|
QİYMƏT DƏHŞƏTLƏRİNİN SƏBƏBLƏRİ SİMSAR.AZ-da
Əhməd Qəşəmoğlu: “Adını qoyub bazar iqtisadiyyatı və bütün maxinasiyaları bunun içinə yığıb maddi maraqlarını təmin edirlər”
Azər Mehtiyev: “Yerin altından asanlıqla qazandığımız pulları asanlıqla da yerin altına xərcləyirik”
Amerikanın yaradıcılarından biri Franklinin məşhur deyimi bu gün Azərbaycan üçün olduqca aktualdır. Franklin deyir. Əgər sən boşuna 1 dollar xərcləmisənsə, 1 dolları deyir, onun sənə verə biləcəyi çoxlu 1 dollarları itirmisən. Azərbaycanın hər il dövlət büdcəsinin sürətlə inkişafı fonunda ekspertləri bir vacib məsələ düşündürür. Artan gəlirlər və ya xərclənən pullar ölkənin sosial-iqtisadi inkişafına səbəb olacaqmı? Necə etmək lazımdır ki, vətəndaşın güzaranı yaxşılaşsın, ölkə inkişaf etsin.
Simsar.az saytı ölkədəki iqtisadi-sosial durumu dəyərləndirmək və çıxış yollarını öyrənmək üçün “Necə yaşayaq” rubrukası altında tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlunu və İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyevi redaksiyasına dəvət edib.
- Son illər ölkəmiz ayrı-ayrı məhsullardakı qiymət artımına görə, müxtəlif reytinq cədvəllərində ön sıralarda qərarlaşır. Əhalinin sosial durumunun ağırlaşdığı zamanda qiymətlərin kəllə-çarxa çıxmasının hansısa elmi əsası varmı?
Əhməd Qəşəmoğlu: 1994-cü ildə Milli Məclisdə mənim rəhbərlik etdiyim elmi mərkəz bir layihə üzərində işləyirdi. Sovet dövründə bizdə kənd təsərrüfatı sahəsində tədarük məntəqələri yox idi. Tədarük məntəqələrinin açılması barədə layihəni hazırlayıb Aqrar sənaye komitəsinin rəhbərinə təqdim etdim. Komitənin rəhbəri (Eldar İbrahimov- red) hirslənib layihəni özümə qaytardı ki, ona belə bir sənəd lazım deyil. Bu gün Bakı şəhərində ciddi insan sıxlığı var. Kəndlərdə torpaqlar becərilmir, orada həyat dayanıb. Aqrar sektorun inkişafına azacıq elmi yanaşma tətbiq olunsa, insanlar kənd yerlərinə qayıdar, əkin-biçinlə məşğlul olarlar. Kəndliyə faizsiz kredit vermək lazımdır. İndiki zamanda kəndliyə faizlə kredit verimək səhv addımdır. Dövlət ilin əvvəlində xarici ölkələrlə, müəyyən təşkilatlarla müqavilə bağlamalıdır. Müqaviləyə uyğun olaraq dövlət vətəndaşlardan məhsulu alıb emal və tədarük etməlidir. Kəndli həm məhsul becərməli, həm emal etməli, həm də onu satmalı deyil. Bu gün fermer pul, texnika axtarır, məhsul yetişdirir və satışla məşğul olur. İqtisadiyyat elminin əlifbasını başa düşən anlayır ki, bu, qarmaqarışıqlıq yaradacaq. Fermer yalnız istehsalla məşğul olmalıdır. O vaxt Eldar İbrahimov, Arif Rəhimzadə üstümə qışqırdılar ki, Əhməd müəllim, bu sənin işin deyil. Nazirlər Kabinetindən isə bildirdilər ki, onların o qədər işləri var ki, bu təklifləri icra etməyə vaxtları yoxdur.
