Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

PREZİDENTDƏN MƏMURLARA ÇAĞIRIŞ: ŞƏRƏFLİ OLUN!

İlham Əliyev Şamaxıda Vergilər Nazirliyinin Yeni Tədris Mərkəzində nələr dedi?

Dövlət işində işləyən hər bir məmur öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir. Bunu etmək üçün bütün başqa keyfiyyətlərlə bərabər, əlbəttə ki, peşəkarlıq səviyyəsi də yüksək olmalıdır. Mən ümid edirəm ki, bu binada tədris ediləcək məsələlər o dərəcədə keyfiyyətli olacaqdır ki, peşəkarlıq səviyyəsi bu binanın xarici görünüşünün səviyyəsinə uyğun gələcəkdir, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Şamaxıda Vergilər Nazirliyinin yeni Tədris Mərkəzinin açılışında çıxışı zamanı deyib.

"Bu mərkəz bütün yüksək standartlara cavab verir. Mən çox şadam ki, qısa müddət ərzində Vergilər Nazirliyi öz işçiləri və gənc işçilər üçün belə gözəl şərait yaradıbdır. Azərbaycanın gözəl guşəsində, Şamaxı rayonunda belə mənzərəli yerdə ən müasir standartlara cavab verən Tədris Mərkəzi tikilib. Bu, gözəl hadisədir və Azərbaycanın ümumi inkişafı ilə bilavasitə bağlı olan məsələdir. Çünki təhsil, bilik, elm, iqtisadiyyatımızın elmi əsaslarla inkişafı bizim üçün ən vacib olan məsələlərdir və uğurumuzun səbəblərindən biridir. Çünki biz çalışırıq ki, bütün işləri möhkəm əsaslar üzərində quraq. Bütün proqramlar, layihələr, irəli sürülmüş təşəbbüslər güclü əsas üzərində reallaşır. O cümlədən ölkə iqtisadiyyatı üçün çox vacib olan sahədə - vergilər sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, "bir pəncərə" təşəbbüsü, bütün bunlar müasir Azərbaycanın inkişafına xidmət göstərir. Siz də yaxşı bilirsiniz ki, Vergilər Nazirliyində tətbiq edilmiş "bir pəncərə" prinsipi indi başqa qurumlarda da tətbiq olunur. Bu prinsip, əslində, həm müasir səviyyəni göstərir, eyni zamanda, Azərbaycanda iqtisadi sahədə şəffaflığın təmin edilməsi üçün də çox vacib rol oynayır. Biz indi "elektron hökumət" qaydalarını tətbiq etməyə çalışırıq" İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, Vergilər Nazirliyində toplanan təcrübə çox qiymətlidir.

"Mən çox şadam ki, sizin nazirliyiniz müasir əsaslarla idarə olunur, müasir menecment tətbiq edilir, dünya praktikası öyrənilir. Biz elə etməliyik ki, dünya praktikasını, onun ən qabaqcıl nümunələrini Azərbaycanda tətbiq edək.
Bu gün açılış zamanı Avropadaxili Vergi Administrasiyaları Təşkilatının prezidenti təbrik sözlərini bildirdi. Qeyd etdi ki, Azərbaycanda Vergilər Administrasiyasının gördüyü işlər təqdirəlayiqdir. Avropa qurumları ilə də əməkdaşlığımız, o cümlədən bu sahədə münasibətlərimiz səmərəlidir, əlverişlidir və bizə lazımdır. Mən çox şadam ki, Azərbaycanın bugünkü reallıqları həm ölkə sakinləri, həm tərəfdaşlarımız, Avropa nümayəndələri üçün də bu gün görünür, bəyənilir və qiymətləndirilir. Dünən Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin sessiyası Bakıda öz işinə başlamışdır. Orada Azərbaycan haqqında, ölkəmizdə görülən işlər haqqında çox müsbət fikirlər səslənmişdir. Mən şübhə etmirəm ki, bu mərkəzdə sizin həmkarlarınız beynəlxalq tədbirlər keçirilən zaman bu binada da gördüyümüz işlər haqqında yaxşı sözlər deyiləcək, bu, artıq reallıqdır. Bu reallıqları biz özümüz yaradırıq, Azərbaycan xalqı yaradır" dövlət başçısı deyib.


