil, bilik nə üçündü? Bunlar onu maarifləndirməli, hisslərini tərbiyə etməlidir.
- Bizim cəmiyyətdə ruh adamı olmaq çətindi?
- Əlbəttə ki, çətindir. Dünyada özümü ən pis hiss etdiyim şəhər Bakıdır. Şirvanda özümü daha rahat hiss edirəm. Ona görə yox ki, ora mənim doğma şəhərimdir. Sən də gedib orada qalsan, görərsən rahatdı. Çünki çox sakit şəhərdir. Kamyunun gözəl bir sözü var, deyir ki, realist olmaya bilərsən, amma reallıqdan qaçmaq mümkün deyil. Adi bir fakt deyim. O gün evə gedirəm, görürəm ki, bizim evinin qabağına turbalar töküblər. Ruh adamı ordan nece keçsin? (gülür)
- Çoxu sevgidən yazır, amma danışdıranda sevmədiyini deyirlər. Bu necə olur?
- Mən çox sevmişəm. Hardasa 5, 6 qadını.
- Maşallah, geniş ürəyiniz var...
- Deyəsən (gülür)
- Sevmək yaxşıdır, sevilmək?
- Bir tərəfli eşq insanı axmaqlaşdırır. Bir müddət də bu axmaqlıq xəstəliyindən əziyyət çəkmişəm, ona görə bunu çox dəqiq bilirəm.
- Ailə qurduqdan sonra Qan Turalının ağlını başında alan qadın olub?
- Açığı deyim ki, yox.
- Bütün kişilər ailə qurduqdan sonra belə deyir...
- Açığı özümdə o gücü, enerjini hiss etmirəm. Sevmək üçün yox, amma başqa münasibətlər ola bilər.
- Qan Turalını hamı niyə müxalifətçi kimi tanıyır?
- “Azadlıq” qəzetində yazdığım yazılara görə.
- Bəs siz necə düşünürsüz, müxalifətçisiz?
- Bir yazıçı istənilən halda müxalifdir də. Ölkədə bir çox hadisələrə fərqli baxışım var.
- Yazılarınızın birində Fazil Mustafanı təhqir səviyyəsində tənqid etmisiz. Onu mövqeyinin dəyişməkdə günahlandırmısız. İndi Fazil Mustafa eyni fikirləri Sizə deyə bilərmi?
- Yox deyə bilməz, çünki mən dünən də eyni şeyi deyirdim, bu gün də. Fazil dünən deyirdi ki, Elçibəy hakimiyyətin natividir, liderdir. İndi isə deyir ki, İlham Əliyevin nativi yoxdur. Amma mən dünən “real hakimiyyət Əli Kərimlidir” ifadəsi işlətməmişəm, bu gün də onun əksini demirəm. Aramızda fərq bu qədər açıq və bariz deyilmi?..Fazil Mustafa uğursuz şair və siyasətçidir, mənsə jurnalist və yazıçıyam. Bir vaxt siyasi jurnalistika ilə məşğul olurdum, indi olmuram.
- Fazil Mustafa da eyni sözü deyə bilər də. Əvvəl deyirdim, indisə demirəm...
- Amma o başqa bir şey də deyib axı. Necə olur ki, bir gün bir söz deyir, başqa gün başqa söz. Necə olur ki, dünən dediklərini bu gün demirsən? Hər şeyin həddi var. Dünən Yeni Azərbaycan Partiyasının emblemini şeytana bənzədən adam, bu gün onların tədbirində iştirak edir.
- “Azadlıq” qəzetində hakimiyyətin, hətta prezidentin belə əleyhinə yazılar yazırdız. Kulis.az- gələndən sonra isə həmin Qan Turalı sanki yoxa çıxdı. Buna səbəb nədir?