Azər Mehtiyev: Öncə qiymətlərə nəzər salaq. Qiymət iqtisadiyyatın güzgüsüdür. Qiymətlərə nəzər yetirməklə ölkə iqtisadiyyatını öyrənmək mümkündür. Qiymətləri ya bazar, ya da dövlət tənzimləməlidir. Azərbaycanda qiymətləri nə bazar tənzimləyir, nə dövlət. Ortada rəqabət də yoxdur. Azərbaycan liberal bazar iqtisadiyyatına keçdiyini rəsmən bəyan edib. Bu gün Azərbaycan iqtisadiyyatında baş verənlər sadəcə özbaşınalıqdır. Bu sahədə kəskin inhisarlaşma var. Əhməd bəyin qeyd etdiyi təkliflər artıq gecikib. Torpaq kəndliyə paylanandan sonra ondan istifadənin və gəlir götürmənin mexanizmi işlənib hazırlanmalı idi. Kəndli istehsalçıdır, o, bazar qayda-qanunlarını billə bilməz. Torpaqların paylanmasının mənfi və müsbət tərəfi artıq müzakirə mövzusu deyil. Kəndlinin bu gün pulu yoxdur ki, torpaqları əkib-becərsin. Məhsuldar torpaq yavaş-yavaş pullu insanların - oliqarxların əlində cəmləşir. «Azərsun Holdinq», «Gilan Holdinq» insanların torpaqlarını mənimsəyirlər. Bu holdinqlərin əlində təkcə emal sənayeləri deyil, həm də istehsal sahələri var. Holdinqlər artıq kəndlidən məhsul almaqda maraqlı deyil. Amerika prezidentləri inaqurasiyada bildirirlər ki, kənd təsərrüfatı onlar üçün milli təhlükəsizlik məsələsidir.
- Bütün bunlar kor-koranə olaraq baş verir, ya düşünülmüş şəkildə?
A.Mehtiyev: Əvvəllər bu bilməyərəkdən olurdusa, son vaxtlar qəsdən edilir. Məqsəd odur ki, kəndli torpaqdan imtina etsin. Mən bir neçə il bundan öncə bildirmişdim ki, Azərbaycanda yürüdülən kənd təsərrüfatı siyasəti torpağın kəndlidən alınmasına xidmət edir. Kəndli torpağa normal gübrə verə, aqrotexniki qulluq edə bilmir, məhsuldarlıq aşağı düşür. Kəndli biznesini inkişaf etdirmək üçün kredit ala bilmir. Sahibkarlığa Kömək Milli Fondu kreditləri iri sahibkarlara verir. Fermerlərə dövlət yardımının edilməsi üçün hüquqi baza yoxdur. Azərbaycanda sahbikarlığın iki forması var: hüquqi və fiziki. Fermerlər isə bunun heç birinə aid deyil. Çünki sahibkar olmaq üçün şəxsin müəyyən həddə vəsaiti olmalıdır. Dövlət rəsmiləri bildirirlər ki, kənd təsərrüfatı subyektləri vergidən azad edilib. Fermerlər kənd təsərrüfatı subyekti sayılmır.
Ə.Qəşəmoğlu: 1994-cü ildə Hollandiyaya səfər etmişdim. Müşahidələrimə əsaslanıb bir daha əmin oldum ki, bu ölkənin əhalisinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur. Orada xaricə məhsul satanlara dövlət fərqli dəstək verir. Fransada, Almaniyada bu dəstək başqa cürdür. Yəni dövlətlər maraqlıdır ki, sahibkarlar biznesini inkişaf etdirsin. Azərbaycan xarici ölkələrin təcrübələrini kor-koranə şəkildə götürüb daxildə tətbiq etməməlidir. Bu gün bizim qarşımızda duran əsas məsələ əhalinin keyfiyyətini yüksəltməkdir. Bizim ən böyük silahımız budir. Vətəndaşlarımız nə qədər keyfiyyətli olarsa, dövlətimiz də bir o qədər güclü olar. Əhali get-gedə fiziki olaraq sağlamlaşmalıdır, mənəvi olaraq zənginləşməlidir. İnsanlarda həyata yaradıcı münasibət formalaşdırılmalıdır. Bizim iqtisadiyyatımız insan üzərində qurulmalıdır. Əgər bizim iqtisadiyyat əhalinin keyfiyyətini qaldırırsa, deməli, bu, yaxşı sistemdir. Əks təqdirdə pisdir. Çalışmaq lazımdır ki, Azərbaycan kimi ölkədə pulsuz adam olmasın. Adam pulsuz olanda ruhdan düşür, fəaliyyəti azalır. Bizim əhali qoçaq zəhmətkeşdir. Elə bir tarixə təsadüf edərik ki, əhalini tənbəlləşdirərik, zəhmətkeşliyi unudarıq. Bu, Azərbaycan üçün torpaq imtirməkdən qat-qat qorxuludur. Əhalinin ke yfiyyəti olsa, itirilmiş torpaqları da alacaq. Keyfiyyət aşağı olsa əlindəki torpaqları da itirəcək. Müasir dövr elmi idarəetmə dövrdür. Əvvəl deyirdilər ki, müasir dövr informasiya dövrüdür. İnformasiya xammaldır. İnformasiyanı emal etmək üçün elmi araşdırmalar aparılmalıdır. Adını qoyub bazar iqtisadiyyatı və bütün maxinasiyaları bunun içinə yığıb maddi maraqlarını təmin edirlər. Tez-tez mənə sual verirlər ki, ölkədə kriminal halların sayı niyə artır? Cavab verirəm ki, əgər cəmiyyətdə maddiyyat mənəviyyatı üstələyirsə, bu, belə də olmalıdır. Qloballaşma çox ciddi hadisədir. Bununla bağlı sos siqnalının çalınmasının vaxtıdır. Anadan olan hər bir uşaq Azərbaycanın şansıdır. O, uşağı biz dahi mütəfəkkirə də çevirə bilərik, kriminal ünsürə də. Sosial idarəetmə elminin banisi, «Əxlaqi Nasir» əsərinin müəllifi Nəsrəddin Tusidir. Necə olur ki, biz indi mənəviyyatımızı bərpa edə bilmirik?..
