|
MİSİR MƏRDANOV OTURDUĞU BİNAYA GƏLMİR
Müavinlərin “vurulması”nın gizlin və aşkar məqamları
Yeni dərs ilində prezident İlham Əliyevin sərəncamı ilə təhsil nazirinin 3 müavininin işdən çıxarılması mətbuatda müxtəlif müzakirələrə yol açıb.
Azərbaycan təhsilinin keyfiyyətində ciddi problemlərin olduğu dəfələrlə vurğulanıb. Xüsusilə də, orta təhsil məktəblərində şagirdlərin bilik səviyyəsinin aşağı olması rəsmilər tərəfindən də təsdiqlənib. İş o yerə çatdı ki, bu il qəbul imtahanları zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası humanitar ixtisaslar üzrə keçirilən qəbul imtahanında balları ciddi şəkildə aşağı salmağa məcbur oldu.
Təhsil nazirnin müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynovanın işdən çıxarılmasının səbəblərilə bağlı müxtəlif məlumatlar dolaşır.
Modern.az saytı yazır ki, nazir müavinlərinin işdən çıxarılmasının ölkə təhsilindəki nöqsanlarla heç bir əlaqəsi yoxdur. Əsas səbəb Təhsil Nazirliyinin rəhbərliyi daxilində yaranan ixtilafdır. “Belə məlum olur ki, müavinlər birləşib nazirə qarşı çıxırmışlar. “Bu ixtilafın kökləri isə xeyli uzaqdan başlayır” deyə, sayt etibarlı mənbəyə istinadən bildirir. .
Qeyd olunur ki, nazirin sabiq kişi müavinlərindən biri yola salınarkən göz yaşlarını belə saxlaya bilməyib.
Anspress.com saytı isə yazır ki, hər üç müavin Təhsil Nazirliyindəki korrupsiyanın qurbanı olublar.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Təhsil Nazirliyində yoxlamalar aparıb. Nazirliyin maliyyə idarəsinin əməkdaşı Orxan Kərimov həbs edilib, digər vəzifəlilərin fəaliyyəti araşdırılıb.
Yoxlamalar nəticəsində Nazirliyin tikinti-təchizat sektorunda yeyinti halları aşkarlandığına görə, nazirliyin tabeliyindəki, Misir Mərdanovun xalası oğlu Allahverdi Dəmirovun rəhbərlik etdiyi Təmir-Təchizat İdarəsi Bakı meriyasının tabeliyinə verilib. Bundan sonra Bakıda məktəb, uşaq bağçası tkintisi ilə BŞİH-i məşğul olacaq.
Mövzu ilə bağlı ANS TV-də yayımlanan sujetde maraqlı faktlar ortaya qoyulub. Nazir müavini Elmar Qasımovun adı 17 yaşı tamam olmayan öyrəncilərin xaricə göndərilməsində, İradə Hüseynovanın adı isə orta məktəblərdə buraxılış imtahanlarında baş verən total saxtalaşdırmalarda hallanıb.
“Bizim Yol” qəzeti bir qədər də irəli gedərək yazır ki, nazir müavinlərinin birinin adı Azərbayandan PKK-ya dəstək verənlərin sihasında olub. Siyahını rəsmi Bakıya Türkiyə xüsusi xidmət orqanları təqdim edib.
Həmin siyahıda nazir müavini İsgəndər İsgəndərovun da adı keçir. Digər iki müavinin isə onun güdazına getdiyi deyilir. İ.İsgəndərovla bağlı ciddi araşdırma aparılır. Onun qardaşı Sumqayıtın məşhur klanı Zaman İsgəndərovun da sıxışdırılması, digər qardaşı Əvəz Lələdağın direktor vəzifəsindən uzaqlaşıdırılması da məhz bununla bağlıdır. Xəbərdə qeyd olunur ki, oliqarxın oğlu, sabiq deputat Nizami İsgəndərovun Nabrandakı obyektlərinin əlindən alınması üçün təzyiqlər göstərilir.
Təhsil üzrə ekspert Etibar Əliyevin sözlərinə görə, müavinlərin işdən çıxarılmasını kadr islahatı kimi qələmə vermək olmaz.
«Azərbaycanda elə bir nazirlik, komitə tapılmaz ki, ordakı müavinlər təhsil nazirinin işdən çıxarılan bu müavinləri kimi səlahiyyətsiz olsun. Əslində Misir Mərdanov bütün səlahiyyətləri əlində toplamışdı, müavinlər ancaq cari məsələlərlə məşğul idi. Yalnız islahatçı nazirin iş başına gətirilməsindən sonra təhsildə yeni nəfəsin ola biləcəyini proqnozlaşdırmaq olar.
Simsar.az-ın məlumatına görə, hazırda Misir Mərdanovun özünün də vəziyyəti yaxşı deyil və onun vəzifəsində qalıb-qalmayacağı bilinmir. Bir müddət öncə təhsildə problemlərin olduğunu etiraf edən M.Mərdanov vəzifədən getməyə hazır olduğunu bildirib. Hətta nazir Bakıda əsaslı təmir olunan və yenidən qurulan 6 saylı orta məktəbin açılışında iştirak edən prezident İlham Əliyevin yanında görünməyib. Bu da nazirinin yaxın günlərdə vəzifəsilə uzaqlaşacağına dair versiyaları gücləndirib.
Mənbənin məlumatlarına görə, yeni dərs ili başlayandan M.Mərdanov Nazirliyin binasına gəlmir.
Mətbuatda gedən bəzi məlumatlara görə, yeni təhsil naziri İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev olacaq. Digər məlumatlarda isə M.Mərdanovun yerinə hazırda Moskva Dövlət Universitetinin Bakı filalının rektoru olan Nərgiz Paşayeva təyin ediləcək.
RAMİL
16 Sentyabr, 2011 15:58 ⁄ Baxılıb: 1680 ⁄ Çap
Bu bölmədə
|
|
|