Azərbaycanda bəzi təriqətlər vasitəsilə islamı içəridən dağıtmaq cəhdləri var - Tarix İnstitutunun direktoru
Azərbaycanda bəzi təriqətlər vasitəsilə islamı içəridən dağıtmaq cəhdləri var. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda "Din və ictimai təhlükəsizlik" mövzusunda keçirilən elmi konfransda AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib.
Azərbaycanın xüsusi tarixi yol keçən ölkə olduğunu bildirən tarixçi alim mədəniyyətlərarası, dinlərarası ünsiyyətin ölkənin inkişafında əsas məqamlardan olduğunu deyib.
"Tolerantlıq bizim tarixi nailiyyətimizdir. Lakin hazırda Azərbaycanda bəzi təriqətləri yaymaqla islamı içəridən dağıtmaq cəhdləri göstərilir", - Mahmudov bildirib.
O qeyd edib ki, Azərbaycanda din məsələsinin qoyuluşu başqa ölkələrdən fərqlənməlidir, çünki islam dini xalqın təşəkkül tapmasında müstəsna rol oynayıb. "Orta əsrlərdə Ağqoyunlu, Səfəvilər dövründə Avropa tərəfindən bu ərazini xristianlaşdırmaq prosesi gedirdi və müasir dövrdə də belə cəhdlər mövcuddur", - millət vəkili qeyd edib.
Konfransda İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva qeyd edib ki, Azərbaycanda minilliklər boyu birgə yaşayan dinlər ölkəni unikal dövlətə çevirib. "Ölkə rəhbərliyi tərəfindən də hazırda dinlərarası münasibətlərə xüsusi diqqət yetirilir, lakin bu sabitliyi, unikallığı pozmaq istəyən destruktiv sektalar mövcuddur", - Mustafayeva deyib.