-Necə etmək olar ki, Azərbaycan vətəndaşının pulu olsun?
Ə. Qəşəmoğlu: İlk növbədə girovsuz kredit verib vətəndaşı fəal insana çevirmək lazımdır. Pulu məqsədyönlü şəkildə vermək gərəkdir. Faizsiz kredit konkret olaraq vətəndaşın sosial rifahının, biznesinin inkişafına xidmət etməlidir.
A.Mehtiyev: Əhməd müəllim Azərbaycanda sistem nəzəriyyəsinin tədqiqatçısıdır. İstənilən sahənin inkişafı oradakı sistemdən asılıdır. Azərbaycanda isə sistem yoxdur. Sistemsizlik məğlubiyyətə aparan ən qısa yoldur. Ölkədə hər kəs özü üçün çalışır və vahid sistemə xidmət edən yoxdur. Bu iqtisadiyyatda çox önəmlidir. Gəlin Azərbaycanda insanların varlana bilməməsinin səbəblərinə nəzər yetirək. Hər kəsin varlanması üçün təbii ki, müəyyən qabiliyyətə sahib olması vacibdir. İnsan sağlam, bilikli olmalıdır. Və qanun çərçivəsində fəaliyyəti tənzimlənməlidir. Dövlət insanların təşəbbüslərinin gerçəkləşməsinə dəstək verməlidir. Ölkədə insanların təşəbbüsləri boğulur. Vətəndaş zəruri imkanlarla, pulla təmin olunmalıdır ki, inkişaf etsin. Amma bizim yaşadığımız sistem insanların varlanmasına, inkişafına imkan vermir. Bəli, bu gün Azərbaycan iqtisadi artım tempinə görə, dünyanın aparıcı ölkələrindən biridir. Əgər iqtisadi artım vətəndaşın sosial rifahının yaxşılaşmasında özünü göstərmirsə, bu, inkişaf deyil, sadəcə artımdır. Azərbaycan dövlət büdcəsinin 80 faizindən çoxu neft hesabına formalaşır. Biz nefti zəhmətsiz əldə etmişik. Sosiologiyada belə bir qayda var. İnsanlar vəsaiti necə əldə edirlərsə, ona uyğun da xərcləyirlər. Azərbaycan dövləti çox asanlıqla pul qazandığı üçün asanlıqla da, sağa-sola xərcləyir. Yerin altından qazandığımız pullar yerin altına da gömülür. İnfrastruktur layihələrinə pul xərcləmək lazımdır. Əgər biz yol çəkiriksə, bu, yaxşıdır. Yox əgər yolu çəkib hər il onu təmir ediriksə, bu, artıq geriləmədir. Ora xərclənən pulların cəmiyyətə, iqtisadiyyatın inkişafına heç bir xeyri olmur. Təsəvvür edin ki, ölkənin məşğul əhalisinin 40 faizi kənd yerlərində çalışır. Aqrar sektorun ümumi daxili məhsulda payı 5 faiz deyil. Bu sahənin statistikası belə, aparılmır. Heç kəs bilmir ki, ölkədə nə qədər taxıl, ət istehsal olunur. Ölkədə kəsməyə heyvan tapılmır. Heyvan saxlamaq insanlara sərf etmir. Gətirilən cins heyvanlar isə yerli şəraitdə yaşaya bilmir. İdxal olunan məhsullar qeydiyyata alınmadığından onun statistikası bilinmir. Azərbaycan torpaqlarının 20 faizi ermənilər tərəfindən zəbt olunubsa, 20 faizi şoranlaşıb. Bu torpaqlardan məhsul götürülmür. Turizm sektoruna nə qədər diqqət ayrılsa da, bahalı otellər tikilsə də, Azərbaycan hətta Qafqazda turizm mərkəzinə çevrilə bilməyib. Hətta Azərbaycanlıların özləri dincəlməyə qonşu Gürcüstana gedirlər. Səhiyyə sisteminə