Tədris Mərkəzinin inşasına 2008-ci ildə başlanmışdır. 2,5 hektar ərazidə aparılan inşaat işləri yüksək tikinti standartlarına tam cavab verir. Mərkəzin kompleksinə üçmərtəbəli tədris binası, ikimərtəbəli inzibati bina, müdavim və müəllim yataqxanaları, o cümlədən dəvət olunan ekspertlər üçün nəzərdə tutulan ikimərtəbəli dörd qonaq evi daxildir.
Mərkəzdə üç mühazirə auditoriyası yaradılmışdır. Bütün texniki vasitələrlə təchiz edilən auditoriyaların hər biri 20 nəfərlikdir. Burada üç səviyyədə hazırlıq nəzərdə tutulur. Birinci səviyyə 2 ay ərzində yeni işə qəbul olunanları, ikinci səviyyə 1-2 həftə ərzində vəzifəli şəxsləri, üçüncü səviyyə isə rəhbər işçilər üçün qısamüddətli treninq kurslarını əhatə edir. Mərkəzin strukturuna iqtisadiyyat və menecment, vergi metodologiyası, vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedraları, elmi tədqiqat bölməsi, tədris-metodika və maliyyə-təsərrüfat şöbələri daxildir. Tədris Mərkəzinin vəzifəli şəxslərinin say həddi 30 nəfər müəyyən edilmişdir.
Prezient İlham Əliyevə yaxın gələcəkdə vergi sistemində tətbiq olunacaq yeni nəzarət-kassa aparatları və post-terminallar barədə də məlumat verildi. Qeyd olundu ki, bu avadanlıqlar müasir tələblərə cavab verir və onların istifadəyə buraxılması vergi sistemində həyata keçirilən islahatların daha dolğun yerinə yetirilməsinə geniş imkanlar açacaqdır.
Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoguşə yaradılmışdır. Burada Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli fəaliyyətin, o cümlədən vergi sisteminə göstərdiyi diqqət və qayğının müxtəlif məqamlarını əks etdirən fotolar və elmi-kütləvi ədəbiyyat nümayiş etdirilir.

Konfrans zalı ilə tanışlıq zamanı dövlətimizin başçısına Avropadaxili Vergi Administrasiyaları Təşkilatının prezidenti Svein Ragnar Kristensenin videotəbriki təqdim olundu. O, Azərbaycan Prezidentini yüksək standartlara cavab verən bu cür Tədris Mərkəzinin istifadəyə verilməsi münasibətilə təbrik etdi.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, hazırda nazirliyin sistemində vergi tədris modeli
layihəsi uğurla tətbiq edilir. Bu layihədən vergi orqanları əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması prosesində mühüm vasitə kimi istifadə olunur. Həmçinin informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə əməkdaşların məsafədən tədrisinin müxtəlif formaları tətbiq edilir. Eyni zamanda, əməkdaşların bilik və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi də işdən ayrılmadan onlayn rejimində yerinə yetirilir.

Akt zalı ilə tanışlıq zamanı bildirildi ki, 96 nəfərlik zalda mühüm tədbirlərin, təqdimat mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Bununla yanaşı, mərkəzdə yüksək zövqlə tərtib edilən foye və guşələr burada hərtərəfli istirahət üçün geniş imkanlar açır.
Prezident İlham Əliyev müdavimlər üçün nəzərdə tutulan yataqxanadakı şəraitlə də tanış oldu. Bildirildi ki, burada üç nəfərlik 21, iki nəfərlik 3, bir nəfərlik 3 otaq vardır. Otaqların hər biri yüksək səviyyədə təchiz olunmuş, müdavimlərin yaşaması üçün hər cür şərait yaradılmışdır.
Mərkəzin idman-sağlamlıq kompleksində yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, burada 80 kvadratmetrlik üzgüçülük hovuzu yaradılmış, trenajorlar quraşdırılmışdır. Kompleksdə eyni vaxtda 20 nəfərə xidmət göstərən kafe də vardır.

Tədris Mərkəzinin həyətyanı sahəsini gəzən dövlətimizin başçısı dəvət olunan xarici qonaqlar və ekspertlər üçün nəzərdə tutulan evlərdə yaradılan şəraitlə maraqlandı. Bildirildi ki, ikimərtəbəli evlərdə hər cür şərait yaradılmışdır. Qeyd edildi ki, burada müəllimlərin yaşaması üçün ayrıca korpus tikilmişdir. Bu korpusda birotaqlı 12, ikiotaqlı 24 mənzillər vardır. Tədris Mərkəzinin kitabxanası və internet mərkəzi buraya gələnlərin istifadəsinə verilmişdir.






14 Sentyabr, 2011  14:28 Baxılıb: 1362 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16