- 5 ilə qədər “Azadlıq” qəzetində çalışmışam. Siyasətdən, siyasət haqqında yazmağımdan, qəzet redaktorlarından bezdim. Azərbaycan siyasətçilərinin dar düşüncəli olduğunu gördüm. Birdən - birə həddindən artıq çox yorulduğumu hiss etdim. Fevral ayından “Azadlıq”-a yazmırdım, mən isə kulis.az –a aprel ayında gəlmişəm. İki aylıq boşluq dönəmim olub. O ərəfədə çox düşündüm, sonra bu sayta redaktor gəldim. O vaxtkı düşüncələrimlə indiki arasında fərq var.
- İndi siyasi hökümətə qarşı fikirləriniz dəyişib?
- Söhbət siyasi hökümətə qarşı dəyişməkdən getmir. İdeoloji, strateji baxımdan düşüncələrim dəyişib. Hadisələrə daha real və obyektiv baxmağın tərəfdarıyam.
- O vaxt real və obyektiv baxmırdız?
- O vaxt mən elə hesab edirdim ki, “Azadlıq” qəzetinin ən obyektiv yazarlarından biriyəm. Hökümət hicab qadağası ilə bağlı çıxışlarına başlayanda, mən o kursun lehinə yazılar yazmışam. Mən obyektiv yazırdım. Bunu mənə deyirdilər. Bir hadisəni danışım sizə. AYB-nun yubileyində xarici qonaqların qarşısında Anar çıxış edərək məni tənqid eləmişdi. Mən də yazımda yazdım ki, başqa vaxt pisləyirsən, eybi yox, amma xarici qonaqların qarşısında niyə bunu edirsən? Hətta Yazıçılar Birliyinin katiblərindən biri dedi ki, düz yazmısan. Amma son vaxtlar məni yazının gözəlliyi daha çox maraqlandırır. Həqiqəti onsuz da hamı bildiyi kimi yazır.
- Qan Turalı deyirdi ki, İlham Əliyevi tənqid etməyən jurnalist jurnalist deyil...
- Jurnalist üçün heç bir tabu, heç bir toxunulmaz insan olmamalıdır.
- Susmağınız, yazmaq istəməməyiniz bir vaxt tənqid etdiyiniz siyasi rejimi qəbul etmək kimi başa düşülə bilərmi?
- Qətiyyən. Mən dedim ki, siyasətdən yoruldum. Bu da təkcə müxalifətin aparadığı siyasət yox, elə dövlətin apardığı siyasətdir. Mən bu proseslərin hamısından yoruldum.
- Yeri gəlmişkən, Ramiz Rövşən yetərincə müxalifətçi şair kimi tanınır. Son vaxtlar onun da ictimai baxışını əks etdirən yazılarına rast gəlmirik. Niyə haylı, küylü, müxalif yazan, düşünən insanlar sonda susurlar?
- Mən özümü onunla eyniləşdirmirəm. Ona görə ki, mən siyasətdən yazılar yazmışam, amma heç vaxt özümü siyasətçi kimi aparmamışam, siyasətçi kimi çıxıb mitinqlərdə çıxışlar etməmişəm. Amma Ramiz Rövşən Müsavat Partiyasının liderlərindən biri olub. Hətta onun müsahibələrində işlətdiyi şüarlar var: “gələcəyik”, “görərsiz”. Ramiz Rövşən jurnalist olmayıb, siyasətçi olub. Bəlkə ona görə o, bu qədər əzilir. Mənsə jurnalist olmuşam, köşə yazmışam.
- Şair təkcə hakimiyyəti tərifləməlidir ki, ona ad versinlər?
- O vaxtı İsa Qəmbərə təklif edirdilər ki, hakimiyyətə gələn kimi fəxri adları ləğv et. O, isə deyir ki, bəs Ramiz Rövşənə fəxri adı kim verəcək? Mən yazıçının istər hökümətə, istərsə də müxalifətə bu qədər yaxın olmağının əleyhinəyəm. Yazarın hər hansı bir siyasi qüvvənin yanında durması onu məhvə aparır.
Aynurə Həsənova