baxaq. Qeyd olunur ki, hər il səhiyyə sektoruna büdcədən ayrılan vəsaitlərin həcmi artır. Digər tərəfdən isə dərmanların, xidmətlərin qiymətləri artır. Xəstəxana binasının tikilməsi hələ səhiyyənin inkişafı demək deyil. Bəli həqiqətən də əhalinin gəlirlərində artım var. Amma artan gəlirlər səhiyyəyə, təhsilə xərclənir. Siz mənə elə bir tələbə göstərin ki, o, repetitor yanına getmədən ali məktəbə qəbul olub. Bu sahədə vəziyyət ildən-ilə pisləşir. Azərbaycanda qiymətlər Amerika və Almaniyadakından bahadır. Bunun ən başlıca səbəbi inhisarçılıqdır. Ən pisi odur ki, inhisarçılar vahid mərkəzdə birləşir. Dövlət qurumları arasında qarşılıqlı nəzarətin olmaması yeni problemlərə yol açır.
- Ə.Qəşəmoğlu: Biz məsələlərə strateji yanaşmalıyıq. Proseslərin bu cür olması nə xalqın, nə də dövlətin maraqlarına cavab verir. Hər bir məsələyə sistemli yanaşmalıyıq və elmi cəhətdən icra olunmalıdır. İqtisadiyyat insan orqanizmi kimi bir şeydir. Bir yer ağrayırsa, digər yerlərə də təsir göstərir. Demokratiya və digər sistemlər bizim üçün məqsəd yox, vasitə olmalıdır. Hansı sistem inkişafa gətirib çıxarırsa, o yolu seçməliyik. Mənəvi faktorlar önə keçməlidir və savadımızla, ağlımızla rəqabət aparmalıyıq, pulumuzla deyil. Biz bunu bacararıq. Kim deyirsə ki, bu millət düzələn deyil, yanılır. Bu cür yanaşma olduqca zərərlidir.
- Azər bəy, siz də elə hesab edirsiz ki, hələ imkanlar tükənməyib?
A.Mehtiyev: Mən də o fikirdəyəm ki, Azərbaycan xalqının düzəlməyəcəyini deyənlər yanılırlar. Korrupsiya və yaltaqlığı millətin mentalitetinə sırımaq cəhdləri olduqca zərərlidir. İnsanlar idarə olunduqları kimi yaşayırlar. Faşizm inkişaf etmiş Avropada yaranıb. Koreya Şimal və Cənub dövlətlərə bölünüb. Şimali Koreyadakı acınacaqlı vəziyyətdən hər birimizin xəbəri var. Sinqapurun yaradıcısı, keçmiş baş nazir bu ölkəni hansı əziyyətlə yaratdıqlarına aydınlıq gətirib. O deyib ki, Sinqapur əhalisi olduqca geridəqalmış, qəbilə düşüncəli idilər. Sinqapurlular bina evinin nə olduğunu bilmirdilər. Amma bu gün Sinqapur dünyanın diqqət mərkəzindədir. Əsas odur ki, ölkənin inkişaf vektoru aydın olsun. Platonun belə bir fikri var: “Cəmiyyət o zaman inkişaf edir ki, onu filosoflar idarə edir”. Söhbət burada prezidentin və ya baş nazirin filosof olmasından getmir. Ölkəyə rəhbərlik edən şəxslərin inkişaf strategiyası ilə bağlı fəlsəfi yanaşmaları olmalıdır.
Ə.Qəşəmoğlu: İnkişafın ahəngarlığı sistemi hazırlanmalıdır. Bu, böyük elmdir. Mən bunu hazırlamışam və bir çox xarici universitetlərdə tələbələrə məruzə edilib. Hesab edirəm ki, Azərbaycanda iqtisadi idarəçilik sahəsində elmi yanaşma tətbiq olunsa, problemləri həll etmək mümkündür.
Ruslan XƏLİL
14 Sentyabr, 2011 15:01 ⁄ Baxılıb: 2158 ⁄ Çap
Bu bölmədə
|
|
|